Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-100/2023 16.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 18000 manat borcunu və dövlət rüsumu olaraq ödədiyi 144 manat, ümumilikdə 18144 manat məbləğində pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh uzun müddətdir tanıdığını, özünün qızıl-zinət əşyalarının alqı-atqısı ilə məşğul olduğunu, 2018-ci ilin yay aylarında Taciəddinin bir nəfərlə iş yerinə gələrək ona borc pul lazım olduğunu, cavabdehi əvvəldən tanıdığını, dəfələrlə ondan qızıl-zinət alıb satdığını, pulunu vaxtı-vaxtında ödədiyini nəzərə alaraq ona güvənib heç bir rəsmi sənəd almadan qardaşı Şəmsəddin Mehdiyevin və kürəkəni X1 iştirakları ilə 18000 manat boc pul verdiyini, cavabdehin tez bir zamanda pulu qaytaracağını söz verdiyini, ona görə tələb olunan məbləği ona verdiyini, bu günə kimi cavabdehin 18000 manat pulu qaytarmadığını, bu müddət ərzində dəfələrlə cavabdehdən pulu qaytarmağı tələb etsə də,cavabdehin ona pulu olmadığını, ona görə qaytara bilmədiyini, bir az vaxt verməyi xahiş etdiyini, pulu qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilən suallara cavaından iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq Taciəddinə əvvəllər aralarında olan münasibətə etibar edərək 2018-ci ildə cavabdehə qızıl zinət əşyaları və borc pul verdiyini, lakin Taciəddinin müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığını, 2021-ci ildə cavabdehə qarşı qızıl zinət əşyaları və pul tələbi barədə Şərur rayon Məhkəməsində iddia qaldırdığını, qızılların dəyəri ilə bağlı qərar verilsə də pullarla bağlı Taciəddinin əməlində dələduzluq əlamətləri olduğundan Şərur rayon prokurorluğuna göndərildiyini, şəxsin əməlinin araşdırıldığını, yalniz bundan sonra Taciəddin borcunu 2022-ci ilin iyul ayının 31-dək qaytarmağı öhdəsinə götürdüyündən 2021-ci ilin noyabr ayında aralarında borcun mövcudluğuna dair müqavilə bağladıqlarını, lakin sonra Taciəddinin ona olan borclarını ödəmədən Rusiyaya çıxıb getdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədi icra nümayəndəliyinə göndərilmiş, icra nümayəndəliyinin arayışına əsasən məhkəmə sənədi cavabdehin qardaşına çatdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında qardaşı ilə iddiaçının yaxın münasibətləri olduğunu, qardaşının hal-hazırda Rusiyada yaşadığını, onunla əlaqə saxlayaraq məhkəmə barədə ona məlumat verdiyini, onun isə cavabında alver etməyə başladığını, məsələni yoluna qoyacağını bildirdiyini Taciəddinin Əliyə 18000 manat borcu olduğunu, 2021-ci ildə aralarında bağlanmış müqavilə üzrə şahid qismində iştirak etməyini o zaman qardaşının ondan xahiş etdiyini, pulun onun yanında verilmədiyini, lakin qardaşının həqiqətən Taciəddinə 18000 borcu olduğunu etiraf etdiyini və müqavilədəki tarixdə qaytaracağına söz verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında 2021-ci ildə tərəflər arasında bağlanmış müqaviləyə şahid qismində iştirak edərək imza atdığını, Cavabdeh 18000 manat məbləğində borcu olduğunu etiraf etdiyini, onun yanında pul verilmədiyini, Cavabdeh hər hansı kənar müdaxilə, təsir hiss olunmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 18000 manat borc almış və borcunu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, X2 və X4 buna şahidlik etmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 470/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh 45500 manat verdiyi pulun, ondan aldığı 128 qr qızıl boyunbağı, 72 qr qızıl qolbağı, 1 brilliant dəsti, 1 brilliant boyunbağı və 2 brilliant üzüyünün dəyəri olan 21860 manat olmaqla, ümumilikdə 67360 (altmış yeddi min üç yüz altmış) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddia qismən təmin edilmiş, qızıl-zinət əşyalarının cəmi dəyəri olan 13840 manat təmin edilmiş, iddia digər hissədə rədd edilmiş və həmin hissədə Cavabdeh hərəkətlərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin yaranması üçün əsaslı şübhələr olduğundan həmin xüsusatların yoxlanılması və hüquqi qiymət verilməsi üçün bu barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şərur rayon prokuroruna göndərildiyi qeyd olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında əvvəllər şifahi olaraq borc müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə mövcud borcun etirafına dair müqavilə bağlanmış, cavabdeh borcunu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüdür. Cavabdeh tərəfindən borcun etirafı məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 18000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 144 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 18000 (on səkkiz min) manat pul vəsaiti və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-100/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-100/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver