Məhkəmə qərarları › İş №2(107)-972/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-972/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-972/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-4/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 26 fevral 2021-ci il tarixli, 2(075)- 4/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 909,03 ABŞ dolları məbləğində əsas borc və 56,96 ABŞ dolları faiz borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İşin faktiki halları: İddiaçı BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 2282,04 ABŞ dolları əsas, 164 ABŞ dolları faiz, 456,41 ABŞ dolları cərimə olmaqla, cəmi 2902,45 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(075)-4/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdlr və həmin mülki işə düzgün baxılmamışdır. Onların iddiaçı banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Hesab edir ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Bundan başqa hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq iş üzrə hesablanmış borc tamamilə azaldıla bilər. Bundan başqa, əsas borc məbləğləri də dəqiq hesablanmamışdır. Əlavə olaraq bildirir ki, həmin borc üzrə çixarılmış məhkəmə əmri Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatında olduğu müddətdə ödənilmiş məbləğlər əsas borcdan çıxarılmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2 (075)-4/2021 saylı qətnaməsini əsas və faiz ilə bağlı hissədə ləğv edərək yeni qanuni və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxsin izhatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 33,6 faiz olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 11 fevral 2015-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-dən 3800 ABŞ dolları pulu həmin tarixdə qəbzə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 3800 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə 18 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan 11 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 11 fevral 2015ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsi əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir. Belə ki, işin müəyyən edilmiş gerçək vəziyyətindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 33,6 faiz olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" MMC ilə Cavabdeh2nun arasında zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. Daha sonra kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən BOKT "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayətinin əsas dəlilləri bundan ibarət olmuşdur ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməmiş və həmin borc üzrə çıxarılmış məhkəmə əmri Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatinda olduğu müddətdə ödənilmiş məbləğlər əsas borcdan çıxılmamışdır. Buna görə də hesab etmişdir ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları nəzərə alaraq, həmçinin mülki işin obyektiv həlli baxımından məhkəmə mühasibatlıq ekspertizası keçirərək, müvafiq rəy almışdır. İşə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 26 iyul 2021-ci il tarixli, 9/4451 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-yə iddia tələbinin tarixinə, yəni 05.01.2017-ci il tarixə olan əsas borcu 2282,04 ABŞ dolları, faiz borcu 612,05 ABŞ dolları olmuşdur. Öhdəlik münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442 və 443.1-ci maddələrinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsində isə göstərilir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 11 fevral 2015-ci il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi MM-in 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, iddia tələbinə etirazının əsası kimi, o cümlədən də apellyasiya şikayətinin dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. MPM-in 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar