Məhkəmə qərarları › İş №2(107)-995/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-995/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-995/2025 14.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tаrixli, e-2(051)-781/2025 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan cavabdehə məxsus +**********76 mobil nömrəsi ilə olan yazışmalardan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiaçıya olan borcundan 200 manat göndərmişdir.

2. Cavabdeh sonuncu ödənişləri xx.xx.2022-ci ildə etmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə iclasında iştirak etməmiş, onun tərəfindən ödənildiyi iddia edilən sonuncu ödənişlərə münasibət bildirməmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4600 manat əsas borcun və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır. O, 2020ci ilin may ayının 15-də ona müraciət edərək pul lazım olduğunu bildirmiş və hərbi biletini girov qoyaraq Sumqayıt şəhərində ondan 2077 manat məbləğində borc pul almışdır. 2020ci ilin iyun ayında ona müraciət edərək daha 4200 manat pul lazım olduğunu bildirmiş və onun adına olan 4169xxx3287, 4169xxx9089 və 4269xxx1708 saylı kart hesab nömrələrinə 2020-ci ilin may ayından 2020-ci ilin sentyabr ayına kimi hissə-hissə olmaqla ümumilikdə 4173 manat vəsait göndərmiş, cavabdehə ümumilikdə 6250 manat məbləğində vəsait göndərmiş və cavabdeh həmin puldan ona hissə-hissə geri ödəmələr etmiş və sonuncu dəfə xx.xx.2022-ci ildə 200 manat pulu kart hesabına qaytarmaqla cəmi 1650 manat vermiş, onun qalan borcu 4600 manat təşkil edir. Cavabdeh ondan borc aldığı bu pulları qaytarmadığı üçün onun barəsində şikayət etmiş və lakin verdiyi pulları geri ala bilməmişdir. O, cavabdehdən həmin pulu qaytarmasını tələb etmiş və ona pretenziya qaydasında xx.xx.2024-cü ildə məktub göndərmiş, bir ay ərzində həmin vəsaiti qaytarmasını bildirmiş, lakin cavabdeh məktubu alsa da cavab belə verməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək, iddianın əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək İddiaçı 2077 manat pulu faiz kimi götürdüyünü və ona 2523 manat borcunun qalmasını qeyd etmiş, müalicə almağına görə ölkə xaricində olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinə müddət tətbiq edilərək rədd edilməsini xahiş etmişdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 12 avqust 2025-ci il tаrixli, e-2(051)-781/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2523 (iki min beş yüz iyirmi üç) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun əvəzi 36 (otuz altı) manat Cavabdeh tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 385.1, 375.1, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 427.2, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ...tərəfindən məhkəməyə təqdim olunmuş WhatsApp yazışmaları, kart üzrə ödəniş qəbzləri ilə də onun cavabdehə iddia etdiyi məbləğdə pul verdiyi təsdiq olunsa da, məhkəmə həmin sübutlara düzgün qiymət verməmiş və bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsaslardan biri kimi qəbul edilməlidir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tаrixli, e-2(051)- 781/2025 saylı qətnaməsini iddia tələbinin təmin olunmaması hissəsində ləgv etməklə iddia tələbinin bütünlüklə təmin olunması və cavabdehdən 4600 manat pulun və tərəfindən ödənilmiş dövlət rüsumlarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini göstərmiş, işə apellyasiya şikayətinin dəlilləri əsasında baxılmaqla şikayətin təmin edilməsi, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 739. Borc müqaviləsi (xx.xx.2023-cü il tarixədək qüvvədə olan): - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Maddə 740. Borc müqaviləsinin forması (xx.xx.2023-cü il tarixədək qüvvədə olan): - 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tаrixli, e-2(051)-781/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. Müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıya borc pul vermişdir. Aralarında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydadda yerinə yetirməyərək aldığı borcun bir hissəsin qaytarmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, onun tərəfindən ödənildiyi iddia edilən sonuncu ödənişlərə münasibət bildirməmişdir. İşə mahiyyəti üzrə baxan Mingəçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

36. Tərəflər məhkəmə iclasında iştirak etmədiyindən kollegiya yalnız iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərə uyğun araşdırma aparmışdır.

37. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tanışı olan cavabdeh 2020-ci ilin may ayının 15-də ondan 2077 manat məbləğində borc pul almışdır. 2020-ci ilin iyun ayında ona müraciət edərək daha 4200 manat pul lazım olduğunu bildirmiş və onun adına olan 4169xxx3287, 4169xxx9089 və 4269xxx1708 saylı kart hesab nömrələrinə 2020-ci ilin may ayından 2020-ci ilin sentyabr ayına kimi hissə-hissə olmaqla ümumilikdə 4173 manat vəsait göndərmiş, cavabdehə ümumilikdə 6250 manat məbləğində vəsait göndərmişdir.

38. Cavabdeh iddiaçıdan 2077 manatın faiz kimi (sələmə) götürdüyüniü bildirmişdir.

39. İddiaçının cavabdehə kartlar vasitəsi ilə göndərdiyi pulun ümumi məbləğinin 4173 manat olduğunu göstərir və cavabdehin hissə-hissə geri ödəmələr etməklə həmin məbləğdən 1600 manat qaytardığını bildirir.

40. Cavabdeh də iddiaçıya borcunun olduğunu etiraf edir və həmin borc məbləğinin 4600 manat deyil, 2523 manat təşkil etdiyini bildirir.

41. Eyni zamanda, kollegiya iddiaçının əvvəlki borcunu qaytarmadığı halda, yenidən cavabdehə borc verməsini (həm də 2 dəfə artıq) ağlabatan və məntiqli hesab etmir.

42. Göründüyü kimi, cavabdeh iddiaçıya qalan borcunun 2523 manat olmasını etiraf etmişdir. İddiaçı tələb etdiyi 4600 manat borc məbləğinin qalan hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh qeyd olunan borcla bağlı məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etsə də iddiaçının təqdim etdiyi yazışmalarda cavabdehin 3 illik müddət ərzində borcundan müəyyən məbləğ ödədiyi göstərilmişdir.

43. Apellyasiya şikayəti əsasən iki dəlildən ibarətdir.

44. Birinci dəlil, cavabdehin iddiaçının xeyrinə əsassız varlanması barədədir.

45. Kollegiya həmin dəlillə razılaşmayaraq qeyd edir ki, iddiaçı borcun hissə-hissə verdiyini bəyan edir ki, həmin hissələr də ayrı-ayrılıqda üç min manat həddinə çatmır. Bu isə qanunun tərəflər arsındakı borc müqaviləsinin yazılı formada bağlanmalı olması barədə göstərişinin təsiri altına düşmür.

46. İkinci dəlil isə birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə yazışmalara düzgün qiymət verilməməsi barədədir.

47. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, tərəflər arasında “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə olan yazışmalardan qalıq borc haqqında dəqiq nəticəyə gəlinməsi mümkünsüzdür.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

49. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

50. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

51. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

53. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

54. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tаrixli, e-2(051)-781/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tаrixli, e-2(051)-781/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar