Məhkəmə qərarları › İş №2(110)-1008/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1008/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1008/2023 30.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-599/2019 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində Şərur rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 06 nömrəli qeydiyyatı ilə cavabdehlə nikahlarının pozulduğunu, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 onunla yaşadığını, alimentin məbləğinin təyin olunduğunu, sonradan aliment məbləğinin tələbi ilə dəyişdirilərək 2012-ci ildə Şərur Rayon Məhkəməsinin 2(110)-198/2012 saylı qətnaməsi ilə 50 manat sabit pul məbləğində müəyyən edildiyini, məbləğ uşağın təlabatını təmin etmədiyindən həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(110)-198/2012 saylı qətnaməsi ilə artırılaraq 100 manat məbləğində təyin olunduğunu, sonuncu qətnamənin qəbulundan 3 ildən artıq vaxt keçdiyini, hər ay 100 manat məbləğində aliment ödənildiyini, lakin ardıcıl xarakter daşımadığını, cavabdehin ödədiyi alimentin miqdarının uşaqlar üçün yaşayış minumumudan çox-çox aşağı olduğunu, oğlunun 10-cu sinif şagirdi olduğunu, universitetə hazırlıq məqsədilə aylıq 300-400 manata yaxın xərc çəkməli olduğunu, lakin cavabdehin heç bir köməklik göstərmədiyini, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Təşkilatına da müraciət olunduğunu, lakn cavabdehin mediasiya prosesindən imtina etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında qızının Bakı şəhərində yaşadığını, orada işlədiyini, buna görə məhkəmədə iştirak edə bilmədiyini, cavabdehin uşağın saxlanılması üçün 100 manat aliment ödədiyini, bundan başqa uşağı ilə maraqlanmadığını, uşağın Bakı şəhərində 6 fəndən hazırlığa getdiyini, cavabdehin qazancının yaxşı olduğunu, təsərrüfatla məşğul olduğunu, təsərrüfatında malqarasının olduğunu, torpaq sahəsi icarayə götürüb əkib-becərdiyini, həmçinin özünə məxsus avtomobili olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında hal-hazırda evli olduğunu, həmin evlilikdən 2 uşağının olduğunu, yay aylarında əkinçilik ilə məşğul olduğunu, 6 ay ərzində özünün 200 manat ödəyə biləcəyini, qış aylarında isə heç bir işlə məşğul olmadığını, ailəsini ancaq dolandırdığını, yoldaşının onkoloji xəstəsi olduğunu, onun bütün xərclərini qarşıladığını, təyin olunan alimenti vaxtı-vaxtında ödədiyini, 150 manatdan artıq aliment ödəməyə imkanının olmadığını, uşağın 6 aylıq olan vaxtı ayrıldıqlarını, o vaxtdan uşağını bir dəfə keçən il gördüyünü bildirərək iddianın qismən təmin olunması xahiş eymişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur Rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 120563 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, tərəflər arasındakı nikah xx.xx.2010-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 599/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Muğanlı kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixlii 311 nömrəli arayışdan görünür ki, Cavabdeh valideynləri ilə birlikdə 7 baş iribuynuzlu malqarası və özünə məxsus bir ədəd avtomobili vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının nümayəndəsi və cavabdehin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 1 uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-599/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün hər ay cavabdehdən 100 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi cavabdehin təsərrüfatında mal-qara və özünə məxsus avtomobilin olması ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh evli və 2 uşağının olduğunu bildirmiş və 150 manatdan artıq aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib cavabdehin qazancını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 28,7 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-599/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 28,7 manat (iyirmi səkkiz manat yetmiş qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar