Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-956/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair (Açar sözlər: aliment məbləğinin artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(051)-979/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binas ında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il tarixdə Hüseyn və xx.xx.2016-ci il tarixdə Kənan adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixdə Mingəçevir Regional «Asan Xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın ləğv olunması haqqında akt qeydləri xx.xx.2019-cu il tarixdə 118 nömrə ilə qeyd olunmuşdur.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)–1774/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş Hüseyn və xx.xx.2016-ci il tarixdə doğulmuş Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Sözügedən qətnamədən müəyyən edilir ki, həmin dövrdə işə baxılarkən Cavabdeh Mingəçevir Sukanal İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsində nasos qurğularının maşinisti peşəsində işləmiş və bir il ərzində ona əmək haqqı cədvəlinə əsasən 5461.27 manat ödənilmişdir.
4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-15973 saylı arayışdan görünür ki, tərəflər aylıq aliment ödənişinin təyin edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Hüseyn və xx.xx.2016-ci il tarixdə doğulmuş Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Hüseyn və xx.xx.2016-ci il tarixdə Kənan adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir.
7. Öhdəsində olan birgə nikahdan doğulmuş uşaqlarının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Uşaqlara valideynlərinin köməkliyi ilə baxır. Cavabdeh fərdi əməklə məşğuldur, onun kifayət qədər maddi imkanı vardır.
8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 19 may 2022-ci il tarixli, e-2(051)- 979/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş Hüseyn və xx.xx.2016-cı il tarixdə doğulmuş Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020- ci il tarixli 2(051)– 1774/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 (bir yüz altmış ) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə Hüseyn və xx.xx.2016-ci il tarixdə Kənan adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən cəmi 130 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir.
10. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün cavabdehdən 130 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 112.1ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə, 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1 və 233.4–cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hazırkı vəziyyətilə və qazancıyla həmin məbləği vermək imkanı yoxdur. O, “Mingəçevir Sukanal” idarəsində işləyir və orta aylıq əmək haqqı 484 manatdır. Həmin məbləğdən digər ödənişlərdən başqa hər ay 260 manat aliment pulu tutulur. Aylıq cəmi tutulma isə 360-370 manat təşkil edir. Ona cəmi 100 manat pul qalır ki, bununla özünü, himayəsində olan qoca və xəstə valideynlərini dolandıra bilmir. Yeni ailə qurmuşdur, kiçik bir məvaciblə ailəni saxlamaq mümkün deyildir.
13. İddiaçının maliyyə vəziyyəti isə çox yaxşıdır. Belə ki, o, Ağdam rayon Qiyaslı kənd Uşaq musiqi məktəbinin Mingəçevir filialında müəllim işləməklə orta aylıq əmək haqqı 525 manat təşkil edir. Bundan əlavə hər ay 180 manat müavinət alır. Hər ay da 260 manat aliment alır. Beləliklə, müqayisə etdikdə onun büdcəsinin nə qədər çox olduğu aydın görünür. Ailə qanunvericiliyinə əsasən əgər aliment verməyə borclu olan valideynin konkret qazancı vardırsa 2 uşağa görə qazancın 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Onun aylıq gəliri 484 manatdır. Bundan başqa onun heç bir qazancı və gəliri yoxdur. Alimentin miqdarı da həmin məbləğin 1/3 hissəsindən artıq olmamalı idi. Belə bir vəziyyətdə nəyə görə alimentin ondan sabit pul məbləğində tutulmasının müəyyən edilməsi başa düşülmür. Hazırkı vəziyyətdə buna imkanı yoxdur. Qətnamədə göstərilən məbləği ödəməkdən ötrü gərək o hansısa cinayət törədə. Əks təqdirdə həmin aliment məbləğini ödəyə bilməyəcəkdir. Ödəyə bilməyəndə də yenə borc məbləği yaranacaq və son nəticədə cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Beləliklə hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunmaması haqqında yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla cavabdehin hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə hazırki iş üzrə obyektiv araşdırma aparmamış, ona qarşı qərəzli mövqe tutmuşdur. Belə ki, məhkəmə onun əmək haqqısının artıb-artmamasını araşdırmadan alimentin məbləğini 160 manat müəyyən etmişdir. Halbuki 2020-ci il tarixdə də işə baxılarkən eyni vəzifədə işləmiş, eyni maaşı almışdır. Ayrı işlə də məşğul olmur. Hazırda ikinci dəfə ailə həyatı qurmuşdur. İddiaçı özü işləyir və 600 manata yaxın əmək haqqı alır. Əvvəlki alimenti çox çətinliklə ödəyir. Hesab edir ki, aldığı əmək haqqına görə 320 manat aliment həddən artıq çoxdur, ona görə də apellyasiya şikayətinin təmin olunraq, iddianın təmin olunmamasını xahiş edir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(051)-979/2022 nömrəli qətnaməsinin tam ləğvini tələb etsə də, əslində şikayətin dəlillərindən müəyyən edilir ki, qətnamənin təmin olunmuş hissəsini mübahisələndirir.
24. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(051)-979/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hissələrində ləğv edilərək, əvvəlki və sonradan əldə edilərək tədqiq edilmiş sübutlar əsasında həmin hissələrdə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.
26. Belə ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti artırılması barədədir.
27. İddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2016-ci il təvəllüdlü Kənan adlı uşaqlar nikahın pozulmasından sonra onun yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cəmi 260 manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı hazırda həmin alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş edir.
28. İddiaçı tələbinin bu hissəsini onunla əsaslandırır ki, öhdəsində olan uşaqlarının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Uşaqlara valideynlərinin köməkliyi ilə baxır. Cavabdeh fərdi əməklə məşğuldur, onun kifayət qədər maddi imkanı vardır.
29. İşə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək, hər ay hər uşaq üçün alimentin məbləğini 160 manat, cəmi 320 manat məbkləğində müəyyən etmişdir.
30. İşin faktiki hallarını araşdıran məhkəmədə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cəmi 260 manat məbləğində aliment müəyyən edilmişdir.
31. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır.
33. Belə ki, mülki işin 7-ci vərəqində olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1774/2020 nömrəli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həmin dövrdə işə baxılarkən Cavabdeh Mingəçevir Sukanal İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsində nasos qurğularının maşinisti peşəsində işləmiş və bir il ərzində ona əmək haqqı cədvəlinə əsasən 5461.27 manat ödənilmişdir.
34. Qeyd olunan 5461.27 manat biri ilin aylarına, yəni 12 aya bölündükdə müəyyən edilmişdir ki, cavabdehin həmin dövr orta əmək haqqı 455.10 manat təşkil edir.
35. Mülki işin materiallarından, o cümlədən E-Məhkəmə sistemindən çıxarışından (səh. 58 və 72-73) görünür ki, Cavabdeh Bəhram oğlunun aylıq əmək haqıqı hazırda 410.8 manat, İddiaçı aylıq əmək haqqı isə 663 manat təşkil edir.
36. ilə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər.
37. Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
38. Qanunun mənasına görə tərəflərin ailə və maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur.
39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə faktiki olaraq alimentin məbləği artırılsa da, onun maddi və ailə vəziyyətində dəyişiklik olmamışdır.
40. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında irəli sürülmüş mövqeyə görə məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
41. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarını dəyişə (artırıla və ya azaldıla bilər)
44. Lakin hazırki işin faktiki hallarından müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 260 manat (hər uşaq üçün 130 manat) müəyyən edildikdən sonra, cavabdehin ailə və maddi vəziyyətində əsaslı dəyişikliyin olması müəyyən edilməmiş, əmək haqqında ciddi artım müşahidə edilməmiş, əksinə həmin dövr işə baxılan zaman və hazırda əmək haqqının təxminən eyni məbləğdə olması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin digər gəlirlərinin olması barədə hər hansı sübut təqdim edilməmişdir.
45. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmişdir.
46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
47. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, e-2(051)-979/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş hər ay hər uşaq üçün 30 manat, cəmi 60 manat alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov