Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-130/2023 07.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(111)-342/2017 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan iki usaqlarının-xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulduğunu, xasiyyətləri uyğun gəlmədiyindən Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(111)-342/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulduğunu, nikah pozulduqdan sonra uşaqların onun yanında saxlanılması və cavabdehdən bir uşağa 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi müəyyən edildiyini, öz evləri olmadığından kirayədə qaldıqlarını, öz məvacibi ilə ancaq kirayəni ödədiyini, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməyə yetmədiyini, uşaqların yaşı artdıqca xərclərinin artdığını, uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq Şıxmahmud kəndində qardaşının evində yaşadığını, uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, İ qrup əlil olduğunu, 270 manat pensiya, 200 manat prezident təqaüdü olmaqla, cəmi 470 manat qazancı olduğunu, kredit borcunun olduğunu, hər ay 140 manatın alimentə, 30 manatın telefon borcuna çıxıldığını, qalan pulla dərmanlarını aldığını, 140 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirərək iddianın rədd olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli AZ-İV № 168112 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İV № 168119 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(111)- 342/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh nikahının pozulması, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 anasının yanında qalması və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər uşağa 70 manat olmaqla, cəmi 140 manat tutularaq anası İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli AZ-İ № 175630 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh cəmi 470 manat pensiya ilə təmin olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(111)- 688/2018 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh cəmi 1590.01 manat borcun və 20 manat dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaqları doğulmuşdur. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən ayrı yaşayırlar. Şərur Rayon Məhkəməsinin 2(111)-342/2017 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən hər uşağa 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh İ qrup əlildir və aylıq cəmi 470 manat pensiya ilə təmin olunur. İddiaçı cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib xüsusilə cavabdehin birinci qrup əlil olmasını, hər hansı başqa qazancının olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 15 (on beş) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(111)-342/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq anası Babək rayon Şıxmahmud kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15 (on beş) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-130/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-130/2023
07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver