Məhkəmə qərarları › İş №2(110)-12/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-12/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-12/2021 14.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2679,53 manat məbləğində kredit borcu, 571,45 manat məbləğində faiz borcu və 1117,34 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4368,32 manat məbləğində borcun, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair 2(110)-12/2021 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini, xx.xx.2021-ci il tarixinə saat 14:00-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2018-ci il tarixdə 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olumuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürdüyünü, tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edildiyini, onun kredit müqaviləsinin 1.2 bəndini pozaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığını, onun götürdüyü kredit borcundan 2320.47 (iki min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat ödəniş etdiyini, və onun iddiaçıya 2679.53 (iki min altı yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində kredit borcu qaldığını, kredit müqaviləsinin 2.4 maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, onun kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 333 gün üçün hesablanmış faiz borcunun 571.45 manat təşkil etdiyini bildirdiklərini, kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2020-ci il tarixə 333 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1117.34 (bir min yüz on yeddi manat otuz dörd qəpik) manat təşkil etdiyini, göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, onun həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırdığını və tərəflər arasında bağlanmış müqavilə üzrə yaranan 2679,53 (iki min altı yüz yetmiş doqquz manat əlli üç qəpik) manat əsas borc, 571,45 (beş yüz yetmiş bir manat qırx beş qəpik) manat faiz borcu və 1117,34 (bir min yüz on yeddi manat otuz dörd qəpik) manat məbləğində cərimə olmaqla 4368,32 (dörd min üç yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun müştərək qaydada cavabdeh şəxslərdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq , onlar məhkəmə baxışına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.4167% olmaqla 12 (on iki) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan”kredit müqaviləsinə 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Xırdalan filialı tərəfindən Cavabdeh1 aylıq 2.4167 (iki tam on mində dörd min bir yüz altmış yeddi) faiz dərəcəsi ilə 12 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2018-xx.xx.2019–cu il tarixləri ərzində ayda 490.0 manat, xx.xx.2019 tarixində isə 495.76 manat olmaqla, cəmi 5885.76 manat pulu İddiaçı QSC-nin Xırdalan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 017A**********S nömrəli Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı kredit müqaviləsi əsasında kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxxx 2018-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinin şərtinə əsasən Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçn Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən Zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 017A**********S nömrəli Sazişin (Zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında) 1 və 2-ci bəndlərinə əsasən Bank ilə Zamin arasında xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı Zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 16 (on altı) müəyyən edilir və Bu saziş tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və Borclunun Bank ilə xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 017A********** saylı Kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədə qalır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Xırdalan filialı tərəfindən Cavabdeh1 oğluna aylıq 2.4167 (iki tam on mində dörd min bir yüz altmış yeddi) faiz dərəcəsi ilə 9 ay müddətinə 3118,77 (üç min yüz on səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2018-xx.xx.2018–ci il tarixləri ərzində ayda 100 manat, xx.xx.2019-xx.xx.2019–cu il tarixləri ərzində ayda 503 manat xx.xx.2019 tarixində isə 703,77 manat olmaqla, cəmi 3921.77 manat pulu İddiaçı QSC-nin Xırdalan filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 oğluna imza etdirilməklə 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxx 2020-ci il tarixə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə Banka 2679,53 (iki min altı yüz yetmiş doqquz manat əlli üç qəpik) manat əsas borc, 571,45 (beş yüz yetmiş bir manat qırx beş qəpik) manat faiz borcu və 1117,34 (bir min yüz on yeddi manat otuz dörd qəpik) manat məbləğində cərimə olmaqla 4368,32 (dörd min üç yüz altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "İddiaçı" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xx.xx.2020-ci il taarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(110)- 181/2020 saylı Qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 58/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdn çıxarış məlumatları və xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı QSC-nə xx xxxxxx 2020-ci il tarixə (arayışının verilmə tarixinə) əsas borcu 2288.62 (iki min iki yüz səksən səkkiz manat altmış iki qəpik) manat faiz borcu 585.11 (beş yüz səksən beş manat on bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(110)- 181/2020 saylı Qərardadından görünür ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3466 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarışməlumatları, xx xxxxxxx 2018-ci il tarixli 017A**********S saylı sazişdə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yə olan borcu xx xxxxxx 2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 2390,24 manat, faiz borcu 612,30 manat, cəmi 3002,54 (üç min iki manat əlli dörd qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "İddiaçı” QSC-nin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.4167% olmaqla 12 (on iki) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı kreditləri faizləri ilə birlikdə vaxtında və lazımi qaydada İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx xxxxxxx 2018-ci il tarixli 017A**********S saylı Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında xx xxxxxx 2018-ci il tarixli 017A********** saylı kredit müqaviləsi əsasında kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri Sazişə əlavə olunan xx xxxxxxx 2018-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 İddiaçı” QSC-nin Xırdalan filialı ilə Zaminlik müqaviləsi bağlayaraq Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Həmçinin cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "İddiaçı” QSC kredit alan və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə borcunun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 58/20 nömrəli ekspert rəyi ilə razılaşmadıqları üçün iddiaçı təşkilatın nümayəndəsinin vəsatətəti ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3466 nömrəli ekspert rəyi ilə cavabdehin iddiaçı təşkilata əsas borcu 2390,24 manat, faiz borcu 612,30 manat olmaqla, cəmi 3002,54 (üç min iki manat əlli dörd qəpik) manat borcunun olması müəyyən edilmişdir. Lakin iş üzrə iddiaçının iddia ərizəsində iş üzrə cavabdehdən faiz borcu üzrə 571.45 (beş yüz tetmiş bir manat qırx beş qəpik) manat məbləğində pulun tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən faiz borcu üzrə 571.45 (beş yüz tetmiş bir manat qırx beş qəpik) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna dair hissədə qismən təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış əsas borc 2390.24 (iki min üç yüz doxsan manat iyirmi dörd qəpik) manat, faiz borcu 571.45 (beş yüz yetmiş bir manat qırx beş qəpik) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 1117,34 (bir min yüz on yeddi manat otuz dörd qəpik) manat məbləğində cərimə (dəbbə) pulunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit razılaşması üzrə 1117.34 (bir min yüz on yeddi manat otuz dörd qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 111 (bir yüz on bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış “Kredit müqaviləsi”nin şərtlərinə əməl etməməklə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2390.24 (iki min üç yüz doxsan manat iyirmi dörd qəpik) manat əsas borc, 571.45 (beş yüz tetmiş bir manat qırx beş qəpik) manat faiz borcu və 111 (bir yüz on bir) manat cərimə borcu olmaqla, cəmi 3072.69 (üç min yetmiş iki manat altmış doqquz qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 8.90 manatı iddiaçıya aid edilməli, 21.10 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2390.24 (iki min üç yüz doxsan manat iyirmi dörd qəpik) manat əsas borc, 571.45 (beş yüz yetmiş bir manat qırx beş qəpik) manat faiz borcu, 111 (bir yüz on bir) manat cərimə borcu olmaqla, cəmi 3072.69 (üç min yetmiş iki manat altmış doqquz qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21.10 (iyirmi bir manat on qəpik) manatı, ümumilikdə 3093.79 (üç min doxsan üç manat yetmiş doqquz qəpik) manat pul tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə çəkilmiş 100 (bir yüz) manat xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar