Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-999/2025 17.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) X3 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(039)-459/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8853.4 manat əsas borc, 867.27 manat faiz borcu, 148.72 manat cərimə, cəmi 9869.39 manat borcun və 119.10 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 13 may 2025-ci il tarixli, e-2(039)- 459/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8853.4 manat əsas borc, 259.27 manat faiz borcu, 148.72 manat cərimə, cəmi 9261.39 (doqquz min iki yüz altmış bir manat otuz doqquz qəpik) manat borcun, 112.62 (bir yüz on iki manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etirazında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə daxil olmuş ərizəsində məhkəmə iclasında cavabdehin və onun iştirak etməyəcəklərini, əvvəlki ərizələrində qeyd etdikləri kimi apellyasiya şikayətlərindən imtina etdiklərini göstərmiş və ona görə də apellyasiya icraatına xitam verilməsini xahiş etmiş, üçüncü şəxs "xxxx" ASC məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, iddiaçı «X1» ASC isə nümayəndəsinin iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil 06 fevral 2026-cı il tarixdə məhkəmə kollegiyasına daxil olmuş ərizələrində hazırda iddiaçı ilə cavabdeh arasında bu məsələnin məhkəmədən kənar həll edilməsi üçün razılığa gəlindiyini, iddiaçı tərəfindən cavabdehə yeni qrafikin təqdim edildiyini və cavabdeh tərəfindən artıq ilkin ödənişin də edildiyini əsas gətirərək, apellyasiya şikayətindən imtina etmişlər və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(039)-459/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-999/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-999/2025
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver