Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-988/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(054)-9/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.000 manat maddi zərər və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(054)-9/2021 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş Cavabdeh əmlaka vurulmuş maddi ziyan məbləği kimi 11.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 11.030 (on bir min otuz) manat tutularaq İddiaçı hesabına ödənilməsi, Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18.05.2017-ci il tarixdə 3 ay sınaq müddəti ilə əmək müqaviləsi bağlanaraq cavabdeh həmin müəssisəyə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir və cavabdehlə “X6” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 04.09.2017-ci il tarixli əmrlə həmin müəssisəyə baş satıcı, 06.12.2017-ci il tarixli əmrlə isə administrator vəzifəsinə təyin edilmişdir. Cavabdeh 28.06.2019-cu il tarixdə işdən azad edilmişdir. Cavabdehin 06.12.2018-ci il tarixdən 04.02.2019-cu il tarixədək İddiaçı MMCnin Biləcəri mağazasında işlədiyi müddət üzrə aparılmış inventarizasiya nəticəsində onun müəssisəyə 16.292 manat miqdarında maddi zərər vurması müəyyən edilmişdir. Həmin məbləğin 5292 manatdan ibarət hissəsi müəssisə tərəfindən güzəşt edilmiş, qalan 11.000 manat məbləği isə iddiaçı hazırda cavabdehdən tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsinin göstərilən qətnaməsi qəbul edilərkən işin faktik halları düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, Oğuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2 (054)-9/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də İddiaçı MMC-də inzibatçı işləmişdir. Bütün alış və satış əməliyyatlarını vaxtında sistemə yerləşdirmişdir. Lakin bəzi hallarda sistemdə xəta baş verdiyindən daxil edilən əməliyyatlar tam düzgün şəkildə əksini tapmamışdır. Onun hesablamasına görə iddiaçıya heç bir borcu yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamış, yalnız ekspert rəyinə istinad etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(054)-9/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; 18.05.2017-ci il tarixli əmək müqaviləsi bildirişinin, 18.05.2017-ci il tarixli 231-K saylı, 04.09.2017-ci il tarixli 385-K saylı və 06.12.2017-ci il tarixli 537-K saylı əmrlərin, administrator vəzifəsi üzrə vəzifə təlimatının, tərəflər arasında bağlanmış 06.12.2017-ci il tarixli “X6” haqqında müqavilənin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş inventarizasiya aktlarının və 06.12.2018-ci il tarixli və 04.02.2019-cu il tarixli imtina aktlarının surətləri, 28.06.2019-cu il tarixli 269-K saylı əmrdən çıxarış və əmək müqaviləsinə xitam verilməsi bildirişi, 20.05.2020-ci il tarixli xəbərdarlıq məktubu, 20.05.2020-ci il tarixli maliyyə arayışı və 01.07.2020-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, cavabdeh 18.05.2017-ci il tarixli əmrlə 3 (üç) ay sınaq müddəti ilə İddiaçı MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 04.09.2017-ci il tarixli əmrə əsasən baş satıcı vəzifəsinə, 06.12.2017-ci il tarixli əmrə əsasən isə administrator vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanmış “X6” haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh şirkətdən satış üçün qəbul etdiyi bütün əmlak üzərində X6 daşıyır. Cavabdeh 28.06.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin İddiaçı MMC-nin Biləcəri mağazasında işlədiyi dövrdə 06.12.2018-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində onun hesabında olan mal qalığı üzrə 15.113,65 manat, 04.02.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində isə 1178,81 manat - cəmi 16.292,00 manat əskikgəlmə olması müəyyən edilmişdir. Cavabdeh inventarizasiyanın nəticələrinə dair tərtib edilmiş akta imza etməmişdir. 16.292,00 manat əskikgəlmə məbləğindən 5292,00 manat güşəzt edilməklə qalan 11.000 manat məbləğ cavabdehdən tələb edilmişdir. 17.11.2020-ci il tarixli 9/3997 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 06.12.2018-ci il tarixli və 04.02.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”lar Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin, iş materiallarında Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Bundan başqa, dəymiş ziyana görə Cavabdeh tərəfindən iddiaçıya 5292,00 manat ödəniş aparılmışdır. Göstərilənlərə əsasən 06.12.2018-ci il tarixli və 04.02.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”lar Malların inventarizasiyasında olan məlumatların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, cavabdeh iddiaçıya olan çatışmamazlığının 11.000,49 (16.292,49 – 5292,00) manat məbləğində müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti şəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, cavabdeh apellyasiya şikayətində, o cümlədən məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfə borcunun olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, etirazını yalnız öz izahatı ilə əsaslandırmağa çalışaraq, haqlı oduğunu təsdiq etməyə çalışmışdır. Kollegiya qeyd edir ki, hazırki münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız əmək müqaviləsi, həmçinin “X6 haqqında” müqavilədən irəli gələn, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları müqavilə üzrə öhdəlik daşıdığı pulun qaytarılması tələbidir. Çünki tərəflər arasında bağlanmış 12.06.2017-ci il tarixli “X6” haqqında müqavilənin, cavabdehin təyin edildiyi administrator (inzibatçı) vəzifəsi üzrə vəzifə təlimatının şərtlərinə əsasən cavabdeh ona satış üçün təhvil verilmiş mallara görə bilavasitə maddi məsuliyyət daşıyır. İşə daxil olarkən qəbul etdiyi malların sayılaraq ona təhvil verildiyini, işlədiyi müddət ərzində onun sifarişi əsasında anbardan mağazaya gətirilən malların da qaimə-fakturalarla rəsmiləşdirilməklə qəbul etdiyini cavabdeh özü də inkar etmir. Belə olan halda, cavabdeh ona təhvil verilmiş qalıq mallar və sonradan sifariş edilən mallar, yəni qəbul etdiyi malların ümumi həcminə görə maddi-məsul şəxs kimi bilavasitə cavabdeh olmaqla, həmin malların satılmış hissəsinin qaimə-fakturalar və digər müvafiq sənədlər üzrə dəyərini, satılmamış hissəsini isə mal qalığı kimi iddiaçıya təhvil verməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlar üzrə cavabdehə təhvil verilən mallara görə işdən azad edilərkən onun hesabında 11.000 manat miqdarında əskikgəlmə olduğu müəyyən edilir. Cavabdeh onun hesabında yaranmış əskikgəlməni əsassız hesab etdiyini bildirsə də, ona təhvil verilmiş malların satılmış hissəsinin dəyərini, satılmamış hissəsini isə mal qalığı kimi iddiaçıya tam olaraq təhvil verdiyi və işdən azad edilərkən öz hesabını tam olaraq bağladığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün “X6” müqaviləsi adı altında müqavilə bağlamışlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etmişlər. Bu cür vəziyyətlərdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəfin məsuliyyətdən yayınması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən kifayət qədər inandırıcı və ağlabatan görünmür. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu səbəbdən də kollegiya qeyd edir ki, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(054)-9/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-988/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-988/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver