Məhkəmə qərarları › İş №2(110)-138/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-138/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-138/2025 18.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-182/2023 saylı qətnaməsinə əsasən "xxxx" ASC-dən götürdüyü istehlak kreditinə görə onun bank hesabından tutulmuş 8088,86 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 100,90 manat olmaqla cəmi 8189,76 manat pulun reqres qaydasında alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh bir müəllim yoldaşı kimi əvvəlcədən tanıdığını, Şərur rayon Yuxarı Yaycı və Gümüşlü kənd tam orta məktəblərində müəllim işlədiklərini, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, 2021-ci ilin fevral ayının sonlarında Cavabdeh "Naxçıvanbank” ASC-dan pul götürmək istədiyini bildirərək ona zamin durmağını xahiş etdiyini, onun da bir iş yoldaşı kimi onun səmimiyyətinə inanaraq onunla razılaşdığını, xx.xx.2021-ci il tarixda "Naxçıvanbank” ASC il aralarında bağlanmış kredit və zaminlik müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə Cavabdeh 13000 manat məbləğində istehlak krediti götürdüyünü, Cavabdeh bank tərəfindən verilmiş kreditin müqavilə şərtlari ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdaliyi vaxtlı-vaxtında icra etməyərək müqavilə şərtlərini pozduğunu, nəticədə xx.xx.2023-cü il tarixə kredit müqviləsinə əsasən Cavabdeh "Naxçıvanbank” ASC-yə 9099.87 manat əsas borc, 1013.74 manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 manat kredit borcu qaldığını, "xxxx" ASÇ-in nümayəndəsi tərəfındən Cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlayaraq və rəsmi olaraq məktub göndərilərək borcunun ödənilməsi bildirilsə də, cavabdeh "Naxçıvanbank” ASC-a olan borcunu ödəməkdən yayındığını və nəticədə "Naxçıvanbank” ASC məhkəməyə iddia tələbi ilə müraciət edərək Cavabdeh və ondan kredit müqaviləsinə əsasən yaranmış 9099.87 manat əsas borc, 1013.74 manat faiz borcu olmaqla, ümumilikda 10113.34 manat kredit borcun müştərək olaraq tutulub "Naxçıvanbank” ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(110)-182/2023 saylı qətnaməsi ilə 9099.87 manat əsas borc, 1013.74 manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 manat kredit borcu və 120.34 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 10233.68 manat məbləğində pulun müştərək olaraq onlardan tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi qət edildiyini, qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamənin icrası ilə əlaqədar olaraq onun iş yerinə yönəldiyini və bu günə kimi qətnamədə qeyd olunan 10233,68 manatın borcun 8088,86 manatı onun bank hesabından tutularaq “Naxçıvanbank" ASC-nin hesabına ödənildiyini, dəfələrlə cavabdehdən ödədiyini pulun qaytarmasını tələb etsə də müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığını, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, cavadehə zamin durduğunu, onunla müəllim yoldaşı olduğunu, kredit götürdükdən sonra ikinci dəfə də "xxxx"dan kredit götürdüyünü, öhdəliyini yerinə yetirmədiyində görə onun əmək haqqısından 8088,86 manat tutulduğunu, borc məbləği onun həm pensiya kartından, həm də maaş kartından tutulduğunu, icra sənədi üzrə borcu onun tam ödədiyini, bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etdiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-182/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada xx.xx.2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən 9099.87 manat əsas borc, 1013.47 manat faiz borcu, cəmi 10113.34 manat borc və 120.34 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 10233.68 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 2025/104/2676 saylı arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 8007,08 manat ödəniş edilərək kredit borcu bağlanmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 13000 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin müqavilə üzrə cavabdehə zamin durmuşdur. Cavabdeh öhdəlikləri yerinə yetirmədiyindən bank məhkəməyə müraciət etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-182/2023 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada ümumilikdə 10233.68 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli borc zamin qismində çıxış edən iddiaçının bank hesabından tutulmuşdur. İddiaçı tərəfindən 8007,08 manat ödəniş edilərək kredit borcu tam bağlanmışdır. Cavabdeh iddiaçıya vurduğu zərəri ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən zaminin kredit müqaviləsi üzrə ödədiyi 8007,08 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunan hissəsinə nisbətdə 99,88 (doxsan doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 8007,08 manat pul və iddianın təmin edilmiş hissəsinə münasib olaraq 99,88 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8106,96 manat (səkkiz min yüz altı manat doxsan altı qəpik) alınaraq Şərur rayon Yuxarı Yaycı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar