Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-985/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(037)- 311/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrilmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissa-hissə qaytarmaq şərti ilə 4567,26 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ilə bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4380,66 manat əsas, 44,84 manat faiz, 1840,97 manat cərimə olmaqla - cəmi 6266,47 manat borc və 82,67 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan baxılaraq yekun qərar qəbul olunmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrilmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissa-hissə qaytarmaq şərti ilə 4567,26 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişlari yubatmış, kredit müqaviləsi üzrə 14 dekabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcunu qaytarmamışdır. Cavabdeh kredit borcundan 186,6 manat ödəniş etmiş və 4380,66 manat kredit borcu qalmışdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş ayliq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 27 yanvar 2022-ci il tarixə 409 gün üçün hesablanmiş faiz borcu 44.84 manat təşkil edir. Kredit müqavilasinin 4.2.3-cu bəndinə uyğun olaraq borclu ödənis planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artiq olmaması şərti ilə cərimə ödəməlidir. 27 yanvar 2022-ci il tarixə 409 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1840.97 manat təşkil edir. Kredit müqavilasinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləgini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələbb etmək hüququna malikdir. İddiaçı tərəflər arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4380,66 manat əsas, 44,84 manat faiz, 1840,97 manat cərimə olmaqla - cəmi 6266,47 manat borc və 82,67 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, əsas borca hesablanmış faiz və cərimə borclarının silinməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 035A********** nömrəli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən tərəflər arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 035A********** nömrəli kredit müqaviləsi (restrukturizasiya olunmuş borc) üzrə kredit borcunun ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə illik 1% dərəcəsi ilə 60 ay (1 il güzəşt müddəti ilə) müddətinə 4567,26 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 4567,26 manat əsas və 141,74 manat faiz – cəmi 4709 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 4380,66 manat əsas və 44,84 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 1840,97 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehlə arasında bağlanmış 12 sentyabr 2019cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4380,66 manat əsas, 44,84 manat faiz, 1840,97 manat cərimə olmaqla - cəmi 6266,47 manat borc və 82,67 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh əsas borca hesablanmış faiz və cərimə məbləğlərinin silinməsini xahiş edir. Tərəflər arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin tərəflər arasında bağlanmış 035A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4380,66 manat əsas və 44,84 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. 035A********** saylı kredit razılaşması üzrə 1840,97 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1840,97 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 100 (bir yüz) manat həddində təmin edilməlidir. İddia tələbinin cavabdehdən 82,67 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsinə dair hissəsi də təmin edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(037)-311/2022 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia qismən təmin olunmuş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4380 manat 66 qəpik əsas, 44 manat 84 qəpik faiz, 100 manat cərimə və 82 manat 67 qəpik dövlət rüsumu olmaqla, cəmi 4608 (dörd min altı yüz səkkiz) manat 17 (on yeddi) qəpik məbləğinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 448, 449, 465 və 467-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 035A********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 035A********** nömrəli kredit müqaviləsi (restrukturizasiya olunmuş borc) üzrə kredit borcunun ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə illik 1% dərəcəsi ilə 60 ay (1 il güzəşt müddəti ilə) müddətinə 4567,26 manat kredit verilmişdir. 035A********** nömrəli kredit müqaviləsinə əlavə - ödəniş planından görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 4567,26 manat əsas və 141,74 manat faiz – cəmi 4709 manat ödəməyi öhdəsinə götürmüşdür. 20 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. İş materiallarına əlavə edilmiş 02 fevral 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 12 sentyabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə iddiaçıya 27 yanvar 2022-ci il tarixə 4380,66 manat əsas və 44,84 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 1840,97 manat cərimə hesablanmış, cəmi 6266,47 manat borcu vardır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 82,67 manat (qəbzin nömrəsi 8********) dövlət rüsumu ödənilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi cərimə və faizlərin düzgün hesablanmamışdır. Göstərilmiş borc məbləği şişirdilmişdir. Onun ödənişləri düzgün hesablanaraq nəzərə alınmamışdır. Düzgün hesablanmadığından əmin olduğu üçün bunun üçün təqdim edilmiş hesablanmış kredit borcunun dəfələrlə şişirdilərək göstərilməsini nəzərə alaraq xüsusi mütəxəssis ekspertizaya göndərilməsini xahiş edir. Ona görə də, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-311/2022 saylı qətnaməsinin ləğv edilməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən hesablanaraq təqdim etdiyi cərimə və faizlərin tamamilə silinməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclasının sentyabr ayının 20-nə qədər təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(037)-311/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən mübahisələndirilən – iddianın təmin olunmuş cərimə və faizlərlə bağlı hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində mühasibatlıq ekspertizasının keçirilməsi barədə göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(107)-992/2022 qərardadı ilə cavabdehin ekspertiza keçirilməsi barədə göstərdiklərinə münasibət bildirilmiş və cavabdehin vəsatəti rədd edilmişdir. Çünki, cavabdeh ekspertizanın keçirilməsini zəruri edən hər hansı bir halı və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində silinməsini tələb etdiyi cərimə və faiz borclarına münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini əsas götürərək tənasübsüz surətdə yüksək olan 1840.97 manat cərimənin məbləğini azaldaraq 100 manat müəyyən etmişdir ki, bu məbləğ də tam olaraq cavabdehin maddi imkanlarına uyğun hesab edilməlidir. İddiaçı tərəf isə həmin azalmanı mübahisələndirmədiyindən o hissədə araşdırma aparılmamışdır. Faiz borcuna gəlincə isə, 4380.66 manat əsas borca münasibətdə 44.84 manat faiz borcunun olması inandırıcıdır və mülki işin materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən mübahisələndirilən – iddianın təmin olunmuş cərimə və faizlərlə bağlı hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(037)-311/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(037)-311/2022 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-985/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-985/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver