Məhkəmə qərarları › İş №2(107)-988/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-988/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-988/2025 15.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində X6 təhsil mərkəzinin qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Vaz 21124» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı idarə etdiyi «Nissan Kicks» minik markalı avtomobil toqquşmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində X6 təhsil mərkəzinin qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan «Nissan Kicks» minik markalı avtomobilin «Vaz 21124» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnməsi nəticəsində ona 5881,00 manat miqdarında maddi ziyan dəydiyini və “Atəşgah sığorta” sığorta şirkəti tərəfindən cəmi 4,018,00 manat ödənildiyini göstərib 1881 manat, 39 manat dövlət rüsumu, ümumilikdə 1920 manatın tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində, Qəbələ şəhəri 28 may küçəsində X6 təhsil mərkəzinin qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Vaz 21124» minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsus olan «Nisssan Kicks» markalı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobil zədələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Nissan Kicks” markalı avtomobilin zədələnməsi nəticəsində ona 4,018,00 manat miqdarında maddi ziyan dəymiş və “Atəşgah sığorta” sığorta şirkəti tərəfindən cəmi 4,018,00 manat ödənilmişdir. Ona görə də, Cavabdeh 1881 manat, 39 manat dövlət rüsumu, ümumilikdə 1920 manat tutulub onun xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində X6 təhsil mərkəzinin qarşısında **-BH-*** dövlət nömrə nişanlı “VAZ 21124” markalı avtomobili idarə edən Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı məxsus **- BX-*** dövlət nömrə nişanlı “X5” markalı avtomobilin zədələnməsi nəticəsində cəmi 4657,0 manat məbləğində maddi zərər dəymiş və 4018,0 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixində, 12:00 radələrində Qəbələ şəhəri 28 may küçəsində X6 təhsil mərkəzinin qarşısında baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı məxsus **-BX-*** dövlət nömrə nişanlı “X5” markalı avtomobilin zədələnməsi nəticəsində dəymiş cəmi 639,0 (4657-4018) manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ödənilməlidir.

6. Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin qismən təmin olunması, Cavabdeh 639,0 (altı yüz otuz doqquz) manat və 30,0 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 150,0 (bir yüz əlli) manatın Cavabdeh və 150,0 (bir yüz əlli) manatın İddiaçı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097, 1108.1, 1108.2-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2024-cü il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar; BD 475670 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsi; Çingiz Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ziyan aktı; "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli UNİ/İ 75-405/2025 nömrəli ekspert rəyi.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Qəbələ şəhər 28 May küçəsində X6 Təhsil Mərkəzinin qarşısındakı işıqforun qırmızı işığında digər nəqliyyat vasitələri dayanarkən, qoşa xətti tapdalayaraq geriyə dönmə hərəkəti etmişdir. Etdiyi qayda pozuntusu qəzaya səbəb olmuşdur. Hadisə zamanı X5 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sol qanad hissəsi ilə onun idarə etdiyi Vaz 21124 minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qanad və bamper hissəsi toqquşmuşdur. Hadisə zamanı Nissan kicks markalı maşına maddi ziyan dəymişdir. Avtomobili “Atəşgah Sığorta”da icbari qaydada sığortalanmışdır. “Uğur” servisdə X5 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və ziyan aktı təsdiq olunmuşdur. İcbari sığortaya təqdim olunmuş “Uğur” servisin hesabladığı dəymiş ziyan aktı əsasında zərərçəkən İddiaçı 4018 azn pul ödəmişdir. Lakin zərərçəkən hesablanmış məbləğlə razılaşmayaraq dəfələrlə ondan pul tələb etmişdir. O isə avtomobilini icbari qaydada sığortaladığı üçün ödənişi sığorta şirkətindən tələb etməli olduğunu demişdir. Zərərçəkənə kömək məqsədilə Bakı şəhərindəki Avto hissələr satışı mağazalarından ehtiyyat hissələri axtarışı etmiş və bəzi ehtiyat hissələrinin qiymətini öyrənmişdir. X2 birgə zərər aktı hesablayaraq reallıqdan tamamilə uzaq bir məbləğ hesablamışlar. Halbuki, onun tərəfindən ehtiyat hissələr mağazasında tamamilə ayrı qiymətlər hesablanmışdır. “Uğur” servisin təsdiq etdiyi zərər aktında travest adlanan hissə 700 azn kimi qiymətləndirilsə də, bu, ehtiyat hissə şəklində satılmır və zərbə nəticəsində zədələndiyi halda təmir olunması həyata keçirilir ki, bunun da işçilik xərci artıqlaması ilə göstərilmişdir. Qiymətləndirmə cədvəlindən göründüyü kimi, hər iki ziyan aktında nəzərə çarpacaq dərəcədə şişirdilmış qiymətlər təqdim olunmuşdur və qiymətləndirmə real rəsmi satış qiymətləri ilə deyil kortəbii hesablama ilə aparılmışdır. xx.xx.2024-cü il tarixdə zərərçəkən İsayev X4 sığortanın baş vermiş qəza nəticəsində hesablanaraq ödənilmiş maddi ziyan məbləği ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddiaçı oz iddiasında ona 5881 azn maddi ziyan dəydiyini hesablamış (“Atəşgah sığorta”da 5585 azn hesablanmışdır), sığorta şirkəti isə 4018 azn pul ödəmişdir. Yerdə qalan 1881 azn məbləği ondan tələb etməklə məhkəmə qaydasında iddia qaldırmışdır. (İddia ərizəsində 1881 azn və 39 azn məhkəmə rüsumu tələb olunmuşdur). Qəbələ Rayon məhkəməsində bu barədə e-2(025)-150/2025 saylı iş başladılmışdır. Qənbərov Ülvi Oktay oğlunun sədrliyi ilə keçirilən məhkəmədə xx.xx.2025- ci tarixdə 2019-cu il buraxılışlı «Nissan Kicks» markalı 3N1CP5C95LL466601 Ban nömrəli minik avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin miqdarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə rəy alınması üçün sorğu göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2025 ci tarixdə mülki iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından icrasız geri qaytarılması barədə məlumat verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə qiymətləndirici mütəxəssis cəlb edilməsi və Yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2019-cu il buraxılışlı «Nissan Kicks» markalı 3N1CP5C95LL466601 Ban nömrəli minik avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin dəyərinin öyrənilməsi və rəy verilməsi üçün "xxxx" MMC-ə göndərilmişdir. "xxxx" MMC xx.xx.2025- ci il tarixdə rəy təsdiq etsə də, rəyi məhkəməyə təqdim etməmiş və elektron məhkəmə portalına xx.xx.2025-ci il tarixli məhkəmə iclasının keçirildiyi an yüklənmişdir. Rəydən etiraz vermək hüququ bu səbəbdən məhdudlaşdırlmışdır. Rəyin yazılmasında «Nissan Kicks» markalı 3N1CP5C95LL466601 ban nömrəli minik avtomobilinə “Uğur” servisin verdiyi zərər aktına istinad edilmişdir. "xxxx" MMC “Uğur” servisin zərər aktında göstərdiyi ehtiyat hissələrini və bazar qiymətlərini araşdırmadan eyni ilə həmin zərər aktında göstərilmiş şişirdilmiş qiymətlər üzərində hesablama aparmışdır. Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi vəsatətdə “Uğur “servisin şişirdilmiş qiymətlərlə zərər aktı hesablamasını qeyd etdiyi halda, Qəbələ Rayon Məhkəməsinin hakimi bu faktın araşdırılması üçün “Uniprice MMC”-yə həvalə etsə də, sonuncu bu işə qeyripeşəkarcasına rəy vermişdir. “Uniprice MMC” tələb olunan rəyi xx.xx.2025-ci il tarixdə təyin olunmuş məhkəmə prosesinə təqdim etməmiş və bu səbəbdən proses təxirə salınmışdır. Verilmiş rəy xx.xx.2025-ci il tarixdə təsdiq olunsa da, xx.xx.2025- ci il tarixdə keçiriləcək növbəti məhkəmə prosesi zamanı elektron məhkəmə portalına yükləndiyi üçün rəydən müvafiq etirazın verilməsi mümkün olmamışdır.

11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)- 150/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, "xxxx" MMC-nin verdiyi rəyin həqiqəti əks etdirmədiyindən üzərinə qoyulmuş 150 azn məbləğin ondan tələb olunmamasının təmin edilməsini, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya maddi ziyan vurduğunu inkar etmir, apellyasiya şikayətində maddi ziyanın məbləğinin şişirdilmiş məbləğ olduğunu qeyd edir. Buna görə də Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsini qanuni və əsaslı hesab etməmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur.

22. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını təqdim edilmiş sübutlarla və tərəflərin verdiyi izahatlarla hərtərəfli araşdırmış və yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində tərəflərin izahatına, xx.xx.2024cü il tarixli Ziyan aktına və "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli UNİ/İ 75- 405/2025 nömrəli ekspert rəyinə istinad etmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Nissan Kicks” markalı avtomobilin zədələnməsi nəticəsində ona dəymiş maddi ziyanın 4,018,00 manatı “Atəşgah sığorta” sığorta şirkəti tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli UNİ/İ 75-405/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, YNH nəticəsində zədələnmiş 2019-cu il buraxılışlı, “X5” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin miqdarı 4657,00 manat ( ehtiyat hissələri üzrə 3.507,0 manat; işçilik üzrə 1.150,0 manat) təşkil edir. Buna görə də birinci instansiya məhkəməsi İddiaçı məxsus **-BX-*** dövlət nömrə nişanlı “X5” markalı avtomobilin zədələnməsi nəticəsində dəymiş cəmi 639,0 (4657-4018) manat məbləğində maddi zərərin Cavabdeh tərəfindən ödənilməli olması qənaətinə gəlmişdir.

23. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Cavabdeh öz apellyasiya şikayətində bildirmişdir ki, Qəbələ şəhər 28 May küçəsində X6 Təhsil Mərkəzinin qarşısındakı işıqforun qırmızı işığında digər nəqliyyat vasitələri dayanarkən, qoşa xətti tapdalayaraq geriyə dönmə hərəkəti etmiş və etdiyi qayda pozuntusu qəzaya səbəb olmuşdur. Bunun nəticəsində də Nissan kicks markalı maşına maddi ziyan dəymişdir. Qanunun tələbindən göründüyü kimi hazırki iş üzrə cavabdeh vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur.

25. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin Uniprice” MMC-nin verdiyi rəyin həqiqəti əks etdirmədiyini əsas gətirməklə üzərinə qoyulmuş 150 azn məbləğin ondan tələb olunmasının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibət bilidirərək qeyd edir ki, birinci instansiya məhkəməsi ekspertiza tədqiqatının xərci olan 300,0 (üç yüz) manat məbləğin 150,0 (bir yüz əlli) manatının Cavabdeh və 150,0 (bir yüz əlli) manatının İddiaçı tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə xərcləri hissəsində də düzgün qənaətə gəlmiş və qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(025)-150/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar