Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-95/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cаvаbdеh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 173/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cаvаbdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən ona dəymiş 1475 (bir min dörd yüz yetmiş beş) manat məbləğində maddi zərərin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-173/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 1475 (bir min dörd yüz yetmiş beş) manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx xxxxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olduğu zaman Cavabdeh öz təsərrüfatına məxsus iki baş iribuynuzlu inək malını asfalt örtüklü yola nəzarətsiz buraxması nəticəsində yol nəqliyyat hadisəsi törətməsinə səbəb olmuş, nəticədə idarə etdiyi minik avtomobilinə 1475 manat dəyərində maddi zərər vurmuşdur. Hadisə ilə əlaqədar Ağdaş rayon Polis şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7- ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Hadisə zamanı müraciəti əsasında Ağdaş rayonunda fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən minik avtomobilinə baxış keçirilmiş və avtomobilə ümumilikdə 1475 manat maddi zərər vurulduğu aşkar edilmiş, bu barədə akt tərtib edilərək imzalanmışdır. Ağdaş rayon Məhkəməsinin 3(014)333/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli X2 iş üzrə qərarı ilə Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətləri olmadığından barəsində aparılan X2 iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardan verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılmış və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-254/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilmiş, iş üzrə Ağdaş rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaının törədilməsində təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.Həmin qərardan sonra cavabdeh yol-nəqliyyat hadisəsi zamanı ona vurduğu 1475 manat maddi zərəri könüllü ödəməkdən boyun qaçırırlar. Cavabdehin ona vurduğu 1475 manat maddi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hadisə nəticəsində iki baş iribuynuzlu inəklərimdən biri ölümçül hala düşmüş, çapılmış halda tapılmış, 6 aydan artıq müddətdə baytar müalicələrindən sonra onu qismən sağaltmaq mümkün olmuşdur. Hadisədən 3 ay əvvəl Ağdaş rayonunda yerləşən mal bazarından 1450 manata aldığı iribuynuzlu inəklərindən digəri iddiaçının adamları tərəfindən vurulduğu və öldürüldüyü vaxt yanı balalı olmaqla sağılan olmuş, bazar qiyməti 1900-2000 manat məbləğində olmuşdur. Hadisə nəticəsində ona dəymiş real faktiki ziyanın həcmi ən azı 2500 manatdan artıq təşkil etmişdir. Hadisə baş verdikdən sonra yerində ona maşına dəymiş ziyanın 550-600 manat civarında olduğu bildirilmiş, o, isə bunun qarşılığında bütün yuxarıda qeyd olunanlara rəğmən birlikdə maşın ustalarına müraciət etməyini, dəymiş ziyanın aradan qaldırılması üçün nə qədər vəsait lazım olduğunu etibarlı qaydada müəyyənləşdirməyi istəmişdir. Bütün bunlara baxmayaraq hazırkı iddiaçı maşına dəymiş ziyanın birbaşa müəyyən edilməsi prosesinə nə onun özünü, ailə üzvlərindən bu işdə şəxsən iştirak etməyə hazır olan ərini və yaxud özü də sürücü olan oğlunu da cəlb etməkdə “maraqlı olmamışdır”. Sonradan da qeyd olunanlarla əlaqədar ziyana dair rəy vermiş “xxxx” ASC-nin Ağdaş filialının nümayəndəsi avtomobilə dəymiş ümumi ziyanın 1475 (bir min dörd yüz yetmiş beş) manat təşkil etməsinə dair aktı ilə əlaqədar məhkəmədə dindirilməmiş, rəy ona təqdim olunmamış qalmış, məsələ tam araşdırılmamışdır. İddiaçının maşını onunla və yaxud kişi ailə üzvlərimlə birlikdə ustaya aparmağa dair təklifinə iddiaçının “belə münasibəti” də təmir və ziyan xərclərinin hədsiz şişirdildiyinin təsdiqidir. Ona görə ki, iddiaçı məsələnin ədalətli və qanuni həlli üçün bunda mütləq maraqlı olmalı idi. Məhkəmə işin hallarını qanuni əsaslandırmamış, iş üzrə mövcud hallara düzgün hüquqi qiymət verməmiş, əsassız nəticəyə gəlmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin səhlənkarlığı nəticəsində onun avtomobilinə xeyli məbləğdə maddi ziyan dəymişdir. Lakin cavabdeh vurulmuş maddi ziyanı ödəməkdən boyun qaçırır. O, bu barədə iddiaçı ilə qarşılıqlı razılıq əldə etmək istəsə də, qarşı tərəf onunla razılıq əldə etmək istəmir. Ona görə də məhkəmə kollegiyasından köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cаvаbdеh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə İcra nümayəndəliyinə göndərilmiş və həmin orqan tərəfindən “cavabdehə çatdırılmışdır” məzmunlu məlumat daxil olmuşdur. . Hüquqi məsələlər: Apellyasiya şikayəti məzmunundan göründüyü kimi cavabdeh iddiaçının avtomaşınına, onun hissələrinə dəymiş ziyanın və maşının təmiri üçün zəruri olan vəsaitin həcminin etibarlı qaydada müəyyən edilməsi və rəy verilməsi üçün iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-173/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsinə və iddianın yeni rəyə uyğun təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 173/2020 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ağdaş RPŞ-si tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağdaş rayonu, Zeynəddin kəndində anadan olmaqla Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatdadır. Ağdaş RİHB-nin Aşağı Zeynəddin kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 573 saylı arayışdan məlum olur ki, İddiaçı Aşağı Zeynəddin kəndinə yaşayır. Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(014)-333/2019 saylı X2 İş üzrə qərarından məlum olur ki, Cavabdeh əməlində AR İXMnin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətləri olmadığından barəsində aparılan X2 iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(107)-254/2019 saylı qərarın surətindən məlum olur ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-338.7-ci maddəsi ilə təqsirləndirilməsi barədə X2 iş üzrə icraata xitam verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(014)333/2019 saylı qərarının ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. “xxxx” ASC-nin Ağdaş filialı tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 60 saylı aktdan məlum olur ki, Avtomobilin təmir xərci doqquz yüz yetmiş manat təşkil edir. Ümumilikdə avtomobilə dəyən ziyanlıq 1475- bir min dörd yüz yetmiş beş manat təşkil edir. Avtomobilin ehtiyat hissələrinin qiymətləri pərakəndə satış qiymətləri ilə götürülmüşdür. Apellyasiya icraatı zamanı əldə edilmiş Аzərbаycаn Respublikаsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3941 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışı “Vaz 2106” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1275.5 manat müəyyən edilir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı VAZ 2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olduğu zaman Cavabdeh öz təsərrüfatına məxsus iki baş iribuynuzlu inək malını asfalt örtüklü yola nəzarətsiz buraxması nəticəsində yol nəqliyyat hadisəsi törətməsinə səbəb olmuş, nəticədə iddiaçının idarə etdiyi minik avtomobilinə maddi zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh baş vermiş mülki hüquq pozuntusunu deyil, baş vermiş hadisə nəticəsində dəymiş maddi ziyanın məbləğini mübahisələndirmişdir. Bu məqsədlə apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə uyğun olaraq məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və yuxarıda qeyd olunan rəy alınmış və dəymiş ziyanın məbləğinin 1275 manat olduğu müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyinə uyğun olaraq dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-173/2020 nömrəli qətnaməsi “maddi ziyanın məbləğinə münasibətdə” dəyişdirilərək, dəymiş maddi ziyanın 1275 (min iki yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-95/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-95/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver