Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1053/2025 28.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin sabit məbləğdən dəyişdirilərək cavabdehin qazancından və başqa gəlirlərdən tutulması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllülü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-160/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi və iki uşağa görə cavabdehin qazancının (başqa gəlirlərinin) üçdəbir miqdarında müəyyən edilməklə Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Sədərək Rayon Dəmirçi kənd İƏD-də rəsmi nikah bağlamış, nikah həmin orqanın akt qeydləri kitabında 06 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Ayla Həbib qızı, xx.xx.2016-cı il tarixdə isə Səyyad Həbib oğlu adında iki övladları doğulmuşdur. Onlar ilk vaxtlar normal ailə münasibətləri qursalar da, sonradan müxtəlif səbəblərdən münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Nəticədə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah ləğv edilmiş, uşaqların – Ayla və Səyyadın iddiaçının yanında qalması müəyyən edilmiş və hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutulması qərara alınmışdır. Qeyd olunan qətnamə əsasında cavabdeh hər bir uşaq üçün aylıq 232 manat ödəməli olsa da, bu ödənişlər ardıcıl xarakter daşımamışdır. O, əldə etdiyi məlumata əsaslanaraq cavabdehin Bakı şəhərində "xxxx" şirkətində yüksək vəzifədə çalışdığını, əmək haqqısının hazırda 3000 manata yaxın olduğunu qeyd etmişdir. Bu halda qanunvericiliyin tələblərinə əsasən cavabdehin iki uşaq üçün təxminən 1000 manata yaxın aliment ödəməli olduğunu, lakin hazırda ödədiyi məbləğ 464 manat təşkil edir. O, alimentin cavabdehin faktiki qazancına uyğun müəyyən edilməsi zərurəti yarandığından mübahisənin məhkəmədənkənar həlli məqsədilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehin ilkin mediasiya prosesində iştirak etməməsi səbəbindən mediasiya keçirilməmiş və bu barədə protokol tərtib edilmişdir. Göstərilən səbəbdən də o, Cavabdeh qarşı alimentin onun qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Yalnız İddiaçı yaxın qohumu olan nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Dəmirçi kənd İƏDN tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-l № 606407 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il AZ-lİ seriyalı, 859088 nömrəli və xx.xx.2016-cı il tarixli, AZ-lİİ seriyalı № 532109 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 ata məlumat qrafasında “Cavabdeh”, ana məlumat qrafasında isə “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(110)- 160/2025 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin alınıb xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli, MŞN/25-Ə-01321 nömrəli arayışından görünür ki, iddiaçı “sabit pul məbləğində təyin olunmuş alimentin dəyişdirilərək aylıq əməkhaqqına və digər gəlirlərinə uyğun təyin olunması” tələbi barədə X1 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqısı 2269.71 manatdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, işin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Şərur Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(110)-160/2025 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə doğulmuş X6 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 anaları İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Şərur Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(110)-160/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Şərur Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(110)-160/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər aylıq qazancının (və ya başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tələb etməsidir. İşin mübahisəli halının həllinə hüquqi aydınlıq gətirmədən öncə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşağın saxlanılması üçün alimentin tutulma qaydasını sabit pul məbləğində müəyyən etmişdir. İddiaçı isə hazırki tələbində cavabdehdən onların birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. İşin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin, iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan (2269.71:3=756.57, 756.57x12= 9078.84), iddia təmin edildiyindən 110.79 manat ((90xx.xx-1000=8078.84) x1:100=80.79, 30+80.79= 110.79) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-160/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli; -11 sentyabr 2025-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilməli; -Cavbdeh Cavabdeh 110.79 manat (bir yüz on manat, yetmiş doqquz qəpik) miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-160/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 11 sentyabr 2025-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (və ya başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulmaqla uşaqların anası İddiaçı ödənilsin. Cavbdeh Cavabdeh 110.79 manat (bir yüz on manat, yetmiş doqquz qəpik) miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1053/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1053/2025
28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver