Məhkəmə qərarları › İş №2(110)-11/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-11/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-11/2021 03.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin direktoru X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1908 manat məbləğində əsas borcun, 285 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2223 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə hər dəfə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclaslarına gəlməmiş, lakin 18.03.2020-ci il tarixdə məhkəməyə teleqram vuraraq işə onların iştirakı olmadan baxıb təqdim etdikləri sübutlar əsasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı MMC-nin direktoru X2 iddia ərizəsində alıcı Cavabdeh 16 dekabr 2014-cü ildə satıcı İddiaçı MMC ilə Bakı şəhərində bağladığı müqavilə əsasında İddiaçı MMC-dən 02 iyun 2016-cı il tarixli, 0331 saylı 16 iyun 2016-cı il 0475 saylı 30 yanvar 2017-ci il tarixli, 0034 saylı, 27 iyun 2017-ci il tarixli, 0266 saylı, 09 avqust 2017-ci il tarixli 0661 saylı və 06 sentyabr 2017-ci il tarixli 0838 saylı qaimələr əsasında 2216 manat dəyərində Kafel-Metlax yapıştırıcıları malını nisyə aldığını, pulunu 15 gün müddətinə ödəməyi müqavilə ilə öhdəsinə götürdüyünü, ancaq bu öhdəliyinə layiqincə əməl etmədiyini, İddiaçı MMC-yə 1908 manat məbləğində borcu yarandığını, dəfələrlə bu borcunu ödəməsi cavabdehdən tələb edilsədə onun borcunu ödəmədiyini, cavabdehin 1908 manat məbləğində pul vəsaitinn ödənilməsini üç ilə yaxın müddətdə gecikdirdiyinə görə həmin vəsaitin məbləğindən cavabdehin qanunauyğun olaraq hər il üçün 95 manat olmaqla, cəmisi 285 manat məbləğində iddiaçıya faiz ödəməli olduğunu, qeyd edərək Cavabdeh 1908 manat məbləğində əsas borcun, 285 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2223 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. 27 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəmə prosesinin gedişi ərəfəsində iş materialları ilə tanış olduğunu, iş materiallarında olan qaimələrdəki imzaların ona aid olmadığını, eyni zamanda iddiaçıya heç bir borcunun olmadığını, buna görə də iddiaçının iştirakı ilə iddia ərizəsində qeyd olunanların aydınlaşdırılması məqsədilə məhkəmə iclasının təxirə salınmasını, eyni zamanda iddiaçının məhkəmə iclasında iştirakının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh 16.06.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə olan imzaların onun ekspertizaya verdiyi imzalarla uyğun gəlmədiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 16 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən “Satıcı” Kafel-Metlax yapıştırıcılarını “Alıcıya” verməyi, “Alıcı” isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02 iyun 2016-cı il tarixli, 0331 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 342 manat olan tikinti materiallarını almışdır. İş materiallarına əlavə olunmuş 16 iyun 2016-cı il tarixli, 0475 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 689 manat olan tikinti materiallarını almışdır. İş materiallarına əlavə olunmuş 30 yanvar 2017-ci il tarixli, 0034 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 370 manat olan tikinti materialını almışdır. İş materiallarına əlavə olunmuş 27 iyun 2017-ci il tarixli, 0266 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 125 manat olan tikinti materialını almışdır. İş materiallarına əlavə olunmuş 09 avqust 2017-ci il tarixli, 0661 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 490 manat olan tikinti materiallarını almışdır. İş materiallarına əlacə olunmuş 06 sentyabr 2017-ci il tarixli, 0838 nömrəli qaimədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 200 manat olan tikinti materialını almışdır. İş materiallarına əlavə olunmuş 08 yanvar 2020-ci il tarixli 77822 saylı Qəbzdən görünür ki, X2 tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Qaradağ filialı vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-148/2020 saylı 02.11.2020-ci il tarixli Qərardadından görünür ki, Cavabdeh sərbəst imza və yazı nümunələrinin alınması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10(008)- 16/2020 saylı, 14.12.2020-ci il tarixli Qərardadından görünür ki, məhkəmə tapşırığı yerinə yetirilərək Cavabdeh sərbəst imza və yazı nümunələri alınaraq Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-11/2021 saylı 22.02.2021-ci il tarixli Qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 52 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya göndərilmiş 2(110)-11/2021 №-li mülki işin 02- ci vərəqəsində olan 16 dekabr 2014-cü il tarixli müqavilənin aşağı sağ hissəsində ”Alıcı” sözü önündəki imza, 04-cü vərəqəsində olan 16 iyun 2016-cı il tarixli, 0475 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza, 05-ci vərəqəsində olan 02 iyun 2016-cı il tarixli 0331 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza, 06-cı vərəqəsində olan 27 iyun 2017-ci il tarixli, 0266 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza, 07-ci vərəqəsində olan 30 yanvar 2017-ci il tarixli, 0034 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza, 08-ci vərəqəsində olan 06 sentyabr 2017-ci il tarixli, 0838 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza və 09-cu vərəqəsində olan, 09 avqust 2017-ci il tarixli, 0661 №-li qaimənin aşağı sağ küncündə “Tam təslim aldım” sözləri önündəki imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; -157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; -157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni qaimələr əsasında 2216 manat dəyərində Kafel-Metlax yapıştırıcıları malını nisyə olaraq cavabdehə verməsi, cavabdeh tərəfindən həmin Kafel-Metlax yapıştırıcıları malını iddiaçıdan alınması və həmin Kafel-Metlax yapıştırıcılarına ödəməli olacağı pul vəsaitinin qaytarmaması hallarını sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı cavabdehin qeyd olunan Kafel-Metlax yapıştırıcılarını əsassız olaraq əldə etməsi, bunun nəticəsində iddiaçının həmin Kafel-Metlax yapıştırıcılarının dəyərindən məhrum olması hallarını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdeh həmin Kafel-Metlax yapıştırıcılarının verilməsi zamanı tərtib edilmiş qaimələrdəki imzaların ona məxsus olmamasını mübahisələndirmiş və onun vəsatəti ilə aparılmış məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə də həmin imzaların cavabdeh tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunması qeyd edilmişdir. Bununla da cavabdehin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanın vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Bununla da məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün başqa digər sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio“ (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X3 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalı, iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar