Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-957/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin və əlavə müalicə xərcinin artırılması tələbinə dair (Açar sözlər: alimentin məbləğinin artırılması və əlavə xərc tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin və əlavə müalicə xərcinin artırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə müalicə xərcinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin və müalicə xərclərinin miqdarı dəyişdirilərək, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 onun yanında saxlanılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 manat pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq X3 müalicə xərcləri üçün Cavabdeh hər ay 50 manat pul vəsaiti alınaraq ona verilməsi müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan (hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması) hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda uşağa görə ödənilən alimentin və müalicə xərclərinin məbləği onun təlabatlarını ödəmir. Övladı Günay onun yanındadır və uşaq xəstə və zəif olduğuna görə (yüngül dərəcəli əqli gerilik, qıcolma və spazm, baş beyninin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu) müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur ki, həmin xərclər də 50 manatdan dəfələrlə çoxdur ki, həmin xərclər valideyni tərəfindən qarşılanır. Müalicə hər ay aparılır, belə ki, psixoloq, loqoped, psixo-pedeqoq, massajist yanına aparılır, eyni zamanda Bakı şəhərində həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 300 manat civarında başa gəlir. Müalicə ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Cavabdeh şəxs isə uşağa göstərilən müalicə xərcinin ödənilməsində 50 manatdan başqa hər hansı köməklik göstərmir. Həmçinin o, gözdən əlildir, bir gözünün görməsi itirilmiş, digər gözündə isə görmə problemi vardır, qismən əmək qabiliyyətlidir. Cavabdeh şəxs isə rəsmi olaraq işləyir və əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi 50 manat pul vəsaitinin artırılmasını istəyir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim: A.Əliyev) 23 may 2024-cü il tarixli, 2(025)- 573/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflərin birgə nikah münasibətlərindən 2 iyun 2013-cü il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları ananın yanındadır. Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 02 iyun 2013-cü il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və uşağın xəstəliyinə görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göstərilənlərin konteksində birinci instansiya məhkəməsi hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 220 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi ilə hər ay təyin edilmiş 193 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, eyni zamanda cavabdehin yenidən ailə qurmasını, yeni nikahından uşağının doğulması kimi hallar nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının vəkilinin izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 193 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsinin qəbul edilməsindən bu günə kimi 1 il müddət keçmişdir. İddiaçı isə həmin müddət ərzində cavabdehin maddi vəziyyətinin dəyişməsinin, yəni yaxşılaşması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-493/2024 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh yenidən ailə qurmuş və onun yeni nikahından bir övladı olmuşdur. Nəticə olaraq iddiaçı cavabehin maddi vəziyyətinin dəyişməsinə dair hər hansı sübut təqdim etməsə də, iş materialları ilə cavabdehin ailə vəziyyətinin dəyişməsi müəyyən olunur. 2024-cü ildə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun 235 manat olmasını, alimentin təyin edildiyi müddətdən bu yana cavabdehin maddi vəziyyətinin dəyişməsinə görə iddiaçının hər hansı sübut təqdim etməməsini, cavabdehin ailə vəziyyətinin dəyişməsini nəzərə alaraq alimentin miqdarının 7 manat artırılaraq ümumilikdə 200 manat olmasını əsaslı hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 112.1-ci maddələri, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-cü maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 112.1.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(025)-573/2024 saylı qətnaməsi ilə razı deyil. Belə ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəməyə təqdim olunmuş Qəbələ RMX-nın məktub-arayışında qeyd olunmuşdur ki, X6 psixiatrik kabinetdə qeydiyyatdadır və onda yüngül əqli gerilik və davranış pozuntuları xəstəliyi vardır, müalicə və müayinə olunur. Göründüyü kimi, övladı Günay onun yanındadır, onun saxlanılmasından əlavə müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur ki, həmin xərclər də 50 manatdan çoxdur və həmin xərclərin qarşılanmasında qarşı tərəf köməklik göstərmir. Təyin olunan müalicə xərci olaraq əlavə xərcin ləğv edilməsi uşağın müalicə olunmasında, dərmanlarının alınmasında maddi məhrumiyyətlər yaradacaqdır. Eyni zamanda o, gözdən əlil, bir gözünün görməsi itirilmiş, digər gözündə isə görmə problemi vardır, qismən əmək qabiliyyətli olmaqla İİ dərəcəli əlilliyi vardır. Cavabdeh şəxs isə rəsmi olaraq işləyir və əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Qeyd olunanlara əsasən alimentin tutlmasında uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi 50 manat pul vəsaiti ləğv edilməməli, əksinə xərclər nəzərə alınmaqla müəyyən qədər artırılmalıdır. Ona görə də mülki işin tam, hərtərəfli, obyektiv və ədalətli araşdırılmasını istəyir. İddiaçı olaraq məhkəmədən alimentin və əlavə müalicə xərcinin artırılmasını xahiş etməyinə baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq qanuni qüvvəyə minməmiş Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə istinad edərək, əlavə olaraq müalicə xərci hissəsi artırılmadan ümumiyyətlə ləğv edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)- 573/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin və müalicə xərclərinin miqdarı dəyişdirilərək, ondan 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)- 573/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, o, 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olmaqla yanaşı hüquqi cəhətdən əsaslandırılmamışdır. İlk növbədə onu qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsinin qəbul edilməsindən bu günə kimi 1 il müddət keçmişdir. İddiaçı isə həmin müddət ərzində onun maddi vəziyyətinin dəyişməsinin, yəni yaxşılaşması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, yenidən ailə qurmuş və yeni nikahından bir övladı olmuşdur. Nəticə olaraq iddiaçı onun maddi vəziyyətinin dəyişməsinə dair hər hansı sübut təqdim etməmişdir. Lakin onun ailə vəziyyəti dəyişmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarının 7 manat artırılması qanuni olmuşdur. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(025)-573/2024 nömrəli qətnaməsində qeyd edilmişdir ki, “Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-493/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə “xəstəliklə əlaqədar əlavə xərclər”ə münasibət bildirilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.” Göründüyü kimi, məhkəmə əlavə xərclərlə bağlı məsələni kifayət qədər araşdırmış və nəticədə əsaslı qətnamə qəbul etmişdir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göründüyü kimi, qanunverici aliment təyin edərkən məhkəmələrə tərəflərin ailə və maddi vəziyyətinin nəzərə alınması tələbini qoymuşdur. Məhkəmə də onun ailə və maddi vəziyyətini nəzərə almışdır. Belə ki, aylıq əmək haqqı 350 manatdır. Əlavə gəlirlərinə görə isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də qətnamə qəbul edərkən sözügedən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrininqətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikah münasibətlərindən 02 iyun 2013-cü il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları ananın yanındadır. Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 02 iyun 2013-cü il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və uşağın xəstəliyinə görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(025)-573/2024 saylı qətnaməsi ilə razı deyil. Belə ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəməyə təqdim olunmuş Qəbələ RMX-nın məktub-arayışında qeyd olunur ki, X6 psixiatrik kabinetdə qeydiyyatdadır və onda yüngül əqli gerilik və davranış pozuntuları xəstəliyi vardır, müalicə və müayinə olunur. Göründüyü kimi, övladı Günay onun yanındadır, onun saxlanılmasından əlavə müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur ki, həmin xərclər də 50 manatdan çoxdur və həmin xərclərin qarşılanmasında qarşı tərəf köməklik göstərmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Belə ki, iddiaçı öz apellyasiya şikayətində cavabdehin işləməsi və əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olması barədə qeyd etsə də, həmin məsələni təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-493/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə “xəstəliklə əlaqədar əlavə xərclər”ə münasibət bildirilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(025)-573/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-957/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-957/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver