Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-973/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)-218/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" KB ASC tərəfindən Cavabdeh AZ37UBAZ**********1010AZN001 saylı hesab açılmaqla plastik kart verilmişdir. xx.xx.2023-cü il tarixə müştərinin overdraft borcu 1070,55 AZN (əsas borc 877,41 AZN, 193,14 AZN cərimə) təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı 1146,77 manat pul vəsaiti və 31,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının (cəmi 31,87 manat) cavabdehdən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə xxxxxxx saylı ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Ümumi oferta”sı ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu müqaviləyə görə bank müştəriyə cari hesab açılması və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”.Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştərinin üzərinə “kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək vəzifəsi qoyulur. Həmin maddəyə əsasən texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.” İddiaçı bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinə ümumilikdə 1146,77 AZN məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bugünki günə cavabdehin iddiaçı qarşısında 1146,77 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən mülki qanunvericilik normaları çərçivəsində cəmi 1146,77 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının (31,87 manat) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, həqiqətən "xxxx" KB ASC tərəfindən Cavabdeh AZ37UBAZ**********1010AZN001 saylı kart hesabına (524375XURVJS3560 saylı kart) xx.xx.2022-ci il tarixdə 996 AZN, 995 AZN və 497,50 AZN məbləğində vəsait köçürülmüş, kartda olan ümumi məbləğ 2488,50 AZN təşkil etmişdir. Müştəri xx.xx.2022-ci il tarixdən başlamaqla müxtəlif vaxtlarda kart hesabından hissələrlə olmaqla həmin məbləği çıxarsa da məbləğ qaytarılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixə müştərinin overdraft borcu xx.xx.2023-cü il tarixə 1070,55 AZN (əsas borc 877,41 AZN, 193,14 AZN cərimə) təşkil etmişdir.
5. 29 yanvar 2024-cü il tarixli, BANK/PİKMD/1162614 saylı maliyyə arayışına əsasən Cavabdeh iddiaçıya həmin tarixə 4448ovNFT/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu - 877,41 AZN əsas borc, 269,36 AZN cərimə, cəmi 1146,77 AZN olduğundan məhkəmə hesab edir ki, 1146,77 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələbi təmin edilməlidir.
6. Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)-218/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin olunmuş, Cavabdeh 877,41 manat əsas borc, 269,36 manat cərimə, cəmi 1146,77 (bir min bir yüz qırx altı manat yetmiş yeddi qəpik) manat pul, 31,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 31,87 (otuz bir manat səksən yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASCnin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-ci il tarixli ərizə-anket xx.xx.2023-cü il tarixli, UB/RMX/NFT 1284 saylı arayış 10 aprel 2023-cü il tarixli, UB-BANK/PİKMD saylı bildiriş 29 yanvar 2024-cü il tarixli, BANK/PİKMD/1162614 saylı maliyyə arayışı
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o Unibank ASCdən boş plastik kart almışdır. Müxtəlif vaxtlarda həmin karta qardaşı və digər yaxınları pul göndərmiş və o da həmin pulu terminaldan və ya kassadan götürmüşdür. Həmin kartdan ona göndərilən məbləğdən başqa heç bir qəpik də məxaric etməmişdir. Lakin buna baxmayaraq iddiaçı Unibank ASC əməkdaşları müxtəlif vaxtlarda ona zəng edərək overdraf baş verdiyini, onun kartına artıq pul yükləndiyini və onun həmin pulu məxaric etdiyini və buna görə həmin məbləği geri qaytarılmasını tələb etmişdir. O, bununla razılaşmamışdır. Onun adına verilmiş bank kart (debet kart) boş kart olub. İçində pul olmur. Kimsə ona rahat pul göndərə bilsin deyə əldə etmişdir. Həmin karta bir dəfə qardaşı xx.xx.2024-cü ildə “E-manat”vasitəsilə 1000 manat və 500 manat pul köçürüb (qəbzlərin surəti əlavədə təqdim edirəm). Həmin pulu da o kart işləmədiyi üçün kassadan məxaric etmişdir. İddiaçının iddiasına görə həmin gün onun kartına eyni gündə xx.xx.2022-ci il tarixdə 996 AZN, 995 AZN və 497,50 AZN məbləğində vəsait köçürülmüşdür. Bu pulun ikisi qardaşı köçürdüyü məbləğdir. Digərləri isə məlum deyil. Ondan sonra da köçürmələr olub. Onlar da ona məlum deyil. Əgər bank izahlı çıxarış verərsə mütləq şəkildə həmin vəsaitlərin hansı hesabdan gəldiyi və daha sonra hansı hesaba silindiyi müəyyən ediləcəkdir. Əgər izahlı çıxarışla bunu müəyyən etmək mümkün deyildirsə mütləq şəkildə Mərkəzi Bankın mütəxəsislərini cəlb etməklə ekspert rəyinin alınmasına zərurət olacaqdır. Kimsə xaricdə oturub onun kart hesabı üzərindən əməliyyatlar aparır, bank buna görə zərər görür və zərəri ondan tələb edir. Hətta bununla da kifayətlənməyərək üzərinə faizdə hesablayaraq tələb edir. Bu bankın bir başa öz zəif təhlükəsizliyinin nəticəsidir. İş üzrə bankdan izahlı çıxarış təqdim edilməsi tələb edilməli, həmin aparılmış əməliyyatların onun və ya başqası tərəfindən icra edilib-edilmədiyi müəyyənləşdirilməlidir. Aparılmış əməliyyatlarda kart hesab sahibinin günahının nədən ibarət olması müəyyənləşdirildikdən sonra ondan pul tutulması qət edilməlidir. Hesab edir ki, qeyd edilən xüsusatları müəyyən etmək üçün bu sahədə xüsusi biliyə malik olan şəxslərin köməyindən istifadə edilməlidir.
11. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)- 218/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs BOA Agency ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işin mahiyyətinə dair dəqiqləşdirilmiş sənədlər təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)-218/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında xx.xx.2023-cü il tarixli UB/RMX/NFT 1284 nömrəli arayış mövcuddur ki, kartla aparılmış bütün əməliyuyyatlar həmin arayışda göstərilmişdir. Cavabdeh müvafiq mütəxəssisin köməyindən istifadə edilməli olmasını qeyd etsə də, həmin arayışa münasibətdə mütəxəssisin köməyindən istifadə edilməsinə zərurətin nədə olduğunu göstərməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(107)-973/2024 nömrəli qərardadı ilə məhkəmə ekspertizası keçirilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdehə təklif edilməsinə baxmayaraq cavabdeh apellyasiya şikayətində göstərdiklərini təsdiq edəcək heç dəlil gətirməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
21. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)-218/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 24 may 2024-cü il tаrixli, 2(054)-218/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.