Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-995/2024 12.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(046)-520/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-192/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2009- cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(046)-520/2024-cü il tarixli qətnaməsi 19 mart 2024-cü il tarixdə İddiaçı məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. İddiaçı müraciətinə əsasən Göyçay Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(046)-520/2024 saylı qətnaməsi xx.xx.2024-cü il təkrar İddiaçı poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı Göyçay Rayon Məhkəməsinin 15 mart 2024- cü il tarixli 2(046)-520/2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti müddətinin bərpa edfilməsi barədə ərizəsi 17 iyun 2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur. Vəsatətə görə Göyçay Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh tutulan alimentin məbləği 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir və ondan apellyasiya qaydasında şikayət vermək istəyır. Lakin Göyçay rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 nömrəli qətnaməsi ilkin olaraq onun adına olan asan imza nömrəsinə vurulmuşdur. O, həmən nömrədən faktiki olaraq istifadə etmədiyi üçün və nömrənin kod-parolunu belə itirdiyi üçün həmin qətnaməni əldə edə bilməmişdir. Yalnız sonradan rəsmi qaydada müraciət etdikdən sonra məlum olub ki, qətnamə həmin asan imza nömrəsinə yerləşdirilib. Bundan sonra o, əlavə rüsum ödəyərək həmin qətnaməni rəsmi qaydada xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduğu ünvan 1 ünvanında əldə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin ünvanda yaşayış qeydiyyatında olsa da, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində kirayənişin olaraq yaşayır. Məhkəmə prosesində hətta xahiş etmişdir ki, qətnaməni onun müvəqqəti yaşadığı ünvana göndərsinlər. Elə bu səbəbdən də apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bılməmişdir. Məhkəmədən Göyçay Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 nömrəli apellyasiya şikayəti verilməsı müddətininin bərpa ediməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-520/2024 saylı, 28 iyun 2024-cü il tarixli qərardadı ilə, Göyçay Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinə müddətin bərpa edilməsi üçün verdiyi ərizədə Göyçay Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)- 520/2024 nömrəli qətnaməsinin ilkin olaraq onun adına olan asan imza nömrəsinə vurulmasını, lakin onun həmən nömrədən faktiki olaraq istifadə etmədiyi üçün və nömrənin kod parolunu belə itirdiyi üçün həmin qətnaməni əldə edə bilmədiyini, yalnız sonradan rəsmi qaydada müraciət etdikdən sonra qətnamənin həmin asan imza nömrəsinə yerləşdirildiyindən məlumatım olmasını, bundan sonra o, əlavə rüsum ödəyərək həmin qətnaməni rəsmi qaydada xx.xx.2024-cü il tarixdə yaşayış qeydiyyatında olduğu ünvan 1 ünvanında əldə etdiyini göstərsə də məhkəmə bunların heç birini nəzərə almamışdır. Ərizədə Hörmətli Məhkəmənin nəzərinə onun həmin ünvanda yaşayış qeydiyyatında olsa da, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində kirayədə yaşadığını, hətta məhkəmə prosesində qətnaməni onun müvəqqəti yaşadığı ünvana göndərilməsini xahiş etdiyini göstərsə də, bunların heç biri nəzərə alınmamışdır. Yuxarıda qeyd edilən səbəbdən də apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddətdə verə bılməmişdir. Məhkəmədən tərəfindən verilmiş şikayətin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadı ilə, Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadından İddiaçı Mirzı qızının verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)- 520/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, İddiaçı Göyçay Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qətnaməsi 19 mart 2024cü ildə rəsmi qaydada İddiaçı məxsus elektron kabinetə yerləşdirilmişdir. Hazırki iş üzrə İddiaçı Göyçay Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qətnaməsi 19 mart 2024-cü il tarixdə elektron kabinetinə yerləşdirildiyindən, müddətin axımı həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş buraxılmış müddəti müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə bərpa edir. Üzürlü səbəblər dedikdə isə,müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərin yerinə yetirilməsini istisna edən,həmin hərəkətlərə mane olan və ya onları çətinləşdirən səbəblər başa düşülür. Məsələn, başqa yaşayış məntəqəsində ezamiyyətdə olma, əmək qabiliyyətini müvəqqəti itirmə, yaxın qohumunun vəfat etməsi və s. Kollegiya əlavə olaraq qeyd edir ki, Göyçay Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli, 2(046)-520/2024 saylı qətnaməsi ilkin olaraq onun adına olan asan imza nömrəsinə vurulması və həmin nömrədən faktiki olaraq istifadə etmədiyi üçün və nömrənin kodparolunu belə itirdiyi üçün həmin qətnaməni əldə edə bilməməsinə məhkəmə kollegiyası qeyd edir ki, asan imza iddiaçının şəxsən adına olduğundan həmin imza ilə əlaqəli yaranmış problemlərin həlli üçün ilk növbədə müvafiq mobil operatora müraciət etməlidir. Hazırki iş üzrə isə İddiaçı istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(046)-520/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-995/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-995/2024
12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver