Məhkəmə qərarları › İş №2(107)-982/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-982/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-982/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Kredit İttifaqı MMC-nin nümayəndəsi (sədri) X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-25/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “İddiaçı Kredit” MMC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Kredit ittifaqı MMC Bank Olmayan Kredit Təşkilatından kredit götürmüş Qax şəhəri, S.Vurğun küçəsi, ev 20 sakini Cavabdeh1 və zaminləri Qax rayon Qarabaldır kənd sakini Cavabdeh2 kredit müqaviləsinə və zaminlik müqaviləsinə əsasən əsas borc 3025.00 manat, faiz borcu üzrə 54.59 manat, cərimə üzrə 90.75 manat, cəmi 3 170.34 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq məcburi qaydada kredit təşkilatına qaytarılması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş və Qax rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli məhkəmə əmri ilə iddiaçının tələbi təmin edilmişdir. Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-25/2021 nömrəli (hakim M.Qarayev) qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Qax şəhəri, S.Vurğun küçəsi, ev 20 sakini Cavabdeh1 və zamin Qax rayon Qarabaldır kənd sakini Cavabdeh2 birgə qaydada kredit müqaviləsi və zaminlik müqaviləsinə əsasən 2275 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2295 manat məbləğində pul alınaraq İddiaçı Kredit MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-25/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı Kredit İttifaqı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı Kredit ittifaqı MMC Bank Olmayan Kredit Təşkilatı arasında 01.12.2016-cı il tarixdə bağlanılmış 2573 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik effekt faizi 6 % olmaqla, 5000 (beş min) manat 01.12.2016-cı il tarixli 1964 nömrəli zaminlik müqaviləsi ilə birlikdə kredit xətti açılaraq qeyd olunan məbləğdə kreditin bank köçürməsi vasitəsi ilə verilməsi təmin olunmuşdur. Kredit müqaviləsinə görə cavabdehlər əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə ödənişləri kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay ödənilməli məbləğləri ödəməli idilər. Lakin kredit təşkilatı tərəfindən cavabdehlərə bu barədə dəfələrlə şiahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq onlar kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdələrinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlər. Hazırda Cavabdeh1 İddiaçı Kredit ittifaqı MMC Bank Olmayan Kredit Təşkilatına əsas borc 3 025.00 manat, faiz borcu üzrə 54.59 manat, cərimə üzrə 90.75 manat, cəmi 3 170.34 manat olmaqla kredit borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Qax rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(024)-25/2021 saylı qətnaməsindən narazıdır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən dəyişdirilərək yeni qətnamə qəbul edilməlidir. Sözügedən qətnamə qəbul edilərkən işin faktiki halları və onun faktiki vəziyyəti nəzərə alınmamışdır. Belə ki, o, ona hesablanmış əsas borc və faiz borcu ilə razı deyildir. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-25/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, o həqiqətən də iddiaçı təşkilatdan 5000 manat məbləğində kredit götürmüşdür. Bir müddət hissəhissə ödəniş etsə də, sonradan kredit təşkilatı pulun hamısının qaytarılmasını tələb etmişdir. Bu gün də etiraf edir ki, kredit təşkilatına 2200 manat civarında borcu var və həmin borcu qaytarmaqdan imtina etmir. Sadəcə səbəbini bilmək istəyir ki, nəyə görə ona qarşı belə hərəkət olunub. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən, İddiaçı Kredit İttifaqı MMC-nin nümayəndəsi (sədri) X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, verilmiş kreditin təyinatı sahibkarlığın inkişafı məqəsdilə olmuşdur. Göründüyü kimi faiz də aşağıdır. Lakin monitorinq keçirilən zaman cavabdeh tərəfindən həmin pulun təyinatı üzrə xərclənmədiyi məlum olduğundan kredit vaxtından əvvəl geri tələb olunmuşdur. Cavabdehə qarşı hər hansı qərəzlilik olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: 01.12.2016-cı il tarixli 2573 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Kredit MMC Bank Olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh1 01.12.2016-cı il tarixdə bağlanılmış 2573 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik effekt faizi 6 % olmaqla, 5000 (beş min) manat 01.12.2016-cı il tarixli 1964 nömrəli zaminlik müqaviləsi ilə birlikdə kredit xətti açılaraq qeyd olunan məbləğdə kreditin bank köçürməsi vasitəsi ilə verilməsi təmin olunmuşdur. 01.12.2016-cı il tarixli 1964 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit təşkilatı qarşısında öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 01.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçı “İddiaçı Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına 3025 manat əsas borc, 54,59 manat faiz borcu, 90,75 manat cərimə borcu olmaqla, cəmi 3170,34 manat borcu yaranmışdır. 02.04.2015-ci il tarixli qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Kredit MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən 20 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və İddiaçı Kredit MMC Bank Olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh1 01.12.2016-cı il tarixdə bağlanılmış 2573 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zamin-Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apellyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)- 25/2021 nömrəli qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirsə də pozulan maddi və prosessual hüquq normalarını göstərməmişdir Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh əslində heç də borc məbləğini deyil, iddiaçı tərəfindən pulun vaxtından əvvəl tələb etməsini və bunun səbəbini mübahisələndirmişdir. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehdən vaxtından əvvəl pulun tələb edilməsində əsas səbəb kredit götürülmüş pulun təyinatı üzrə istifadə olunmaması ilə bağlı olmuşdur. Çünki kredit müqaviləsinin şərtlərindən də müəyyən edilir ki, kredit verilmiş pul aşağı faizlə olmaqla məhz sahibkarlığın inkişafı üçün olmuşdur. Dördüncüsü,cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Beşincisi, əsas və faiz borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, Apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)- 25/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar