Məhkəmə qərarları › İş №2(110)-1076/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1076/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1076/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2017-ci il tarixdə doğulmuş X7 və xx.xx.2019cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-815/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində müəyyən edilməklə cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə Şərur rayon Zeyvə kənd İƏDN-də rəsmi nikaha daxil olduqlarını, nikahın həmin orqanın akt qeydləri kitabında 10 nömrə ilə qeydiyyata alındığını, birgə nikahdanxx.xx.2008-ci il tarixdə X8, xx.xx.2017-ci il tarixdə X7 və xx.xx.2019-cu il tarixdə X3 doğulduğunu, cavabdehlə ilk vaxtlar yaxşı yola getdiklərini, sonradan müxtəlif səbəblərdən ailə münasibətlərinin pozulduğunu və faktiki olaraq ayrıldıqlarını, ailə qurduqdan sonra bir müddət Rusiya Federassiyasında yaşadıqlarını, ayrıldıqdan sonra uşaqları ilə birgə valideynlərinin yanına qayıtdıqlarını, həmin vaxtlarda da uşaqların tələbatının ödənilməsində maddi çətinlik çəkdiyindən aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-815/2021 saylı qətnaməsi ilə üç uşağın saxlanılması üçün cavabdehdən bir uşağa görə 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində almentin alınaraq ona ödənilməsinin qət olunduğunu, bundan bir müddət sonra cavabdehin tələbi ilə məhkəmənin aralarındakı nikahı pozduğunu, uşaqların onun yanında qalmasını müəyyən edən xx.xx.2024-cü il tarixli 2(110)-519/2024 saylı qətnamə qəbul edildiyini, hazırda uşaqların rəsmi olaraq onun himayəsində yaşadığını, qeyd edilən qətnamənin qəbulundan artıq 3 ilə yaxın vaxtın keçdiyini, bu müddət ərzinda cavadehin ona ödədiyi alimentin bəzən ardıcıl xarakter daşımadığını, ödənilən alimentin məbləğinin hazırkı şəraitdə övladlarının tələbatını ödəmək üçün yetərli olmadığını, övladlarının məktəbli olduğunu, məktəbdən kənar məşğələlərə cəlb olunduqlarını, bunun üçün onlara hər ay minimum 200 manatdan artıq pulun sərf edildiyini, cavabdehin ödədiyi alimentin miqdarının 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox-çox aşağı olduğunu, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatınada müraciət etdiyini, lakin cavabdehin mediasiya prosesində iştirak etmədiyini, buna görə də məhkəməyə müarciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında cavabdehin ödədiyi alimentin uşaqların saxlanması üçün yetərli olmadığını, böyük oğlunun futbolçu olduğunu və Bakı şəhərində kirayədə yaşadığını, cavabdehin ödədiyi məbləğ ilə Bakıda yaşayan oğlunun ehtiyaclarının ancaq qarşıladığını, digər uşaqların ehtiyaclarını qarşılaya bilmədiyini, cavabdehin aliment borcunun olmadığını, cavabdehin Rusiyada yaşadığını və orada onun özünə məxsus taxta sexinin olduğunu, onun yaxşı qazanc əldə etdiyini bildirərək iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, cavabdehin məhkəmə sənədləri anası tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında işirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 815/2021 saylı qətnaməsindən görünür ki, Şərur rayon Zeyvə kəndində yaşayan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2017-ci il tarixdə doğulmuş X7 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul miqdarında aliment tutularaq anaları X1 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)- 519/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin nikahı pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması qət edilmişdir. İş materiallarında olan xx.xx.2008-ci tarixli, AZ-İİ 166088 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə doğulmuş X5 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 3 uşaqları doğulmuşdur. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-815/2021 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən 120 manat olmaqla, cəmi 360 manat aliment ödənilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-519/2024 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ana ilə qalması müəyyən olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirləri barədə iş materiallarında sübutun olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 16,20 manat (on altı manat iyirmi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-815/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şərur rayonu Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X5, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayonu Zeyvə kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 16,20 manat (on altı manat iyirmi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar