Məhkəmə qərarları › İş №2(107)-963/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-963/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-963/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(046)-3230/2017 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(046)-3230/2017 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat 57 (əlli yeddi) qəpik əsas, 1006 (bir min altı) manat 22 (iyirmi iki) qəpik faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 2944 (iki min doqquz yüz qırx dörd) manat 79 (yetmiş doqquz) qəpiyin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3 (üç) manatının Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, 27 (iyirmi yeddi) manatının müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 aprel 2016-ci il tarixli, LD/16102/00043 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 1928 manat 57 qəpik əsas, 1006 manat 22 qəpik faiz, 192 manat 86 qəpik cərimə olmaqla, cəmi 3127 manat 65 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, kredit təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-ci il tarixli LD/16102/00043 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25 olmaqla 48 ay müddətinə 1969 manat məbləğində kredit Cavabdeh3 verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi həmin tarixdə digər cavabdehlər Cavabdeh2 Məhəmmədli oğlu və Cavabdeh1 Cavabdeh3 zamin durmuşlar. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 1928 manat 57 qəpik əsas, 1006 manat 22 qəpik faiz, 192 manat 86 qəpik cərimə olmaqla, cəmi 3127 manat 65 qəpik borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 appellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəfindən ödənişlər edilməsinə baxmayaraq, BOKT «Vijn Fond Azərkredit” MMC-nin əsas və faiz borcu çox hesablamışdır. Məhkəmə baxışlarından xəbəri olmadığından ekspertizanın keçirilməsi ilə bağlı müraciət edə bilməmişdir. Barəsində qətnamə çıxarılmasının zaminlərinin əmək haqqı və təqaüdündən bankın hesabına tutulan zaman məlumatı olmuşdur. Hesab edir ki, həmin qətnamədə göstərilən faiz borcunun düzgün hesablanması üçün məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. Yuxarıda göstərdikləri nəzərə alınaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357, 358, 360, 361, 362-ci maddələrinə əsasən Göyçay Rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli 2(046)-3230/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və onun pozulmuş hüquqlarını bərpa edib, yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(046)-3230/2017 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsi ləğv edilməli, 1712 (bir min yeddi yüz on iki) manat 69 (altmış doqquz) qəpik cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməli, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3 (üç) manatı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, 27 (iyirmi yeddi) manatı müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 424.2, 442, 445.2.1, 462.1, 462.3, 470.1, 472 və 739-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı cavabdehə illik faiz dərəcəsi 25 olmaqla 48 ay müddətinə 1969 manat kredit vermişdir. (11 aprel 2016-ci il tarixli kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin 11 aprel 2016-ci il tarixli kassa məxaric orderi). Borcalan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və kreditdən istifadəyə görə faizləri və krediti ödəmədiyi təqdirdə gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cərimə) hər yubanma günü üçün borc verənin xeyrinə ödəməyə borcludur (11 aprel 2016-cı il tarixli kredit müqaviləsinin 5.1-ci bəndi). Cavabdeh3 həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. (11 aprel 2016-cı il tarixli kredit müqaviləsinin 1.1-ci bəndi). Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da borclu kredit və onun faizini, şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. (11 aprel 2016-cı il tarixli zaminlik müqavilələri). İddiaçı kredit müqaviləsinin ləğvi barədə Cavabdeh3 təklif vermiş, borcun qaytarılmasına dair cavabdehə müraciət etmişdir (27.09.2016-cı il tarixli pretenziya). Cavabdeh3 11 aprel 2016-cı il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçı qarşısında 1928 manat 57 qəpik əsas, 1006 manat 22 qəpik faiz, 192 manat 86 qəpik cərimə olmaqla, cəmi 3127 manat 65 qəpik məbləğində borcu yaranmışdır. (06.09.2017-ci il tarixli maliyyə arayışı). Hazırkı ərizə ilə bağlı iddiaçı tərəfindən cəmi 30 manat dövlət rüsumu ödənilmişdir (29.08.2017-cı il tarixli ödəniş qəbzi). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmədə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması müəyyən edildiyinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün cərimənin hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh3 hərəkətləri nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir. Bundan başqa Cavabdeh3 əsas öhdəliyi lazımınca icra etmədiyindən, bankın Cavabdeh2 və Cavabdeh1 qarşı da tələb hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi, həmçinin, işin hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, 192 manat 86 sent cərimə tənasübsüz surətdə yüksəkdir və bu məbləğ 10 manatadək azaldılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1928 manat 57 qəpik əsas, 1006 manat 22 qəpik faiz, 10 manat cərimə olmaqla, cəmi 2944 manat 79 qəpik tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məhkəmə xərcinin 3 manatı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, 27 manatı müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə iddianın təmin olunmuş hissəsində qismən əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki işin materiallarından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC 11 aprel 2016-ci il tarixli, LD/16102/00043 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 1928 manat 57 qəpik əsas, 1006 manat 22 qəpik faiz, 192 manat 86 qəpik cərimə olmaqla, cəmi 3127 manat 65 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyi iddia ərizəsi 11 sentyabr 2017-ci ildə Göyçay Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə hazırlıq iclası 12 oktyabr 2017-ci il tarixə, saat 09:05-ə Göyçay Rayon Məhkəməsinin binasına təyin edilmişdir. 30 sentyabr 2017-ci ildə tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə göndərilmiş məktub olsa da, həmin məktubun göndərilməsini təsdiq edən reyestr və tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. 12 oktyabr 2017-ci il tarixdə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işə məhkəmə iclasında baxılması 16 noyabr 2017-ci il tarixə, saat 15:40-a Göyçay Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Mülki işin materiallarında tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə tərtib edilmiş məhkəmə bildirişin kötüyü olsa da, həmin bildirişin göndərilməsini təsdiq edən reyestr və tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. 16 noyabr 2017-ci ildə məhkəmə iclası keçirilmiş və tərəflər gəlməməsi səbəbindən məhkəmə iclası təxirə salınaraq 14 dekabr 2017-ci il tarixə saat 10:55-ə təyin edilmişdir. Mülki işin materiallarında tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi məqsədi ilə tərtib edilmiş məhkəmə bildirişin kötüyü olsa da, həmin bildirişin göndərilməsini təsdiq edən reyestr və tərəflərə çatdırılmasını təsdiq edən xəbərnamə mülki işin materiallarına əlavə edilməmişdir. Nəticədə 14 dekabr 2017ci ildə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə yekun məhkəmə baxışı keçirilmiş və qətnamə cаvаbdehlərin məhkəmə prosesində iştirakı təmin edilmədən qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 9/7080 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərdiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə 11.09.2017-ci il tarixinə Cavabdeh3 iddiaçı "xxxx" MMC-yə olan borcu 2612.45 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1928,57 manat faiz borcu üzrə 683,88 manat Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən 11.09.2017-cı il tarixdən sonrakı tarixlərdə cəmi 909,76 manat məbləğində ödənişlər edilmişdir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən borc məbləğinin 11 sentyabr 2017-cı il tarixinədək hesablanmağı haqqında sual qoyulduğundan, həmin tarixdən sonrakı edilən ödənişlər hazırki ekspertiza zamanı nəzərə alınmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cərimə borcunun azaldılıb 10 manat müəyyən edilməsi ilə razılaşsa da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olan məbləğə dair hissədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki Məcəllənin göstərilən normasının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 11.09.2017-cı il tarixdən sonrakı tarixlərdə ödənilmiş 909,76 manat öncə cərimə, daha sonra faiz məbləğindən, nəhayətdə isə əsas borc məbləğindən çıxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsində tələb olunmuş 192 manat 86 qəpik cəriməni azaldaraq 10 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, cavabdeh tərəfindən ödənilmiş 909,76 manat cavabdehin borcundan çıxılarkən cərimə borcu 10 manat həcmində, əsas və faiz borcları isə ekspert rəyində göstərilən məbləğdə hesablanaraq çıxılma aparılmalıdır. (1928.57+683.88+10=2622.45; 2622.45-909.76=1712.69) Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara gəlir ki, cavabdehdən 1712.69 manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olan məbləğə dair hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(046)- 3230/2017 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsi ləğv edilməli, 1712 (bir min yeddi yüz on iki) manat 69 (altmış doqquz) qəpik cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməli, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3 (üç) manatı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, 27 (iyirmi yeddi) manatı müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(046)-3230/2017 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2016-cı il tarixli LD/16102/00043 saylı kredit müqaviləsi ləğv edilməli, 1712 (bir min yeddi yüz on iki) manat 69 (altmış doqquz) qəpik cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCyə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 3 (üç) manatı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, 27 (iyirmi yeddi) manatı müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid olunsun. 27 (iyirmi yeddi) manat müştərək qaydada Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar