Məhkəmə qərarları › İş №2(107)-949/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-949/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-949/2023 23.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-kredit müqaviləsi üzrə borc tələbi, əsas və faiz borcu, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun (əmanətlərin sığortalanmsı fondu) Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Kənan Kazımov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun “Mingəçevir” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı və xx.xx.2022-ci il tarixli, 001- 22/İ saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 2599.22 manat və xx.xx.2022-ci il tarixli 001-22/İ saylı kredit müqaviləsinə əsasən illik 9% dərəcəsi ilə, 36 ay müddətinə 17000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 09xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ayrılmış 2599.22 manat kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Cavabdeh isə həmin kreditləri və kreditlərə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqavilələrinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. MİN/085 saylı maliyyə arayışına əsasən 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə borcu 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat təşkil edir. MİN/086 saylı maliyyə arayışına əsasən 001-22/İ saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat təşkil edir. Beləliklə, 09-xx-xx-089166 və 001-22/İ saylı kredit müqavilələri üzrə cavabdehin İddiaçı ASC ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fonduna borcu ümumilikdə 19100 manat təşkil edir. İddianın təmin olunması, Cavabdeh iddiaçının xeyrinə 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat, ümumilikdə 19100 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 148 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: M.Kərimova) 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 (bir min bir yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 7.89 (yeddi manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1202.77 (bir min iki yüz iki manat yetmiş yeddi qəpik) manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 (on yeddi min) manat əsas borc, 897.23 (səkkiz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 17897.23 (on yeddi min səkkiz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat, ümumilikdə 19100 (on doqquz min bir yüz) manat borc və dövlət rüsumu kimi ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat pul alınıb İddiaçı ASC ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fonduna verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; «MUĞANBANK” ASC ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondu “Mingəçevir” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 09-xx-xx- 089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 2599.22 manat və xx.xx.2022-ci il tarixli 001-22/İ saylı kredit müqaviləsinə əsasən illik 9% dərəcəsi ilə, 36 ay müddətinə 17000 manat kredit verilmişdir. xx.xx.2019cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ayrılmış 2599.22 manat kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Cavabdeh isə həmin kreditləri və kreditlərə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, kredit müqavilələri qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmun və şərtlər ilə razılaşaraq müqavilələri imzalamışlar. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalı, Cavabdeh 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat, ümumilikdə 19100 manat borc tutularaq iddiaçı «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondu xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 148 manat pul alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 739.1, 739.2, 385 və 442-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, şəxsi istehlak məqsədilə o, bankdan kredit götürmüşdür. Götürdüyü puldan xeyli miqdarını ödəsə də yenə onun bu qədər borclu olduğunu bildirmişlər. Borcun haradan yaranmasının açıqlamasını soruşduqda isə hər dəfə bir cür izah etməyə çalışsalar da, tam açıqlaması ilə bunu ona izah edə bilməmişlər. Bu günə kimi ödədiyi pulları əsas borcu yerində saxlamaqla faizdən çıxmışlar. Təkcə onu demək kifayət edir ki, birdəfəyə banka 17000 manat pul ödəmişdir. Məhkəmə öz növbəsində heç bir araşdırma aparmadan sözügedən qətnaməni çıxarmışdır. Bir daha qeyd etmək istəyir ki, o, götürdüyü məbləğdən xeyli miqdarını ödəmiş və onların hesabladığı məbləğlə razı deyil. Bundan başqa, doğrudan da kreditin ödənişində bir ara gecikmələrə yol versilsə də, sonradan müqavilənin şərtlərini dəyişdirərək krediti ödəməyə hazır olduğu banka bildirmiş və öz növbəsində bank da buna razılığını bildirmişdi. Lakin buna baxmayaraq, sonradan bank məhkəməyə müraciət etmişdir. Halbuki, kredit müqaviləsində də nəzərdə tutulmuşdur ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada həll oluna bilər. Buradan isə belə nəticəyə gəlmək olur ki, bankın əsas fikri onu aldadaraq faizləri artırdıqdan sonra məhkəməyə müraciət edib daha çox gəlir əldə etmək olmuşdur. Lakin məhkəmə nəinki bu faktla bağlı heç bir araşdırma aparmamış, hətta tamamilə qanunsuz və əsassız olaraq bank tərəfindən hesablanmış əlavə faizlərin də onun tərəfindən ödənilməli olduğu barədə qətnamə çıxarmışdır ki, bununla da hüquqları kobud surətdə pozulmuşdur. Bu səbəbdən də sözügedən qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Məhkəmə bank tərəfindən heç bir əlavə araşdırma aparmadan verilmiş maliyyə arayışına istinad edərək sözügedən qətnaməni çıxarmış, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmə qətnaməni çıxarmazdan öncə yaranmış borcun hesablanması üçün iş üzrə məhkəmə-mühasibatlıq eksprtizası təyin etməli və yalnız ekspert rəyini aldıqdan sonra qətnamə çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekpertiza təyin edə bilər. Məhkəmə onun məhkəmə prosesində iştirakını təmin etməməklə eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-ci maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququmu da süni şəkildə məhdudlaşdırmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaşırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni tutulan pulun məbləğinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsi xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 11194.88 manat əsas, 7.89 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 897.23 manat faiz borcu hissəsi, xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1.190.39 manat əsas, 5,46 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 616,25 manat faiz borcu şəklində dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fondunun “Mingəçevir” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı və xx.xx.2022-ci il tarixli, 001- 22/İ saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 2599.22 manat və xx.xx.2022-ci il tarixli 001-22/İ saylı kredit müqaviləsinə əsasən illik 9% dərəcəsi ilə, 36 ay müddətinə 17000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 09xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ayrılmış 2599.22 manat kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Cavabdeh isə həmin kreditləri və kreditlərə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bank tərəfindən heç bir əlavə araşdırma aparmadan verilmiş maliyyə arayışına istinad edərək sözügedən qətnaməni çıxarmış, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmə qətnaməni çıxarmazdan öncə yaranmış borcun hesablanması üçün iş üzrə məhkəmə-mühasibatlıq eksprtizası təyin etməli və yalnız ekspert rəyini aldıqdan sonra qətnamə çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekpertiza təyin edə bilər. Kollegiya şikayətin həmin dəlili ilə qismən razılaşır. Məhkəmə Kollegiyası tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/6716/23 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, xx.xx.2019-cu il tarixli, 09-xxxx-089166 saylı kredit müqaviləsi üzrə 1.190.39 manat əsas, 5,46 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 616,25 manat faiz müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas və faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi onun məhkəmə prosesində iştirakını təmin etməməklə eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-ci maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququmu da süni şəkildə məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli məhkəmə bildirişi ilə məhkəmə iclası 8 may 2023-cü il tarixində, saat 15:00 təyin edilmiş və məhkəmə bildirişi Cavabdeh göndərilmiş və cavabdeh tərəfindən 4 may 2023-cü il tarixdə xəbərnaməyə “Əsgərov” soyadı ilə izma edilərək qəbul etmişdir. Ona görə də kollegiyas hesab edir ki, şikayətin dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsi xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 11194.88 manat əsas, 7.89 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 897.23 manat faiz borcu hissəsi, xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1.190.39 manat əsas, 5,46 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 616,25 manat faiz borcu şəklində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehdən tutulacaq əsas və faiz kredit borcuna münasibətdə qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1.190.39 manat əsas, 5,46 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsi üzrə isə 17.000,00 manat əsas, 616,25 manat faiz borcu Cavabdeh tutularaq iddiaçı «MUĞANBANK” ASC-nin ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Mingəçevir Şəhər Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(051)-865/2023 saylı qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əli) manatı Cavabdehdan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar