Məhkəmə qərarları › İş №2(110)-1034/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1034/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1034/2024 19.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, və cavabdehin nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2900 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 49 manat pulun, cəmi 2949 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Vərməziyar kəndində yaşadığını, 2022-ci ilin noyabr ayında əvəllər qonşusu olduğu haliyədə Şərur rayon Çərçiboğan kəndində yaşayan Cavabdeh həyat yoldaşı ilə birlikdə onun yaşadığı evə gələrək onun 6000 manat pula ehtiyacı olduğunu bildirdiyini, pulu bir ay müddətinə qaytacağını söz verdiyini, ona 6000 manat pul verdiyini, həmin vaxtdan bir ay keçdikdən sonra cavabdehin yenidən onun yaşadığı evə gələrək əlavə olaraq ona 4000 manat pul lazım olduğunu bildirdiyini, cavabdehin əvvəllər onunla yaxın münasibəti olduğundan ona əlavə olaraq da 4000 manat pul verdiyini, həmin vaxtdan iki ay keçdikdən sonra cavabdehin ona 400 manat pulu qaytardığını, 2024-cü ilin mart ayında isə 7000 manat pulu oğlunun maaş kartına köçürdüyünü, həmin puldan 300 manat tutulduğunu, beləliklə cavabdehin ona ümumlikdə 7100 manat pul qaytardığını, qalan 2900 manat pulun bu günə kimi qaytarılmadığını, bu məsələ ilə bağlı Şərur Rayon Prokurorluğuna müraciət etsə də heç bir müsbət nəticənin olunmadığını, məhkəməyə müraciət etməli olduğunu bildiridyini, cavabdehlə aralarında olan danışıqların heç bir nəticə vermədiyini, bu günə qədər 2900 manat borcu qaldırdığını, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə münasibətlərinin yaxşı olduğunu, onu qızı kimi istədiyini, onun adını Gülnaz olaraq bildiklərini, bir gün cavabdehin gələrək sex açdıqlarını və ona 6000 manat pul lazım olduğunu bildirdiyini, ona 6000 manat verdiyini, 1 həftə keçdikdən sonra isə yenidən gələrək 4000 manat pul istədiyini, ona inandığı üçün pulu verdiyini, sonra özünün xəstəliyi ilə bağlı Bakı şəhərinə getdiyini, bu müddət ərzində cavabdehin onun pulunu vermədiyini, sonra 2023-cü ilin dekabr ayında gələrək pulunun əvəzinə olaraq cavabdehin özlərinə məxsus maşını ona verməyi təklif etdiklərini, lakin aralarında razılaşmanın olmadığını, yenə pulunu tələb edəndə cavabdehin 400 manat qaytardığını, bu ilin mart ayında isə cavabdehin 7000 manat pulu oğlunun maaş kartına yüklədiyini, həmin puldan da 300 manat çıxdığını, cavabdehin ona 7100 manat pulu qaytardığını, 2900 manat pulunu qaytarmaqdan imtina etdiyini, pulu evində gəlininin və nəvəsinin yanında ona verdiyini, pulunu ödəmədiyindən məcbur qalıb Şərur Rayon Prokurorluğuna müraciət etdiyini, onların isə iddia qaldırmaq hüququnun olduğunu bildirdiklərini, buna görə də məhkəməyə müraciət etdiyini bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçını Gülnaz olaraq tanıdığını, onunla ata evində qonşu olduqlarını, ona pul ehtiyac olduğunu və adına da kredit olduğu üçün bankdan kredit götürə bilmədiyini, iddiaçının faizi ilə pul verdiyini bildiyini, 2022-ci ilin dekabr ayı olduğunu, yoldaşı ilə iddiaçının evinə gedərək 3000 manat pul aldıqlarını, sonra isə iki dəfə 1000 manat olmaqla, 2000 manat pul götürdüklərini, ididaçının həmin pula görə aylıq 400 manat faiz istədiyini, yanvar ayı faiz üçün 400 manat ödədiyini, lakin ikinci aydan isə 300 manat ödəyəcəyini dediyini, iki ay da 300 manadan 600 manat ödədiyini, lakin sonra imkanı çatmadığına görə borcunu ödəyə bilmədiyini, sonra iddiaçının bir neçə dəfə evə gələrək pulunu tələb etdiyini, ona pulunu qaytaracağını bildirdiyini, iddiaçının isə onu direktor olduu üçün şantaj edərək məktəbdə rüsvay edəcəyini bildirdiyini, məcbur qalıb adına kredit götürərək faizi ilə birlikdə 7000 manat pulu iddiaçının oğlunun kartına göndərdiyini, həmin kartdan da 300 manat xidmət haqqı tutulduğunu, iddiaçıya olan borcunu tam şəkildə ödədiyini bildirərək iddianın rədd olunmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili Vəkil iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, *7488 sonluqlu kartdan 3900 manat, *8963 nömrəli kartdan 2800 manat olmaqla 510307******5822 nömrəli karta ümumilikdə 6700 manat pul vəsaiti köçürülmüşdür. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin dekabr ayı olduğunu, Elnarənin yoldaşı ilə onlara gəldiyini, qayınanasının ona 7000 manat pul verdiyini, həmin vaxtı onların yanında olduğunu, sonradan isə 3000 manat verdiyiyini, lakin həmin vaxtı evdə olmadığını, yoldaşının maşının pulu olduğu üçün 7000 manatın bütöv olduğunu bildiyini, pulu qayınanasının saxladığını, onun yanında 7000 manat pulun sayılıb verdiyini, qayınanasının faizi ilə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin qış ayı olduğunu, Elnarənin yoldaşı ilə onlara gəldiyini, nənəsinin cavabdehə 10000 manat pul verdiyini, həmin vaxtı evdə nənəsinin, anasının və özünün olduğunu, nənəsinin 10000 manat pulu onun yanında sayıb verdiyini, nənəsinin faizi ilə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin dekabr ayı olduğunu, Elnarənin ona zəng vuraraq Gülnaz xaladan pul almalı olduğunu dediyini, adını Gülnaz bildiyi Nərminəgilə getdiyini, iddiaçının ona 1000 manat verdiyini, 15 gündən sonra Elnarənin yenidən Gülnaz xaladan pul götürməli olduğunu bildirdiyini, yenidən onlara getdiyini və 1000 manat aldığını, ümumilikdə iddiaçıdan 2000 manat pul aldığını, pulu sayıb götürdüyünü və Elnarəyə də sayıb verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında cavabdehin əri olduğunu, imkanlarının aşağı olduğunu, tibi səbəblərdən onlara pul lazım olduğunu, Elnarənin Gülnaz xala ilə danışdıqdan sonra onlara pul verəcəyini bildirdiyini, 2022-ci ilin dekabr ayı olduğunu, Elnarə ilə Gülnaz xalagilə getdiklərini, iddiaçıdan 3000 manat faizi ilə pul götürdüklərini, sonra iki dəfə də 1000 manat olmaqla qardaşının gedib aldığını, birinci ay faizə görə 400 manat, ikinci aydan isə 300 manat verəcəklərini bildirdiyini, 3-4 ay faizi ödədikdən sonra iddiaçının pulunu qaytara bilmədiklərini, bir dəfə də 600 manat özünün tək verdiyini, iddiaçının pulunu israrla tələb etdiyini və Elnarəni məktəbdə rüsvay edəcəyini dediyini, pulun əvəzinə maşınını iddiaçıya vermək istəsə də razılaşa bilmədiklərini, sonra Elnarənin adına 17000 manat kredit götürdüklərini, pulun 7000 manatını iddiaçının oğlunun kartına göndərdiklərini, qalanını isə başqa borclarına ödədiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə şifahi borc müqaviləsi əsasında borc pul vermişdir. İddiaçı cavabdehə 10000 manat borc verdiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlərdən gəlini 7000 manat, nəvəsi isə 10000 manat pulun verilməsi ilə bağlı ziddiyyətli ifadələr vermişdir. Cavabdeh isə 5000 manat pul aldığını bildirmiş və iddiaçının kart hesabına aldığı pul və faizli də daxil olmaqla 6700 manat pul köçürmüşdür. İddiaçının özü də cavabdehdən nəğd formada və karta köçürmə ilə birlikdə 7100 manat pul aldığını təsdiq etmişdir. Yəni qaytarılan pul işin mübahisəsiz halıdır. İşin mübahisə halı verilən borcun məbləği ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrindən iddiaçı tərəfindən 10000 manat pulun verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə buna görə də iddianın rədd olunması qənaətinə gəlir. Məhkəmə iddianın rədd olması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə 10000 manat verilməsi cavabdeh tərəfindən qismən təkzib edildiyindən həmin məbləğin verilməsi işin mübahisəli halıdır. Bu halı sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd olunan pul məbləğinin cavabdehə verilməsini yazılı müqavilə və yaxud digər mötəbər sübutlarla sübut edə bilməmişdir. Buna görə də iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar