Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-992/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Əhmədov Habil İmaməddin oğlu və Qaçayev Yaqub Bayram oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)-2554/2015 nömrəli qətnaməsindən cavabdeh Qaçayev Yaqub Bayram oğlunun verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadından cavabdeh Qaçayev Yaqub Bayram oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Əhmədov Habil İmamməddin oğlu və Qaçayev Yaqub Bayram oğlundan «xxxx» ASC-nin xeyrinə 1776,27 ABŞ dolları əsas və 590,79 ABŞ dolları faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. «xxxx» ASC-nin ərizəsinə 22 may 2015-ci il tarixdə əmr icraatı qaydasında baxılaraq Əhmədov Habil İmamməddin oğlu və Qaçayev Yaqub Bayram oğlundan müştərək qaydada 1776,27 ABŞ dolları əsas və 590,79 ABŞ dolları faiz borcu əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20 manat dövlət rüsumunun tutularaq «xxxx» ASC-nin xeyrinə verilməsinə dair 2(075)-2554/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Cavabdeh Qaçayev Yaqub Bayram oğlu məhkəmə əmrinə etiraz verdiyindən Şəki rayon Məhkəməsinin 2(075)-2554/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki işə 23 oktyabr 2015-ci il tarixdə cavabdeh Qaçayev Yaqub Bayram oğlunun da iştirakı ilə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə o cümlədən cavabdeh Qaçayev Yaqub Bayram oğluna göndərilmiş və o, həmin qətnaməni 30.10.2015-ci il tarixdə rəsmi surətdə almışdır. Lakin, cavabdeh Qaçayev Yaqub Bayram oğlu 23.02.2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin 2(075)-2554/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli qətnaməsinin ona göndərilməsini xahiş etmiş və məhkəmə əməkdaşları həmin qətnaməni təkrar olaraq cavabdeh Qaçayev Yaqub Bayram oğluna göndərmişdir. Məhz məhkəmə qətnaməsini təkrar əldə edən Qaçayev Yaqub Bayram oğlu Şəki rayon Məhkəməsinin 2(075)- 2554/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli qətnaməsindən narazı qalmış və onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti 17 mart 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 30 mart 2021-ci il tarixli 2(075)- 2554/2015 nömrəli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin cavabdehlər Əhmədov Habil İmamməddin oğlu Qaçayev Yaqub Bayram oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)-2554/2015 saylı qətnaməsindən cavabdeh Qaçayev Yaqub Bayram oğlunun verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh Qaçayev Yaqub Bayram oğlu qərardaddan şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qərardadı qanunsuz və əsassız hesab edir. Göründüyü kimi məhkəmə qətnaməsi ərizəsi əsasında ona qanunvericiliyə uyğun olaraq 02.03.2021-ci il tarixdə çatdırılmış, tərəfindən şikayət vermə müddətini ötürmədən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 25 fevral 2021-ci il tarixli müşayiətedici məktubunda qeyd edilir ki, sizin 23.02.2021-ci il tarixli ərizənizə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-2554/2015 saylı, 23.10.2015-ci il tarixli qətnaməsi sizə göndərilir. Göründüyü kimi həmin qətnamə ona təkrarən yox, qanunvericiliyə uyğun olaraq göndərilmədiyi üçün ərizəsi əsasında göndərilmişdir. Qətnamənin surəti ona təkrarən göndərilsəydi məhkəmə ondan "Dövlət rüsumu haqqında" ARQ-nun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktının təkrarən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi tələb edərdi. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)- 2554/2015 saylı qətnaməsi prosessual qanunvericiliyə uyğun olaraq ona göndərilməmiş, çatdırılmamış yalnız rəsmi qaydada tərəfindən məhkəməyə müraciət edildikdən sonra ona göndərilmiş və o da həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 30 gün prosessual müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Lakin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qanunsuz və əsassız qərardad çıxarılmış, bununla da onun məhkəmədə öz hüquq və azadlıqlarını müdafiə etmək hüquqları məhdudlaşdırılmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Şəki Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(075)-2554/2015 saylı qərаrdаdındаn cavabdeh Qaçayev Yaqub Bayram oğlu tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qaçayev Yaqub Bayram oğlu şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi və cavabdeh Əhmədov Habil İmaməddin oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh Qaçayev Yaqub Bayram oğluna göndərilmiş Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)- 2554/2015 saylı qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq o məhkəmə qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdikdən sonra Qaçayev Yaqub Bayram oğlunun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur Birinci instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, iddiaçı «xxxx» ASC-nin cavabdehlər Əhmədov Habil İmaməddin oğlu və Qaçayev Yaqub Bayram oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)-2554/2015 nömrəli qətnaməsindən cavabdeh Qaçayev Yaqub Bayram oğlunun verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamənin surətini dövlət rüsumu ödənmədən təkrarən cavabdehə verməsi qanunvericilikdə nəzərdə tutulmasa da bu hal cavabdeh tərəfindən qətnamənin vaxtında alınmamasının sübutu kimi qəbul edilə bilməz. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Qaçayev Yaqub Bayram oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İddiaçı «xxxx» ASC-nin cavabdehlər Əhmədov Habil İmaməddin oğlu və Qaçayev Yaqub Bayram oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(075)-2554/2015 nömrəli qətnaməsindən cavabdeh Qaçayev Yaqub Bayram oğlunun verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(075)-2554/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-992/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-992/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver