Məhkəmə qərarları › İş №2(107)-991/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-991/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-991/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh X6 qarşı «dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(075)-285/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzük-tənə dəsti (dairəvi formalı) - 738 manat manat dəyərində, üzük - 656 manat dəyərində, üzük – 369 manat dəyərində, üzük - 435 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) 328 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) - 358 manat dəyərində olmaqla cəmi: 2884 manat dəyərində olan əmlaklarının (qızıl-zinət əşyalarının) olmadıqda həmin əşyaların dəyəri olan 2884 manat məbləğində ona dəymiş ziyanın, əmlakın (əşyların) qiymətləndirilməsi üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(075)-285/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3 190 manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 50 manatın 45 manatı iddiaçının özünə aid edilməsi, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının iddiaçının özünə aid edilməsi, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ona 300 manat pul lazım olduğu üçün təxminən 2016-cı ildə Gülmayə adlı Şəki rayon sakininə ona borc pul tapması üçün müraciət etmişdir. Həmin vaxt Gülmayənin yanında Umudvar adlı şəxs də olmuşdur. Umudvar adlı şəxs öz istifadəsində olan mobil telefon ilə cavabdeh X6 zəng edərək Gülmayə və onun olduğu yerə gəlməsini bildirmişdir. Cavabdeh X2 rayon Təpəcənnət kənd sakinidir. Onun faizə pul verdiyini Gülmayə və Umudvar ona bildirmişlər. Həmin zaman Qadir şəhərdə olduğundan dərhal onların yanına gəlmişdir. Qadir ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. Həmin vaxt Gülmayə ilə Umudvar artıq orda olmamışlar. O da Qadirə 300 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də pulu götürmək üçün Qadirə əlində olan qızılları verərək əvəzində pul götürmək istədiyini bildirmişdir. Cavabdehlə danışıqları zamanı belə sövdələşmişlər ki, pulu qaytaracağı zaman qızılları da geri götürəcəkdir. Qadir onun verdiyi qızılları alaraq onun icazəsi ilə həmin qızılları Qadir öz adına lombarda girova qoymuşdur. Bundan sonra Qadir ona məlum olmayan məbləğdə lombarddan pul götürərək ona cəmi 110 manat pul vermişdir. Pulun qalan hissəsini cavabdehdən istəsə də cavabdeh, pulu ona verməmişdir. Qalıq pulu nə üçün ona geri vermədiyini soruşduqda cavabdeh ona demişdir ki, iki günə kimi pulu ona qaytaracaqdır. Lakin həmin vaxtdan bu günə qədər cavabdeh ona nə qızıllarını, nə də qızıllarının dəyəri olan 2884 manat pulu qaytarmamışdır. Öz əmlakını, qızıl-zinət əşylarını geri qaytarması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tam obyektiv, hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir. O məhkəmə iclasında X1 şahid qismində dindirilməsini xahiş etsə də vəsatəti təmin edilməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(075)-285/2021 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Qadir Abdiyeva inanıb dəyəri 2884 manat olan 29 qram qızılı verib, 300 manat borca pul almışdır. Öz əmlakını, qızıl-zinət əşylarını geri qaytarması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan X4 03.10.2020-ci il tarixdə Şəki ŞRPŞ-nə verdiyi izahatın təsdiq edilmiş surətindən görünür ki, X7 qızıllara görə lombardan 300 manat pul aldığını bildirmiş və həmin pulları İddiaçı verməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra mətndə MMin) mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. MM-in 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyri-qanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı 738 manat manat dəyərində üzük-tənə dəstini (dairəvi formalı), 656 manat dəyərində üzüyün, 369 manat dəyərində üzüyün, 435 manat dəyərində üzüyün, 328 manat dəyərində tənənin (tək qaş, uşaq üçün), 358 manat dəyərində tənənin (tək qaş, uşaq üçün) cavabdeh X6 verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının lombardda girov qoyması üçün cavabdehə verməsinə də şübhə ilə yanaşır. Çünki iddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı izahatında bildirmişdir ki, ona 300 manat pul lazım olduğu üçün cavabdehə müraciət etmişdir. İddiaçı həmçinin məhkəmə iclasında 2884 manat məbləğində qızıl zinət əşyaları müqabilində nəyə görə cavabdehdən 300 manat pul istəməsi ilə bağlı suallara da məntiqi cavab verə bilməmişdir. Bir sözlə iddiaçı cavabdehə hər hansı qızıl əşyasının verməsini hər hansı sübutla əsaslandırmamışdır. Lakin cavabdeh Q.Abdıyev məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 2 dənə xırda qızıllar alıb öz adından lombardda girov qoyduğunu demişdir. Həmin qızıllar Baharın yanında tərəzidə çəkilmiş və pulla dəyəri təxminən 300 manat etmişdir. O da həmin pulları alıb elə oradaca Bahara vermişdir. Göründüyü kimi cavabdeh etiraf etmişdir ki, iddiaçının qızıllarını lombardda öz adına girov qoyaraq 300 manat pul almış və həmin pulu iddiaçıya vermişdir. İddiaçı isə cavabdehin qızıla görə aldığı puldan ona yalnız 110 manat pul verdiyini bildirmişdir. Cavabdeh isə yerdə qalan 190 mantın iddiaçıya verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna gödə də məhkəmə 190 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, cavabdeh X7 190 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi “O məhkəmə iclasında X1 şahid qismində dindirilməsini xahiş etsə də vəsatəti təmin edilməmişdir” dəlilinə gəldikdə isə məhkəmə kollegiyası bunu əsaslı bilmir. Çünki, həm məhkəmə iclas protokolunda, həm də iş materiallarında iddiaçının birinci instansiya məhkəməsinə belə bir vəsatətlə müraciət etməsi öz təsdiqini tapmır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(075)-285/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar