Məhkəmə qərarları › İş №2(107)-994/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-994/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-994/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(051)-663/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı “Fort tranzit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün cavabdehə icarəyə vermiş və cavabdehin istifadəsində olanda mühərriki sıradan çıxmışdır. Cavabdeh mühərriki yığdırmaq üçün iddiaçıdan xahiş etmişdir ki, sən yığdır məndə sənə pulunu ödəyəcəm. Ona görə iddiaçı avtomobilin mühərrikini 2710 manat xərcələyərək yığdırmışdır. Həmin pulu Cavabdeh tam ödəyəcəyini desədə bir qismini ödəmiş, lakin qalan 2200 manat pulu ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2200 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Fort Tranzit” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə sürməyə vermişdim. Lakin cavabdeh səhlənkarlıq etmiş və maşının mühərriki xarab olmuşdur. Sonra ona demişdir ki, maşının mühərrikini təmir etdirsin o, pulunu verəcəkdir. O, da 2710 manata avtomobilin mühərrikini yığdırmışdır. Həmin puldan cavabdeh bir qismini ödəmiş, lakin sonradan digər məbləği ödəməmiş və 2200 manat borcu qalmışdır. Hazırda cavabdeh həmin pulu ödəməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdi ki, o, xx.xx.2020-ci ildə **-BT-*** dövlət qeydiyyat nişanlı 1997-ci il olan "Ford Tranzit” markalı avtomobili almışdır. Həmin avtomobili Cavabdeh icarəyə vermişdir. Cavabdeh avtomobili xəngəl sexinə məxsus məhsulların səyyar satışına istifadə edəcəyini bildirmişdir. Aralarında olan şifahi razılığa əsasən avtomobili götürəndə tam saz vəziyyətdə ustada yoxlatdıraraq təhvil vermiş və bundan sonra avtomobildə hər hansı bir nasazlıq yaranarsa bütün xərcləri Cavabdeh öz üzərinə götürəcəyini bildirmişdir. O, Cavabdeh sürücülərinə müxtəlif vaxtlarda avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh hər ay avtomobildən istifadəyə görə ona haqq ödəmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona zəng edərək bildirmişdir ki, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki dağılıb, təmir etdirmək üçün ustaya vermişdir. O da xx.xx.2021-ci il tarixdə dostu X6 ilə birlikdə Mingəçevir şəhərinə təmir sexinə getmişdir. Avtomobilin təmiri onu qane etməmişdir. Belə ki, mühərrikin şəkillərdə göründüyü kimi, bərbad blok və valla yığıldığını görmüş, işin dayandırılmasını xahiş etmiş və Cavabdeh öz etirazını bildirmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə avtomobili evakuasiya vasitəsi ilə Bərdə rayonuna göndərmiş, ondan xahiş etmişdir ki, o, mühərriki tam şəkildə təmir etdirsin, təmir prosesi tam bitdikdən sonra çəkilən xərci göndərəcəkdir. xx.xx.2020-ci il tarixdə cavabdeh evakuasiya xidməti olan gün onun şəxsi kartına 260 (iki yüz altmış) manat pul göndərmişdir. xx.xx.2020-ci il tarixdən etibarən mühərrik təmir olunmağa başlamış və təmir prosesi bitdikdən sonra yekun xərc hesablanaraq 2710 (iki min yeddi yüz on) manat təşkil etmişdir. O, cavabdehə çəkilən xərcin 2710 manat olduğunu bildirmiş və cavabdeh bu məbləğlə razılaşmışdır. Cavabdeh bu məbləğdən 260 (iki yüz altmış) manatını göndərdikdən sonra, müxtəlif vaxtlarda yəni üç il müddətində (sonuncu danışıqları xx.xx.2023-cü il tarixə qədər) 250 manat borcundan göndərmişdir. xx.xx.2023-cü il tarixindən etibarən borclu olduğu 2200 manat məbləği verməkdən imtina etmişdir. Sübut olaraq "Whatsapp” yazışmaları, telefon danışıqları və avtomobilin mühərrikinin zərər dəyən ehtiyat hissələrini sübut kimi qəbul edilməsini xahiş edir. Odur ki, Cavabdeh 2200 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, 2-3 il bundan öncə onun şəxsi biznesi olub. Xəngəl sexi işlədirdi. Məhsulları satmaq üçün avtomobil lazım olmuşdur. İddiaçıdan "Ford Tranzit” markalı **-BT-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Avtomobilin icarəsinə görə hər ay iddiaçıya haqq ödəmişdir. Avtomobili özü yox işçiləri idarə etmişdir. Avtomobildə nasazlıq yaranmış, bununla bağlı iddiaçıya məlumat vermişdir. Avtomobili təmirə aparmışlar. İddiaçı da təmir yerinə gəlmişdir. İddiaçı təmirdən razı qalmamışdır. Belə razılaşmışlar ki, iddiaçı avtomobili öz ustasına təmir etdirsin, sonda xərci cavabdeh ödəyəcəkdir. İddiaçı avtomobilini götürmüş və Bərdə rayonunda yerləşən təmir sexinə ustaya aparmışdır. Orada məlum olmuşdur ki, həmin avtomaşının mühərriki dağılmış və tam şəkildə təmir olunmalıdır. Bunun üçün iddiaçı 2700 manat xərc çəkmişdir. O, da iddiaçıya maşının təmiri üçün müxtəlif vaxtlarda 260 manat və 250 manat məbləğində pul göndərmişdir. Odur ki, onun iddiaçıya heç bir borcu yoxdur. Eyni zamanda qeyd edir ki, avtomobili onun özü yox işçiləri idarə etmişdir. Ona görə də iddia onun işçilərinə qarşı qaldırılmalı idi. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh onun işlədiyi xəngəl sexinin rəhbəri olub. O, həmin sexdə sürücü vəzifəsində işləyirdi. İddiaçı məhsul paylamaq üçün ona və digər sürücülərə müxtəlif vaxtlarda avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin avtomobili idarə etdiyi zaman özü təmir edirdi, təmir xərcini Amil qarşılayırdı. Hər ay Amil tərəfindən Nicata 500 manat məbləğində icarə pulu verilirdi. Bir müddət sonra avtomobildə nasazlıq yaranmış, bununla bağlı o, Amilə məlumat vermişdir. Sonra avtomobili ustaya aparmış, X16 təmir yerinə gəlmişdir. AD 702402 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Ford Tranzit” markalı buraxılış ili 1997-ci il **-BT-*** nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobili Bərdə rayonu Köbər kəndində qeydiyyatda olan və yaşayan İddiaçı məxsusdur. İşdə olan müxtəlif vaxtlarda göndərilmiş "whatsapp” mesajlarından görünür ki, iddiaçı cavabdehə dəfələrlə pulunun qaytarılmasını xahiş etmiş, cavabdeh borcunu ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Məmmədov X3 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 35.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mingəçevir Şəhər Məhkəməsi 24 may 2024-cü il tarixli, 2(051)-663/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 2200 (iki min iki yüz) manat, məhkəmə xərci olaraq dövlət rüsumu kimi ödənilmiş 35.40 (otuz beş manat qırx qəpik) pul tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında avtomobilin icarəyə verilməsi barədə razılaşma olmuşdur. Avtomobil cavabdehin sahibliyində olarkən onda nasazlığın yaranması cavabdeh tərəfindən təsdiq olunur. Tərəflərin razılığına əsasən avtomobili iddiaçı təmir etdirməli, xərcini cavabdeh ödəməli idi. Cavabdeh xərcin bir qismini ödəsə də, qalanını ödəməkdən imtina etmişdir. Cavabdeh xərci ödəməkdən imtinanı avtomobili özünün 3-cü şəxsə istifadəyə verməsi ilə əsaslandırmışdır. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu da avtomobili başqasının istifadəsinə verməyi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin əsaslandırmasına münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilən normadan da aydın olduğu kimi cavabdehə icarəyə verilmiş avtomobilin üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün də cavabdeh məsuliyyət daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi vermək üçün dövlət rüsumu kimi 35.40 manat ödəmişdir. İddia təmin edildiyindən göstərilən məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Mühərrikin fotoşəkilləri, etibarnamənin verilməsi barədə sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, arayışın və "whatsapp” yazışmalarının surətləri daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 406.1, 406.2, 442, 683.3, 700.1 və 700.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cu maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edilməsini, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əvvəllər xəngəl sexi olmuşdur. Həmin vaxtlar sexdə avtomobili olan şəxslərin işlənilməsinə üstünlük verilirdi. Elə buna görədə sexdə işləyən işçilərin bir çoxu iddiaçı X1 icarəyə avtomobil götürürdü. Həmin şəxslərdə avtomobilə cavabdeh olurdular. Elə buna görə də iddiaçı işçilərə avtomobili idarə etmək üçün etibarnamə verirdi. İşçilər də hər ay iddiaçının pulunu özləri ödəmiş, avtomobil nasaz olanda avtomobili özləri təmir etdirmişlər. Cavabdehin iddiaçı ilə yazılı qaydada heç bir icarə müqaviləsi olmamışdır. Hazırki vəziyyətdə iddiaçının avtomobilə çəkdiyi xərci ondan tələb etməsi tam qanunsuz və əsassızdır. Çünki, onun iddiaçı ilə icarə müqaviləsi bağlamamışam. Buna baxmayaraq işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bundan başqa işə baxan Mingəçevir Şəhər Məhkəməsi cavabdehin və şahid X5 izahatlarını qətnamədə təhrif olunmuş formada qeyd etmişdir. Belə ki, o məhkəmə iclasında verdiyim izahatında iddiaçı ilə heç bir icarə müqaviləsinin olmadığını, avtomobili sexin işçilərinin idarə etdiyini və avtomobildə yaranmış nasazlığa görə işçilərin məsuliyyət daşıdığını bildirmişdir. Lakin, Mingəçevir Şəhər Məhkəməsi onun izahatını qətnamədə başqa formada qeyd etmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, “Ford Transit” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etdiyini, bunun üçün də İddiaçı ona avtomobili idarə etmək üçün etibarnamə verdiyini qeyd etmişdir. X15 eyni zamanda avtomavtomobildə sonuncu dəfə nasazlıq olduğuna görə onu ustaya aparmışdır. Həmin vaxt usta avtomobili 60-80 manat müqabilində təmir edəcəyini demişdir. Lakin, İddiaçı bununla razılaşmamış və avtomobili götürüb aparmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(051)-663/2024 saylı qətnaməsində cavabdehin iddiaçıya 2200 manat məbləğdə borcumun olmasını qeyd etsə də, iş materiallarında cavabdehin iddiaçıya borcunun olmasını təsdiqləyən heç bir sübut, ən əsası isə icarə müqaviləsi yoxdur. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi ilk növbədə onunla iddiaçının arasında icarə müqaviləsinin olub-olmamasını araşdırmalı idi. Çünki, icarə müqaviləsinə əsasən kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Lakin, işə baxan Məhkəmə bu halları araşdırmamışdır. Bununla da Mingəçevir Şəhər Məhkəməsi iş üçün əhəmiyyətli olan halları dəqiqləşdirməmiş, bu halların heç birini nəzərə almamış, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş, işi tam və hər tərəfli araşdırmamışdır. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh bugünədək ona vurulmuş zərəri ödəməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddiaçı cavabdehin işçisi tərəfindən avtomobilə vurulmuş zərərin əvəzini ödənilməsini cavabdehdən tələb edir. İşin hallarından görünür ki, tərəflər arasında avtomobilin icarəyə verilməsi barədə şifahi razılaşma olmuşdur. Avtomobil cavabdehin sahibliyində olarkən onda nasazlığın yaranması cavabdeh tərəfindən təsdiq olunur. Bundan başqa, iş materiallarına əlavə edilmiş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, avtomobil cavabdehin sahibliyində olarkən onda nasazlığın yaranmış və razılığına əsasən avtomobilin təmir xərcini də cavabdeh ödəməli idi. Cavabdeh xərcin bir qismini ödəsə də, qalanını ödəməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (Mülki Məcəllə 21). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Başqa sözlə, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni, cavabdehin istənilən davranışına görə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin üçüncü şəxs tərəfindən idarə edilməsi ilə bağlı dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, şikayətin həmin dəlilləri əsassızdır və təmin edilə bilməz. İş materiallarından görünür ki, cavabdehdən tələb edilən zərər onun işçisi tərəfindən vurulmuşdur. Buna baxmayaraq kollegiya hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehə qarşı zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Tural Bəkirov izahatında hazırki iş üzrə cavabdeh olan Amilin işçisi (satış təmsilçisi) olduğunu, aralarında əmək müqaviləsi olduğunu və avtomobili özü (Tural) tərəfindən idarə edilən zaman xarab olduğunu bildirmişdir (xx.xx.2024-cü il tarixli iclas protokolunun audio-video yazısı 16:15 dəqiqəsi). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Tural Bəkirov izahatında daha sonra bildirmişdir ki, iddiaçı ilə şəxsən təmasda olmamış, yalnız bir dəfə etibarnamə alan zaman görmüşdür. Şahid ifadəsində daha sonra bildirmişdir ki, icarə haqqını da o, əmək haqqında çıxararaq cavabdehə vermiş və cavabdeh həmin pulu iddiaçıya göndərmişdir. Şahid həmçinin, avtomobilin mühərrikindən səs gəldiyini və bu barədə cavabdehə də məlumat verdiyini bildirmişdir. (xx.xx.2024-cü il tarixli iclas protokolunun audio-video yazısı 12:55 dəqiqəsi). Qeyd edilməlidir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Yuxarıda qeyd edilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Bundan başqa, Mülki Məcəllənin 683.3-cü maddəsinə görə, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlillərindən də müəyyən edilir ki, cavabdeh zərəri ödəməkdən imtinanı avtomobili üçüncü şəxsə istifadəyə verməsi (avtomobilin onda olması) ilə əsaslandırmışdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarında isə aydın şəkildə qeyd edilmişdir ki, hazırki iş üzrə cavabdeh hətta iddiaçı ikinci əldən kirayəyə razılıq versə belə işçisinin vurduğu zərərə görə məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarına əlavə edilmiş “vatsap” yazışmalarından da müəyyən edilir ki, cavabdeh iki ilə yaxın müddət ərzində olan yazışmalarında iddiaçıya borcu olduğunu bildirir və ona borcun ödənilməsi üçün vaxt verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş həmin sübut özü də məhkəmə kollegiyasında daxili inam yaradaraq bir daha təsdiq edir ki, cavabdehin iddiaçıya dəymiş zərərlə bağlı pul borcu olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, əgər doğrudan da cavabdehin iddia etdiyi kimi iddiaçıya borcu olmasaydı onda iki il ərzində iddiaçıya qeyd edilmiş məzmunda mesajlar yazmazdı. Belə ki, mesajların məzmunundan aydın görünür ki cavabdeh iddiaçıdan uzun müddət borcunu ödəmək üçün vaxt istəmişdir. Bu hal da bir daha təsdiq edir ki, cavabdehin iddiaçıya vurulmuş zərərlə bağlı borcu olmuşdur. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində izahatında iş üzrə şahid qismində dindirilmiş Turalın onun işçisi olduğunu bildirmişdir. Bu halı məhkəmə iclasında dindirilmiş şahid də öz izahatı ilə təsdiq etmişdir. İzahatın davamında isə cavabdeh işini bağladığını və iddiaçıya gəlib avtomobilini geri götürməsini bildirmişdir (xx.xx.2024-cü il tarixli iclas protokolunun audio-video yazısı 06:40 dəqiqəsi). Göründüyü kimi, avtomobil faktiki olaraq cavabdehin sahibliyinə verildiyindən və onu idarə edən şəxslərin də cavabdehin işçisi olduğundan, sonda cavabdeh biznesini bağlayan zaman özü iddiaçıya gəlib avtomobili geri götürməsini bildirmişdir. İşin həmin halı da bir daha təsdiq edir ki, avtomobilə cavabdeh olan şəxs hazırki iş üzrə cavabdeh olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin xarab olan vaxtı iddiaçının özü tərəfindən təmir edilməsi ilə bağlı digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili cavabdehin özü tərəfindən məhkəməyə çağırılmış şahid ifadəsi ilə təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş Bəkirov Tural izahatında bildirmişdir ki, avtomobil xarab olan zaman həmişə özü avtomobili təmir etdirmişdir (xx.xx.2024-cü il tarixli iclas protokolunun audio-video yazısı 13:15 dəqiqəsi). Göründüyü kimi, icarəyə götürülmüş avtomobil xarab olan zaman onu düzəltdirmək üçün öhdəlik bilavasitə cavabdehin işçisinin, dolayası ilə də cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin yuxarıda göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh (və/vəya hansısa dəlili irəli sürən) tərəf iddia tələbinin əsasları ilə bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə işin hallarından müəyyən edilir ki, Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə birinci instansiya məhkəməsində onun tərəfindən dəvət edilmiş şahid öz ifadəsi ilə cavabdehin dəlillərinin bir çoxunu təkzib etmişdir. Bundan başqa qanunvericilikdə zərərin ödənilməsi formaları nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı qeyd edilir ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi - zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(051)-663/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar