Məhkəmə qərarları › İş №2(107)-998/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-998/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-998/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair (Açar sözlər: aliment məbləğinin artırılması və əlavə xərc tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02289 saylı barışıq sazişi ilə müəyyən edilən 180 manat aliment məbləğinin artırılması, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan xx.xx.2021-ci il tarixdə Uğur adlı övladları olmuşdur. Aralarında olan nikah Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Məhkəməyə müraciət etməzdən əvvəl aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2023-cü il tarixdə, MŞŞ/MT-018/202302289 saylı barışıq sazişi bağlanmışdır. 2.2. Barışıq sazişinin şərtlərinə əsasən 12 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay 180 (bir yüz səksən) manat olmaqla sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ona ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Aradan 5 aydan artıq müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşağın ehtiyaclarını qarşılamağa imkan vermir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2024-cü il tarixdə, MŞŞ/MT018/2024-00242 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən tutulacaq alimentin miqdarının artırılması və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim: K.Musayev) 23 may 2024-cü il tarixli, 2(075)- 1057/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və onun tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına, uşağın gözündə narahatçılıq olması və astmaya meyilli olmasına əsaslanmaqla tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə onun xeyrinə sabit pul məbləğində 180 manat aliment ödənilməsi razılaşdırılmışdır ki, həmin məbləğ 2024-cü il üçün məhkəmələr tərəfindən təyin edilən aliment məbləğinə uyğun olmaqla ədalətlidir. Məhkəmənin qənaətinə görə göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən sonra artırılmasına əsas təşkil etməməkdədir. Birinci instansiya məhkəməsi iddiaçının nəzərinə çatdırmışdır ki, uşağın səhhətində problemlərin yaranması, onun sağlamlığı üçün əlavə xərclərin tələb edilməsi ilə əlaqədar, cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Birinci instansiya məhkəməsi iddia tələbinin “uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsində ümumi uşaqların doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan, ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla ərdən arvada alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin gəlirləri barədə heç bir sübut təqdim etməmişdir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə uyğunluq təşkil etmir. Qeyd edilənlərə əsasən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 81.1, 81.2, 81.3, 84.1, 84.2.2, 85.1.1 112.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36, 36.1.1 və 36.1.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması tamamilə əsassızdır. Belə ki, mediasiya sessiyasında cavabdehin könüllü surətdə 180 manat ödəməyə razılıq verməsi onun həmin məbləği rahat şəkildə ödəmə qabiliyyətinin olması kimi qəbul edilməlidir. Hazırda isə qlobal bahalaşma, yanacağın qiymətinin artması, cavabdehin atasının şikayətindən sonra onun işdən çıxarılmağı da uşağın ehtiyaclarını qarşılamağına ciddi təsir edir. Elektron Məhkəmə kabinetinə nəzər yetirəndə cavabdeh tərəfindən müxtəlif şəxslərə məxsus məhkəmə qətnamələrinin yerləşdirilməsi müəyyən olunur. Hansı ki, Cavabdeh vəkil deyil, nə də həmin şəxslərlə qohumluq əlaqələri yoxdur. Necə ola bilər ki, həmin qətnamələr Elvinin əlinə keçsin və o həmin qətnamələrdən məhkəməyə təsir kimi istifadə etsin. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin e-2(075)-1057/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-02289 saylı barışıq sazişi ilə müəyyən edilən 180 manat aliment məbləğinin artırılmasını, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulmasını və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 23 may 2024cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunu: “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin e-2(075)- 1057/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-02289 saylı barışıq sazişi ilə müəyyən edilən 180 manat aliment məbləğinin artırılmasını, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment və eyni zamanda uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulmasını və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də iş üzrə Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrininqətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və onun tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına, uşağın gözündə narahatçılıq olması və astmaya meyilli olmasına əsaslanmaqla tələb etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmənin yanaşması tamamilə əsassızdır. Belə ki, mediasiya sessiyasında cavabdehin könüllü surətdə 180 manat ödəməyə razılıq verməsi onun həmin məbləği rahat şəkildə ödəmə qabiliyyətinin olması kimi qəbul edilməlidir. Hazırda isə qlobal bahalaşma, yanacağın qiymətinin artması, cavabdehin atasının şikayətindən sonra onun işdən çıxarılmağı da uşağın ehtiyaclarını qarşılamağına ciddi təsir edir. Elektron Məhkəmə kabinetinə nəzər yetirəndə cavabdeh tərəfindən müxtəlif şəxslərə məxsus məhkəmə qətnamələrinin yerləşdirilməsi müəyyən olunur. Hansı ki, Cavabdeh vəkil deyil, nə də həmin şəxslərlə qohumluq əlaqələri yoxdur. Necə ola bilər ki, həmin qətnamələr Elvinin əlinə keçsin və o, həmin qətnamələrdən məhkəməyə təsir kimi istifadə etsin. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Qanunverici prinsip etibarilə alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə onun xeyrinə sabit pul məbləğində 180 manat aliment ödənilməsi razılaşdırılmışdır ki, həmin məbləğ 2024-cü il üçün məhkəmələr tərəfindən təyin edilən aliment məbləğinə uyğun olmaqla ədalətlidir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən sonra artırılmasına əsas təşkil etməməkdədir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, uşağın səhhətində problemlərin yaranması, onun sağlamlığı üçün əlavə xərclərin tələb edilməsi ilə əlaqədar, cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. İddia tələbinin “uşaq 3 yaşına çatanadək 100 manat əlavə xərclərin tutulması” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsində ümumi uşaqların doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan, ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla ərdən arvada alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin gəlirləri barədə heç bir sübut təqdim etməmişdir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə uyğunluq təşkil etmir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(075)-1057/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar