Məhkəmə qərarları › İş №2(107)-953/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-953/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-953/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(014)-586/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 158-543859 saylı məktubdan görünür ki, İddiaçı Polis şöbəsinə müraciət ilə bağlı araşdırma aparılmış və ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, Qiymətləndirmə aktının verilməsi üçün 48.96 manat məbləğində rüsum ödənilmişdir.

2. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, diaqnostik yoxlama zamanı avtomobilin mühərrikinin yeni təmir olunmasına baxmayaraq təmirə ehtiyacı olduğu aşkar edilmiş, 1550 manat məbləğində turbo, 450 manat məbləğində zaslonka, 1500 manat məbləğində katalizator, 50 manat məbləğində yağ, 15 manat məbləğində antifris dəyişməlidir, təmir xərcinin ümumilikdə 3715 manat təşkil etdiyi müəyyən edilmişdir

3. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş:

4. X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı yaxın dostudur. Natiqi usta kimi tanıyır. Əvvəllər Natiqin yanında bir neçə dəfə olub, ancaq heç bir problem olmayıb. Natiq maşını düzəltdikdən sonra Azərlə birlikdə sürüb getmişlər, həmin vaxt maşında heç bir problem olmamışdır. Maşın 3 dəfə Natiqin yanına aparılıb, lakin maşına heçnə edə bilməyib. Maşın götürülən zaman və İsa ustaya aparılan zaman maşının yanında olmayıb.

5. X5 ifadəsində bildirmişdir ki, İddiaçıla yaxın dostdur. O, gəlib görüb ki, maşını söküblər və təmir edirlər. O, maşının sirkələndiyini görüb ustaya maşının belə işləməli olmadığını bildirmişdir. Ustaya pul verilən zaman onların yanında idi.

6. X1 ifadəsində bildirmişdir ki, motorist işləyir. Sözü gedən maşını əvvəl Natiq adlı usta yığıb. Sonradan maşını onun yanına gətirmişlər, o, maşını diaqnostika etdikdən sonra, maşının motorunda problemlər olduğunu bildirmiş, ona əl haqqı verilmiş və o, maşının motorunu yığmışdır. Maşın qızdırmış, qolovka sınmışdır. O, maşını təmir etdikdən sonra maşın yaxşı vəziyyətdə işləyirdi və katalizator yerində idi. Maşında yaranmış probemlər motorun qızması ilə bağlı olub.

7. X2 ifadəsində bildirmişdir ki, Natiq ona zəng edərək maşın təmir etdiyini, gəlib maşına baxmasını xahiş etmişdir. O, gedib maşına baxdıqda Natiqə maşının motorunda problem olduğunu bildirmiş, Natiq isə başqa ustaya müraciət etməyi məsləhət görmüşdür.

8. Apellyasiya icraatı zamanı şahid qismində yenidən dindirilmiş X1 yenə də eyni məzmunlu ifadə verərək bildirmişdir ki, motorist işləyir. Sözügedən maşını əvvəl Natiq adlı usta yığmışdır. Lakin həmin avtomobilin motor hissəsində yenidən nasazlıq yarandığından, Natiq maşının motorunu yığmağı ona həvalə etmişdir. O, maşının motor hissəsini təmir edərkən 4 ədəd porşen və bir ədəd qalovka hissəsini dəyişmişdir. Avtomaşının digər hissələrinin nasaz olması motorla əlaqəli deyil, elektrik işidir. Motoru təmir edəndən sonra əl haqqını Natiq ödəmişdir. Şahid sorğu-sual nəticəsində 4 ədəd porşenin qiymətinin təxminən 250-300 mant civarında, işlənmiş “qalovkanın” isə dəyərinin 500-600 manat civarında olduğunu bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayından dekabr ayına qədər Cavabdeh adlı mühərrik ustasının qanunazidd, qeyri-insani hərəkətləri nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi demək olar ki, yararsız vəziyyətə düşmüş, həmin avtomobilin təmiri üçün kifayət qədər maddi vəsait xərcləmiş, lazımsız yerə vaxt itirmiş və nəticədə ona maddi ziyan vurulmuşdur. 2021-ci ilin aprel ayında buraxılış ili 2011-ci il olan dövlət qeydiyyat nişanı **-VD-*** olan Chevrolet Cruse markalı avtomobil almışdır. Həmin ilin sentyabr ayının 29-da işdən evə qayıdan zaman maşın nasaz işləmiş və xarab olmuşdur. Elə həmin vaxt maşını evakuator xidmətinin köməyi ilə Mingəçevir şəhərinə gətirmiş, Rəşad adlı tanışı və atası Süleymanov Abbasla birgə məsləhətləşmiş və tanışı Rəşad maşını Natiq adlı ustaya aparmağı məsləhət görmüşdür. O, Natiq ustanı əvvəllər tanımamış, onunla heç bir tanışlığı olmamışdır. Maşını Natiq ustanın yanına gətirmiş, maşını şəxsən özü sürüb yoxlamış və maşının mühərrikinin sökülməli və yenidən yığılmalı, görüləsi işlər üçün əl haqqı isə 300 manat edəcəyini bildirmişdir. Onlar razılaşmış, elə həmin vaxt o, Natiq ustadan bununla problemin həll olunacağını soruşmuş, o, da tam arxayın ol, düzəldəcəm demişdir.

11. Bundan sonra, usta lazımi ehtiyat hissələrini yazaraq həmin ehtiyat hissələrinin alınıb ona verilməsini bildirmişdir. O, da öz növbəsində həmin ehtiyat hissələrini almağı Rəşada həvalə etmiş, çünki Rəşad Mingəçevir-Bakı arasında maşın sürür. Beləcə, işə başlamış və mühərrikin blok və qalovka adlı hissəsini yonmuşdur. xx.xx.2021-ci ildə Natiq usta ona motor tam yığılmalıdır, heç bir problem olmayacağını, tam arxayın olmağını bildirmişdir. O, maşını götürmüş və danışdıqları 300 manat əl haqqı və əlavə olaraq 10 manat elektrik pulu vermişdir. Maşını sürərək işə getmiş, yolda maşında problemlər yaranmış, antifriz axmışdır. Dərhal Natiqə məlumat vermişdir.

12. Sonra atası evakuatorla gəlmiş və yenidən maşını Natiqin yanına aparmışlar. Maşın 10 gün Natiqin yanında qalmış, həmin vaxtlarda Natiq ona əlavə ehtiyat hissələri aldırmışdır. Natiq ona motorun blokunun çatladığını, öz günahı olduğunu, onu üzürlü saymasını, narahat olmamasını, özü maşını düzəldəcəyini bildirmişdir. Natiq yenidən qalovkanı yonmuş və ondan 25 manat almışdır. Bütün bunlara rəğmən maşın tam düzəlməmiş, səs-küylü işləmiş, tamamilə nasaz vəziyyətdə olmuşdur. Artıq bundan sonra, maşını Pərvin adlı başqa bir ustaya özü aparmış və elektrik sistemində müəyyən problemin olduğunu bildirmiş, Pərvin isə turbo və zaslonkasında da problemlərin olduğunu bildirmişdir.

13. xx.xx.2021-ci il tarixdə Natiq ona zəng edərək “mən artıq heçnə edə bilmərəm” demiş və İsa adlı ustanın yanına aparmış, hətta “İsanın da əl haqqısını özüm ödəyəcəm” demişdir. O, da “İsa motoru sökdüyü zaman əlavə ehtiyat hissəsi ala biləcəksənmi” soruşmuş, Natiq isə onunla razılaşmamışdır. Sonradan fikrini dəyişərək İsanın 250 manat əl haqqı və digər xərcləri borc şəklində qaytaracağını bildirmişdir. O, İsa adlı ustaya da əlavə ehtiyat hissələri alıb vermişdir.

14. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 11 may 2022-ci il tarixli, 2(014)- 586/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iş üzrə cavabdeh mühərrik ustası kimi üzərinə düşən vəzifəni yerinə yetirmiş, yəni iddiaçının avtomobilinin mühərrikini təmir etmiş, həm cavabdehin, həm də iş üzrə iddiaçının dəvət etdiyi şahid ifadəsi ilə müəyyən olunduğu kimi avtomobil təhvil alınan zaman hər hansı bir problem olmamış, avtomobil təhvil alınan gün iddiaçı avtomobilini özü sürərək aparmış, avtomobildə problem səhəri gün şlanqın cırılması nəticəsində yaranmış, buna görə də avtomobilin mühərriki qızmış, yeni problemlər yaranmış, iş üzrə cavabdeh mühərriki yenidən yığan zaman xətaya yol versə də, həmin xətanın nəticəsini özü aradan qaldırmış, avtomobil başqa bir usta tərəfindən yığılaraq iddiaçıya təhvil verilmişdir. İddiaçı avtomobilinin katalizatorunun yerindən çıxarıldığını iddia etsə də bu barədə sübut təqdim etməmiş, eyni zamanda avtomobilinin katalizatorunun yerindən çıxarıldığını iddia etsə də katalizatorun dəyişdirilməli olması və bunun üçün 1.500 manat xərc tələb olunduğu barədə akt təqdim etmişdir, bu isə onun haqlı olmadığı barədə nəticəyə gəlməyə məhkəməyə əsas verir. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.

16. Məhkəmə öz mövqeyini «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 77.1, 14.2, 217.3, 217.4 və 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır.

18. Birincisi, Cavabdeh usta kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməsi məsələsi ilə razı deyil. Belə ki, məhkəmə prosesində cavabdehin özünün və şahidlərin də ifadələrində müəyyən olundu ki, cavabdeh öz işini görə bilmədiyi üçün mühərrik xarab olmuşdur, yəni məhz onun əməlindən maşının mühərriki və ona aid digər hissələr nasaz vəziyyətə düşmüşdür. Cavabdeh özü və atası etiraf edirlər ki, məhz mühərriyin tam şəkildə düzəlməməsi səbəbindən problemlər yaranır. Hakim isə nədənsə bu etirafları nəzərə almamışdır.

19. İkincisi, cavabdehin düzəltdiyi maşının bir gün sonra yenidən həmin hissədə xarab olması, kifayət qədər şübhəli məqamdır və məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, həm tərəflər, həmçinin şahidlər də ifadələrində qeyd edirlər ki, mühərrik düzəldikdən bir gün sonra yenidən xarab olmuşdur. Belə bir qısa müddətdə maşının eyni hissədə nasaz olması kifayət qədər mübahisəli haldır.

20. Üçüncüsü, cavabdeh öz ifadəsində qeyd edir ki, mühərriki yığan zaman xətaya yol vermiş, lakin həmin xətanı özü aradan qaldırmışdır. Məhkəmə bu halı da nəzərə almamışdır ki, maşının eyni hissəsi, yəni mühərriyi eyni usta tərəfindən bir neçə dəfə təmir olunur, lakin düzəlmir.

21. Dördüncüsü, məhkəmə prosesində, həm iddiaçı, həmçinin şahidlər (Əhmədov Fəxri və Nəbiyev İsa) öz ifadələrində katalizatorun yerindən çıxarıldığını bildirsələr də, qətnamədə şahidlərin həmin hissədə qeyd etdikləri tamamilə təhrif olunmuşdur.

22. Beşincisi, o, iddia tərəfi olaraq, hər üç məhkəmə iclasında israrla tələb etmişdir ki, bu iş üzrə mütləq ekspertiza keçirilməlidir, bu texniki problemdir. Lakin işə sədrlik edən hakim onun heç bir tələbini nəzərə almamışdır.

23. Maddi ziyanın vurulması məsələsi obyektiv şəkildə araşdırılmamışdır. Yəni, cavabdehin əməlinin hüquqa zidd olmaması əsaslandırılmır. İş üçün bilavasitə əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirilməmişdir. Bu halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi.

24. Katalizator yerindən çıxarılmasının qeyri-mümkünlüyü məsələsi heç bir sübutla əsaslandırılmamışdır. Halbuki, şahidlər də öz ifadələrində katalizatorun çıxarılmasını qeyd etmişdilər. Məhkəmə prosesində şahidlərin verdiyi ifadələrlə qətnamədəki şahid ifadələri arasında kəskin fərqlər var, qətnamədə şahidlərin ifadələri tamamilə təhrif olunmuş şəkildə qeyd edilmişdir.

25. Qeyd edilənlərə əsasən qətnamənin tamamilə ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi onun izahatını və şahidlərin ifadəsini düzgün qiymətləndirməmiş, sonda düzgün olmayan qətnamə qəbul etmişdir. O, cavabdehin səhlənkarlığı nəticəsində xeyli məbləğdə maddi ziyana düşmüşdür. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi 2021-ci ilin sentyabr ayından dekabr ayına qədər Cavabdeh adlı mühərrik ustasının qanunazidd, qeyri-insani hərəkətləri nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi demək olar ki, yararsız vəziyyətə düşmüş, həmin avtomobilin təmiri üçün kifayət qədər maddi vəsait xərcləmiş, lazımsız yerə vaxt itirmiş və nəticədə ona maddi ziyan vurulmuşdur. Cavabdeh avtomobilin motor hissəsini düzgün təmir etmədiyindən, həmin avtomobil İsa adlı usta tərəfindən yenidən təmir edilmiş, yeni təmir zamanı da bir sıra detallar, o cümlədən 4 ədəd porşen və bir ədəd qalovka almışdır. Bu gün də maşın tam işlək vəziyyətdə deyil, əlavə ehtiyat hissələrinə ehtiyac var. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş edir.

28. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o 4 ilə yaxındır ki, motor ustası kimi fəaliyyət göstərir. İddiaçını da Rəşad adlı tanışlarının vasitəsilə tanımışdır. Düzdür, o iddiaçıya məxsus olan avtomaşının motor hissəsini təmir etmişdir, yəni söküb yenidən yığmışdır. Lakin iddiaçı avtomobili bir həftə sürəndən sonra bu problemlər çıxmışdır. Problemlərin yaranmasıın onun təmiri ilə heç əlaqəsi yoxdur. Lakin buna baxmayaraq o avtomaşının motor hissəsinin yenidən təmirini tanışı İsa adlı ustaya həvalə etmiş, İsanın əl haqqısını da özü ödəmişdir. İsa motoru təmir edərkən porşen və qalovkanı dəyişmişdir. İddiaçı avtomobili onun yanından aparandan 5-7 gün sonra problemlər yaranmışdır. Yaranmış nasazlığın da motor hissəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki motor hissədə qızdırma uzun yol məsafəsi qət edəndə yaranmış, iddiaçı da avtomobilin qızdırmasını müəyyən edən hissəyə nəzarət etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(014)-586/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Kollegiya Ağdaş Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(014)-586/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(014)- 586/2022 nömrəli qətnaməsi qismən, yəni avtomobilin motor hisəsinə əlavə edilmiş “4 ədəd porşen və qalovka hissələrinin dəyərinə” münasibətdə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu ehtiyat hissələrinin dəyərinə münasibətdə təmin edilməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, tərəflərin izahatı ilə şahid ifadələrinə qarşılıqlı surətdə düzgün qiymət verməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

35. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

36. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətdən müəyyən edilir ki, tələb cavabdehin səhlənkarlığı və yarıtmaz işi nəticəsində vurulmuş ziyanla bağlıdır. Yəni tələb maddi zərər üçün xərclədiyi 2530 manat və xərcləməli olacağı 3715 manat, qiymətləndirmə aktı üçün verdiyi 48.96 manat olmaqla, cəmi 6293.96 manat məbləğində ziyan barədədir.

37. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, özünə məxsus olan 2011-ci il buraxılışlı, dövlət qeydiyyat nişanlı **-VD-*** olan Chevrolet Cruse markalı avtomobilin motor hissəsində nasazlıq yarandığından, tanışı Rəşadın vasitəsilə maşını cavabdehin yanına aparmış, sonuncu da özünü motor ustası kimi təqdim edərək, maşının motor hissəsinə baxmış və əsaslı təmir edəcəyinə söz vermişdir. Lakin cavabdeh sözügedən avtomobilin motor hissəsini düzgün təmir etmədiyindən, bir gün sürməmiş yenidən motor hissədə nasazlıq yaranmışdır. Beləliklə o həm Natiq ustanın təmiri zamanı, həm də ikinci dəfə İsa adlı ustanın təmiri zamanı müxtəlif ehtiyat hissələri almaqla xeyli məbləğdə maddi ziyan çəkmişdir.

38. Cavabdeh isə iddiaya, eyni zamanda apellyasiya şikayətinə etiraz edərək bildirir ki, heç də iddiaçının dediyi kimi deyil, yəni o mübahisəli avtomobilin motor hissəsini lazımi qaydada təmir edərək, iddiaçıya təhvil vermişdir. İddiaçı avtomobili onun yanından aparandan 5-7 gün sonra problemlər yaranmışdır. Yaranmış nasazlığın da motor hissəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki motor hissədə qızdırma uzun yol məsafəsi qət edəndə yaranmış, iddiaçı da avtomobilin qızdırmasını müəyyən edən hissəyə nəzarət etməmişdir.

39. Göründüyü kimi mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi bu mövqe ilə razılaşmır.

40. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir

41. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

43. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

44. Apellyasiya instansiyasının araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh mühərrik ustası kimi üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı maddi ziyan çəkmişdir. Belə ki, araşdırma zamanı tərəflərin izahatı, həmçinin apellyasiya icraatı zamanı yenidən dindirilmiş şahid İsa Nəbiyevin ifadəsindən müəyyən edilmişdir ki, sözügedən avtomobilin motor hissəsi birinci dəfə cavabdeh tərəfindən təmir edilsə də, sonradan avtomobilin mühərriki qızmış, yeni problemlər yaranmış, iş üzrə cavabdeh mühərriki yenidən yığan zaman xətaya yol versə də, həmin xətanın nəticəsini özü aradan qaldırmaq məqsədilə digər ustaya, yəni İsa Nəbiyevə həvalə edilmişdir. Sonuncu da avtomobilin motor hissəsini yenidən təmir edərək 4 ədəd porşen və qalovka dəyişmişdir.

45. Məhkəmə tədqiqi zamanı şahid ifadə verdikdən sonra çarpaz dindirilmə aparılmış, bu zaman həm iddiaçı, həm cavabdeh, həm də şahid (ifadə verdikdən sonra) 4 ədəd porşenin dəyərinin 250-300 manat, qalovkanın isə 500-600 manat civarında olduğunu bildirmiş, iddiaçı da həmin detallara təxminən qeyd olunan məbləğdə pul ödədiyini bildirmişdir.

46. Kollegiyanın araşdırması zamanı iddiaçı digər detallara da pul xərclədiyini, bundan sonra da əlavə ehtiyat hissələrinin lazım olacağını bildirsə də tələbinin bu hissəsini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

47. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara xüsusi diqqət yetirməmiş, cavabdehin iş materialları ilə əlaqəli şəkildə təsdiq olunmayan izahatına istinad etmişdir. Tərəflərin izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avtomobilinə ikinci dəfə təmiri zamanı dəymiş ziyan cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində zərər vurulması mübahisəsiz olduğu halda, yalnız cavabdehin sübut olunmayan izahatına istinad edilməklə birinci instansiya məhkəməsinin qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma kimi qəbul etmək olmaz.

49. Kollegiyanın qənaətinə görə cavabdehin ikinci ustanın əl haqqını ödəməsi, onu ikinci təmir zamanı alınmış 4 ədəd porşenin və bir ədəd qalovkanın dəyərini ödəmisindən heç də azad edə və mülki hüquqi məsuliyyət daşımaqdan kənarda qoya bilməz. O, İsa adlı ustanın əl haqqısını versə də, özünün səhlənkarlığı nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir.

50. Çünki işin faktiki halları ilə sübut olunur ki, iddiaçı maşının motor hissəsinin ikici dəfə təmiri zamanı 4 ədəd porşenə 300 manat, bir ədəd qalovkaya isə 500 manat civarında əlavə xərc çəkmişdir.

51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, qətnamə qismən, yəni iddianın təmin olunmayan 800 manat (4 ədəd porşen-300 manat, bir ədəd qalovkaya isə 500 manat, cəmi 800 manat) hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməlidir.

52. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun 10.5 manatı (800x83/66293.96=10.549....) cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

53. Kollegiya sonda qeyd edir ki, iddianın təmin olunmuş hissəsi 800 manat olduğundan, cavabdehin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmamışdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(014)-586/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 800 manat (4 ədəd porşen-300 manat, bir ədəd qalovka- 500 manat, cəmi 800 manat) hissəsinə münasibətdə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat (4 ədəd porşen-300 manat, bir ədəd qalovka- 500 manat, cəmi 800 manat) və ödənilmiş dövlət rüsumunun 10.5 manatı alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı tərəf, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar