Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-997/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi və Cavabdeh2 iştirakı ilə İddiaçı "İddiaçı" ASC-in cavabdehlər Cavabdeh3 Əhməd qızı və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə çıxarılmış Zaqatala Rаyоn Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(033)-164/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 842,83 ABŞ dolları əsas kredit borcu, 975,39 ABŞ dolları faiz borcu, 2720,25 ABŞ dolları məbləğində cərimə borcu, 27 avqust 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 130,08 ABŞ dolları borc, ümumilikdə 4668,55 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun "İddiaçı" ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rаyоn Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(033)-164/2021 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 Əhməd qızı və Cavabdeh2 müştərək qaydada 842,83 ABŞ dolları əsas kredit borcu, 975,39 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, 27 avqust 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 130,08 ABŞ dolları borc, ümumilikdə 1968,30 ABŞ dolları məbləğində borc ödənildiyi günə olan Azərbaycan məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 Zaqatala Rаyоn Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(033)-164/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik faiz dərəcəsi 21,5% olmaqla 4300 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bankın arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit borcunun qaytarılması barədə borclulara dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. Cavabdehin 27 avqust 2020-ci il tarixinədək 842,83 ABŞ dolları əsas kredit borcu, 975,39 ABŞ dolları faiz borcu, 2720,25 ABŞ dolları məbləğində cərimə borcu, 27 avqust 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 130,08 ABŞ dolları borc, ümumilikdə 4668,55 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi 08 sentyabr 2015-ci il tarixdə bağlanmış və həmin müqavilə üzrə öhdəliyin icra müddəti isə 08 sentyabr 2017-ci il tarixdə bitmişdir. Keçən 3 il müddətində isə kreditor "İddiaçı" ASC ona qarşı hər-hansı bir tələblə iddia irəli sürməmiş və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş 2(iki) illik kəsici iddia müddətini ötürmüşdür. Yəni, qanunvericiliyin tələblərinə əsasən, hazırki işdə onun zaminliyinə xitam verilmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsində hakimin diqqətinə çatdırmağına baxmayaraq, məhkəmə işin bu halını nəzərə almadan iddianı ona qarşı olan hissədə də təmin etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(033)- 164/2021 iş nömrəli qətnaməsini ona aid, yəni, "borcun Cavabdeh2 Karimbala qızından müştərək qaydadaa tutulması” hissəsində ləğv edilərək, zaminə qarşı tələb müddətinin ötürülməsi əsası ilə həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Bankla Cavabdeh3 Əhməd qızı arasında kredit müqaviləsi 08 sentyabr 2015ci il tarixdə bağlanmış və həmin müqavilə üzrə öhdəliyin icra müddəti isə 08 sentyabr 2017-ci il tarixdə bitmişdir. Lakin müqavilənin vaxtının bitməsindən xeyli müddət keçməsinə baxmayaraq, Bu müddət ərzində Bank məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, zaminə qarşı iddia müddəti keçdiyindən, tələb ona qarşı təmin oluna bilməz. Odur ki, apellyasiya şikayətini təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəfin nümayəndəsi və Cavabdeh3 Əhməd qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh2 15.01.2019-cu il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və ipoteka predmetinə dair yenidən qiymətləndirmə təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən göründüyü kimi qətnamə yalnız iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 aid təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 08 sentyabr 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 21,5% olmaqla 4300 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürmüşdür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 08 sentyabr 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit və zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, dəbbə pulu və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun Banka 842,83 ABŞ dolları məbləğində əsas kredit borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı həmin hüququndan istifadə edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə görə cavabdehin bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini Cavabdeh1 münasibətdə əsaslı hesab etsə də zamin-Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin göstərişinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan Zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Kollegiya hesab edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi; illər, aylar, həftələr, günlər və ya saatlar; hökmən baş verməli olan hadisə. 08.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 08.09.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, 23 sentyabr 2020-ci il tarixdə imzalanmış, 04.11.2020-ci il tarixdə isə məhkəmənin icraatına daxil olmuşdur. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, zaminliyə xitam verildiyindən zamin Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili bu hissədə əsaslıdır, birinci instansiya məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməklə maddi hüquq normasını pozduğundan qətnamə zaminə aid olan hissədə ləğv edilməli və zaminə qarşı yönəlmiş tələb rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rаyоn Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(033)-164/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-997/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-997/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver