Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-979/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər İbrahimova Səbinə Əli qızına, İbrahimova Zenfira Murad qızına və Əzizova Mehriban Məhyəddin qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas, faiz borcları, cərimə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məlikzadə Firuzə Vüqar qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər İbrahimova Səbinə Əli qızına, İbrahimova Zenfira Murad qızına və Əzizova Mehriban Məhyəddin qızına qarşı kredit borcunun tutulması tələbinə dair Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(046)- 1055/2023 saylı qətnaməsindən cavabdeh İbrahimova Səbinə Əli qızı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 2022/00001EG-3490 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İbrahimova Səbinə Əli qızı, Əzizova Mehriban Məhyəddin qızı və İbrahimova Zenfira Murad qızından iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 3269 manat 15 qəpik məbləğində qalıq, ona hesablanmış 499 manat 08 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 331 manat məbləğində dəbbə pulu, cəmi 4099 manat 23 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə cavabdeh İbrahimova Səbinə Əli qızıı arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 2022/00001EG3490 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 3800 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindəndə göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı "xxxx" BOKT ASC ilə cavabdehlər İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı arasında 19 aprel 2022-ci il tarixli, 2022/00001EG-3490 №-li zaminlik müqavilələri bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. "xxxx" BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən "xxxx" BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 3269 manat 15 qəpik məbləğində qalıq, ona hesablanmış 499 manat 08 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 331 manat məbləğində dəbbə pulu, cəmi 4099 manat 23 qəpik məbləğində borc yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi Mehdiyev Seymur Ağamövsüm oğlu iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh İbrahimova Səbinə Əli qızı iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, "xxxx" BOKT ASC ilə aralarında illik 36 faiz olmaqla 36 ay müddətinə 3800 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı ilə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə hər ay vaxtlı-vaxtında ödənişlər edilmişdir. Sonradan maddi imkanı olmadığından kredit təkilatına olan borcunu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Tələb edilən cərimə ilə razı deyil, cərimənin azaldılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh İbrahimova Zenfira Murad qızı iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, "xxxx" BOKT ASC ilə İbrahimova Səbinə Əli qızı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi onunla kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçıya olan kredit borcu hissə-hissə ödəniləcəkdir. Tələb edilən cərimə ilə razı deyil, cərimənin azaldılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Əzizova Mehriban Məhyəddin qızı məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
7. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-1055/2023 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" BOKT ASC ilə cavabdeh İbrahimova Səbinə Əli qızı arasında bağlanmış 19 aprel 2022-ci il tarixli 2022/00001EG-3490 saylı kredit müqaviləsinin ləğv edilməsi, gecikdirilməyə görə hesablanmış 331 manat məbləğində dəbbə pulunun 100 manat məbləğinədək azaldılması, cavabdehlər İbrahimova Səbinə Əli qızından, İbrahimova Zenfira Murad qızından və Əzizova Mehriban Məhyəddin qızından 3269 (üç min iki yüz altmış doqquz) manat 15 (on beş) qəpik əsas, 499 (dörd yüz doxsan doqquz) manat 08 (səkkiz) qəpik faiz, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat 23 (iyirimi üç) qəpik məbləğində pulun alınıb iddiaçı "xxxx" BOKT ASC -nə verilməsi, dövlət rüsumu üçün ödənilmiş 61 manat məbləğində pulun cavabdehlər İbrahimova Səbinə Əli qızından, İbrahimova Zenfira Murad qızından və Əzizova Mehriban Məhyəddin qızından tutularaq iddiaçı "xxxx" BOKT ASC -nə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Məhkəmə müəyyən etmişdir;
8. 19 aprel 2022-ci il tarixdə iddiaçı "xxxx" BOKT ASC ilə cavabdehlər İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı arasında zaminlik müqaviləsi bağlanmış, İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı kredit alan İbrahimova Səbinə Əli qızı öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. Cavabdeh İbrahimova Səbinə Əli qızı kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır.
Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
9. İddiaçı "xxxx" BOKT ASC ilə cavabdeh İbrahimova Səbinə Əli qızı arasında 19 aprel 2022-ci il tarixli, 2022/00001EG-3490 №-li etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq borcalan cavabdeh krediti vaxtında qaytarmaq öhdəliyi yerinə yetirməmiş, borcverən iddiaçı "xxxx" BOKT ASC-i cavabdeh İbrahimova Səbinə Əli qızının əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini müəyyən etdiyindən borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlmişdir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə 331 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 100 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır.
11. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, "xxxx" BOKT ASC ilə İbrahimova Səbinə Əli qızı arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, "xxxx" BOKT ASC ilə İbrahimova Səbinə Əli qızı arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 2022/00001EG-3490 №-li kredit müqaviləsi ləğv edilməli, cavabdeh İbrahimova Səbinə Əli qızı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı "xxxx" BOKT ASC -nə qaytarmalıdır. Digər cavabdehlər İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı 19 aprel 2022-ci il tarixli zaminlik müqavilələrinə görə borclu cavabdeh İbrahimova Səbinə Əli qızı ilə eyni həcmdə iddiaçı "xxxx" BOKT ASC qarşısında məsuliyyət daşıdığından, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması cavabdehlər İbrahimova Səbinə Əli qızı, İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızının hesabına təmin edilməlidir.
12. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab etmişdir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 61 manat məbləğində pul cavabdehlər İbrahimova Səbinə Əli qızından, İbrahimova Zenfira Murad qızından və Əzizova Mehriban Məhyəddin qızından tutularaq iddiaçı "xxxx" BOKT ASC -nə verilməlidir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT ASC ilə İbrahimova Səbinə Əli qızı arasında bağlanmış 19 aprel 2022-ci il tarixli 2022/00001EG-3490 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər İbrahimova Səbinə Əli qızından, İbrahimova Zenfira Murad qızından və Əzizova Mehriban Məhyəddin qızından 3269 (üç min iki yüz altmış doqquz) manat 15 (on beş) qəpik əsas, 499 (dörd yüz doxsan doqquz) manat 08 (səkkiz) qəpik faiz, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 3868 (üç min səkkiz yüz altmış səkkiz) manat 23 (iyirimi üç) qəpik pul alınıb iddiaçı "xxxx" BOKT ASC -nə verilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 470.1, 472.2, 739.1, 743-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1, 220.5-ci maddələri, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
16. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Ona görə ki, iş materiallarından göründüyü kimi faiz borcu iddiaçı "xxxx" BOKT ASC tərəfindən düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil, faiz və cərimədən silinmişdir. Belə olan halda hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlı deyil, məhkəmə Mülki Məcəlləsinin 448.1-ci və 470.1-ci maddələrinin tətbiqində səhvə yol vermişdir. Göründüyü kimi məhkəmə Mülki Məcəlləsinin 462.1-ci, 467-ci, 470.1-ci, 472.2- ci, 739.1-ci və 743-cü maddələrinin tətbiqində səhvə yol vermiş, nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir.
17. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilməmiş və müvafiq rəy alınmamışdır. Faiz borcunun dəqiq müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
18. Hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 89.1-ci, 89.3-cü və 217-ci maddələrinin tətbiqində səhvə yol vermiş, həmin prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin 2(046)-1055/2023-nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər İbrahimova Səbinə Əli qızına, İbrahimova Zenfira Murad qızına və Əzizova Mehriban Məhyəddin qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi və cavabdehlər İbrahimova Səbinə Əli qızı, İbrahimova Zenfira Murad qızı, Əzizova Mehriban Məhyəddin qızı səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh İbrahimova Səbinə Əli qızı Göyçay Rayon Məhkəməsinin 2(046)- 1055/2023-nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın cavabdehlər İbrahimova Zenfira Murad qızına və Əzizova Mehriban Məhyəddin qızına aid təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın cavabdeh İbrahimova Səbinə Əli qızına münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, cavabdeh İbrahimova Səbinə Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-1055/2023-nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə müasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" BOKT ASC ilə cavabdeh İbrahimova Səbinə Əli qızı arasında bağlanan 19 aprel 2022-ci il tarixli, 2022/00001EG3490 №-li kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" BOKT ASC tərəfindən cavabdeh İbrahimova Səbinə Əli qızına 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 3800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı "xxxx" BOKT ASC ilə cavabdehlər İbrahimova Zenfira Murad qızı və Əzizova Mehriban Məhyəddin qızı arasında 19 aprel 2022-ci il tarixli, 2022/00001EG-3490 №-li zaminlik müqavilələri bağlanmışdır.
31. Beləliklə iddiaçı "xxxx" BOKT ASC müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh İbrahimova Səbinə Əli qızı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.
32. Apellyasiya şikayətinin faiz borcunun iddiaçı "xxxx" BOKT ASC tərəfindən düzgün hesablanmaması, iddiaçının kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlı olmamasına dair dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 29 mart 2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, İbrahimova Səbinə Əli qızının 19 aprel 2022-ci il tarixli, 2022/00001EG3490 №-li kredit müqaviləsi üzrə 29 mart 2023-cü il tarixə 3269 manat 15 qəpik məbləğində qalıq, 499 manat 08 qəpik məbləğində faiz, 331 manat dəbbə, cəmi 4099 manat 23 qəpik borcu vardır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilməməsi və müvafiq rəyin alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
34. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Hazırkı halda isə iş materialından göründüyü kimi 31 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdeh İbrahimova Səbinə Əli qızı iddia tələbini yalnız cərimə borcunun tutulması hissəsində qəbul etməmiş, hansı ki, işə baxan məhkəmə tələb edilən cərimə məbləğini tənasübsüz dərəcədə yüksək hesab edərək onun məbləğini ağlabatan həddə azaltmışdır. Bundan əlavə iş materialından cavabdeh İbrahimova Səbinə Əli qızının məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisə tərəflərinə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
36. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
37. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(046)- 1055/2023 saylı qətnaməsi cavabdeh İbrahimova Səbinə Əli qızının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh İbrahimova Səbinə Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(046)-1055/2023 saylı qətnaməsi cavabdeh İbrahimova Səbinə Əli qızının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.