Məhkəmə qərarları › İş №2(107)-950/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-950/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-950/2021 02.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı "xxxx" Bank ASCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(024)- 30/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" Bank ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 7 823,02 (yeddi min səkkiz yüz iyirmi üç ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində əsas borc, 8 485,60 (səkkiz min dörd yüz səksən beş ABŞ dolları 60 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 14.08.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 24.09.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 1 019,67 (bir min on doqquz ABŞ dolları 67 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, həmçinin 24.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5527,44 (beş min beş yüz iyirmi yeddi ABŞ dolları 44 sent) ABŞ dolları məbləğində penya, cəmi 22 855,73 (iyirmi iki min səkkiz yüz əlli beş ABŞ dolları 73 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 24.09.2020-ci il tarixindən başlayaraq əsas borcun tam şəkildə ödənilməsi tarixinə qədər həmin məbləğə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizləri və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC"xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rаyоn Məhkəməsinin (hakim M.Qarayev) 15 fevral 2021-ci il tarixli, 2(024)- 30/2021 nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi, 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 7 823,02 (yeddi min səkkiz yüz iyirmi üç ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində əsas borc, 8 485,60 (səkkiz min dörd yüz səksən beş ABŞ dolları 60 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 100 (bir yüz) ABŞ dolları məbləğində penya, cəmi 16408,62 (on altı min dörd yüz səkkiz ABŞ dolları 62 sent) ABŞ dolları və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması; 14.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 1019,67 (bir min on doqquz ABŞ dolları 67 sent) ABŞ dolları məbləğində (zərərin) əldən çıxmış faydanın əvəzinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan ASC "xxxx" Bankı Qax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(024)-30/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 22 500 (iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı Bankla cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 76,2 kv.m ümumi, 42.3 kv.m yaşayış və 33,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 14.08.2014-cü il tarixli **********19914/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30.10.2017-ci il tarixli 2(024)- 832/2017 №-li qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X2” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Cavabdehin İddiaçı qarşısında 7 823,02 (yeddi min səkkiz yüz iyirmi üç ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 14.08.2018-ci il tarixədək hesablanmış 8 485,60 (səkkiz min dörd yüz səksən beş ABŞ dolları 60 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 28.02.2019-cu il tarixə bu məbləğ 5 527,44 (beş min beş yüz iyirmi yeddi ABŞ dolları 44 sent) ABŞ dolları təşkil edir. İpoteka predmeti hesabına İddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC "xxxx" Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün qismən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Xammədov Yusif İsaxan oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehə qarşı yaranmış borc məbləğinə dair məhkəmə qətnaməsinin olmasına baxmayaraq, ipoteka predmetinin dəyərindən ödənilmiş məbləğ borcu tam ödəməmiş, beləliklə də cavabdehin yenə də borcu qalmaqda davam etmişdir. Cavabdeh dəfələrlə banka dəvət edilsə də, gəlməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayətini müdafiə edir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbini təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(024)-30/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İddiaçı ASC “Xalq" Bankı ilə Cavabdeh arasında bağlanmış 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (iyirmi beş faiz) ödənilməsi şərtilə, 22500 (iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 02.09.2020-ci il tarixli 174 saylı xəbərdarlıqdan görünür ki, ASC "xxxx" Bankı tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borclarını ödəmələri tələb olunmuş, borclarını ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehnun həmin tarixə ASC "xxxx" Bankına 7 823,02 (yeddi min səkkiz yüz iyirmi üç ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində əsas borc, 8 485,60 (səkkiz min dörd yüz səksən beş ABŞ dolları 60 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 14.08.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 24.09.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 1 019,67 (bir min on doqquz ABŞ dolları 67 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, həmçinin 24.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5527,44 (beş min beş yüz iyirmi yeddi ABŞ dolları 44 sent) ABŞ dolları məbləğində penya, cəmi 22 855,73 (iyirmi iki min səkkiz yüz əlli beş ABŞ dolları 73 sent) ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi 10.09.2020ci il tarixli arayışından görünür ki, Cavabdeh Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatdadır. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli, 9/3396 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 14 avqust 2014-cü il tarixli **********19914 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 24.09.2020-ci il tarixə (sualda soruşulan tarixə) olan ümumi borcu 17.462,36 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 24.09.2020-ci il tarixə olan borcu üzrə: əsas borc üzrə - 8063,54 ABŞ dolları, faiz borcu üzrə - 9398,82 ABŞ dolları. Ekspertiza təyini haqqında məhkəmnin 04.05.2021-ci il tarixli qərardadında ekspert qarşısında qoyulmuş birinci və ikinci sual üzrə bildirilir ki, həmin suallar xüsusi bilik tələb etmədiyindən, həmçinin ekspert tərəfindən anlaşılmadığından həmin suallara cavab verilmədi. Belə ki, birinci sualda göstərilmiş 8585,60 ABŞ dolları məbləğində pul vəsaitinin haradan əldə edildiyini iş materiallarında müəyyən etmək mümkün olmadı, həmçinin həmin vəsaitin niyə 15.02.2021-ci il tarixli məhkəmə qətnaməsi əsasında müəyyənedilmiş 16408,62 ABŞ dollarından çıxılması aydın deyildir. Qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən əsas borca hesablanan faiz dərəcəsinin 19% göstərilməsinə baxmayaraq, ekspert qarşısında qoyulmuş üçüncü sualda 14.08.2014-cü il tarixdən 14.08.2018-ci il tarixədək əsas borc məbləği illik 5% dərəcəsi ilə nə qədərdir” sualı qoyulmuşdur. Bildirilir ki, həmin suala əsasən hazırki hesablama kredit müqaviləsində göstərilən faiz dərəcəsinə uyğun aparıldı. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 14 avqust 2014-cü il tarixli **********19914 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 22 500 (iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh (İpoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 76,2 kv.m ümumi, 42.3 kv.m yaşayış və 33,9 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 14.08.2014-cü il tarixli **********19914/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30.10.2017-ci il tarixli 2(024)- 832/2017 №-li qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X2” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Qax Rayon İcra və Probasiya Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 139 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında 10.10.2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq ipoteka predmeti olan fərdi yaşayış evinin son satış qiyməti 16 256,25 (on altı min iki yüz əlli altı manat 25 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında borcu qalmışdır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borcu ilə bağlı araşdırma apararq, iddianı bu hissədə qismən təmin etsə də, iddianın illik 5% dərəcəsi ilə hesablanmış məbləği təmin etməmiş, iddianın digər hissəslərinə isə ümumiyyətlə qiymət verməmişdir. Qətnamənin nəticə hissəsindən bu hissənin təmin və ya rədd olunmasını qətnamədən müəyyən etmək mümkün deyil. Bundan əlavə borc ABŞ dolları ilə tutulsa da, qətnamədə manata məzənnəsi üzrə ödənilməsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası iddianın 14.08.2018-ci tarixdən 24.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 1019,67 ABŞ dolları məbləğində (zərərin) əldən çıxmış faydanın əvəzinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Kontitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər Məhkəmə kollegiyası qeyd edir ki, iddianın illik 5 % dərəcəsi ilə hesablanmış qanunvericiliyin tələbindən irəli gəldiyindən, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Kollegiya sonda bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Kollegiya 24.09.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5527,44 ABŞ dolları məbləğində penyanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın bu hissəsi əsassız olmaqla təmin edilməməlidir. Birincisi ona görə ki, iddiaçı tərəf bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir, ikincisi, kollegiyanın qənaətinə görə bu hissənin də təmin olunması cavabdehin hazırki maddi durumunun daha da ağırlaşmasına səbəb olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbi üzrə müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilək, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Bank ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Qax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(024)-30/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh 14.08.2014-cü il tarixli **********19914 №-li Kredit müqaviləsi üzrə 7 823,02 (yeddi min səkkiz yüz iyirmi üç ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində əsas, 8 485,60 (səkkiz min dörd yüz səksən beş ABŞ dolları 60 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə; 14.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 1019,67 (bir min on doqquz ABŞ dolları 67 sent) ABŞ dolları, cəmi 17.428,29 (on yeddi min dörd yüz iyirmi səkkiz dollar 29 sent) ABŞ dolları ödəniş gününə Azərbaycan manatı üzrə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin.. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar