Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-955/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı X5 və Cavabdeh iştirakı ilə İddiaçı X5 Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb edilməsi" tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)- 264/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi və uşağının “uşaq allergik astması” xəstəliyi və ürəyinin genişlənməsi ilə bağlı gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 40 manat sabit pul məbləğində əlavə xərclərin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-264/2021 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə İddia qismən təmin edilərək, tərəflərin birgə nikahından 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X5 xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 2(033)-945/2019 saylı 26.08.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğ hər ay Cavabdeh tutularaq X5 xeyrinə verilməsi, alimentin hazırki məbləğinin hesablanmasını əvvəli hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-264/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 24 avqust 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahdan onların 23 yanvar 2015-ci il tarixdə X7 anadan olmuşdur. Zaqatala rayon məhkməsinin 26 avqust 2019-cu il tarixli 2(033)-945/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və nikah pozulduqdan sonra cavabdeh ona hər ay 136 manat aliment ödəmişdir. Hazırda o, uşağa tək baxır. Evi olmadığı üçün kirayədə yaşayır. Qızının hazırda xəstəlikləri vardır. Övladında “uşaq allergik astması” xəstəliyi və ürəyinin genişlənməsi vardır. Qızı daima müalicə altında olmalıdır. Bundan başqa övladının təhsil xərcləri də var. O, “Zaqatala Modern” Hazırlıq Mərkəzində məktəbəqədər hazırlıq sinfində təhsil alır. Təhsil haqqı aylıq 120 manatdır. O, Daxili Qoşunlarda işləyir və aldığı əmək haqqı ev və uşağının xərclərinə yetmir. Qızı "Səbiyyət"in böyüdülməsində, təhsili və müalicəsində cavabdehin heç bir köməkliyi olmayıb. Cavabdeh hazırda Azerişıq ASC-də işləyir və maddi vəziyyəti çox yaxşıdır. Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 136 manat aliment hazırki vəziyyətdə uşağın böyüdülməsi, təhsil və müalicə xərcləri üçün kifayət etmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan çıxarılan bu qətnaməni əsassız hesab edir. Məhkəmə iclasında aliment məbləğinin artırılmasına dair etiraz etmişdir. Eyni zamanda əmək haqqı barədə arayışı məhkəmə iclasına təqdim etmişdir. Aylıq əmək haqqı vergilər və sosial ödənişlər çıxıldıqdan sonra 395 manat təşkil edir. Aylıq aldığı əmək haqqından əlavə başqa gəlir yeri yoxdur. Səhhəti ilə əlaqədar başqa iş ilə məşğul ola bilmir. Avtoqəza hadisəsi keçirdiyini, müalicə xərclərinə maddi imkanın olmadığı üçün müalicələrini davam etdirə bilmədiyini bildirmişdir. Lakin qeyd etdiyi hallar məhkəmə tərəfindən araşdırılmamış, ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-264/2021 nömrəli qətnaməsinin ləğv edilərək 23 yanvar 2015-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment məbləğinin cavabdehin əmək haqqından ¼ hissəsinin tutularaq ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda kirayədə yaşayır. Uşaq böyüdükcə onun tələbatları da artır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə (ləğvinə) yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Guven Klinikanın 06 noyabr 2019-cu il tarixli arayışından görünür ki, 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 “uşaq allergik astması” diaqnozu ilə xəstədir. Unikal Klinikanın 29 dekabr 2020-ci il tarixli arayışından görünür ki, 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 “VS tamdıq, İAS-də 3 mm defekt izlənilir” diaqnozu ilə xəstədir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 valideynləri anası X6, atası Cavabdehdir. Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(033)- 945/2019 saylı qətnaməsinin surətindən görünür ki, X9 və Cavabdeh arasında bağlanmış nikah pozulmuş və 23 yanvar 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində aliment Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, cavabdehin əmək haqqından ¼ hissəsinin tutularaq ödənilməsi həyata keçiriləcəyi təqdirdə aliment məbləği 100 manata yaxın olacaq ki, bu Zaqatala Rayon Məhkəməsinin 2(033)-945/2019 saylı 26.08.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində aliment məbləğindən də aşağıdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə alimentin qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan (170-136=34+40(əlavə xərc)=74x12=888) hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-264/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-955/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-955/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver