Məhkəmə qərarları › İş №2(110)-1443/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1443/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1443/2025 12.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X4 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 933 (doqquz yüz otuz üç) manat pulun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər təsərrüfatla məşğul olsa da, uzun müddətdir ki, sahibkar olaraq Şərur rayonu Çomaxtur kəndi ərazisində yerləşən ərzaq mağazasını işlədir. Mağazada əsas satılan ərzaq və gündəlik təlabat mallarıdır. Bir çox mağazalarda olduğu kimi bu mağazada da satışın əksər hissəsini nisyə alqı-satqı təşkil edir. Cavabdeh da uzun müddətdir ki, həmkəndli-qonşu kənd sakini kimi tanıyır. Belə ki, Cavabdeh qonşu Çərçiboğan kənd sakini olsa da dayısı Valid onların kəndinin icra Nümayəndəsi vəzifəsində işlədiyindən bu münasibətlə aralarında tanışlıq münasibəti yaranmışdır. İddiaçının bildirdiyinə görə, Cavabdeh bu münasibətlərdən istifadə edərək son altı ay ərzində ona məxsus mağazadan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ərzaq məhsulları almış, götürdüyü malların dəyərini qısa müddətdə ödəyəcəyini vəd etmişdir. Bu qaydada cavabdeh ümumilikdə 1133 manat məbləğində ərzaq məhsulları almış, lakin həmin malların dəyərini tam şəkildə ödəməmişdir. İddiaçı göstərmişdir ki, cavabdehin borcunu ödəməməsi səbəbindən ona maddi zərər dəymiş, edilən xəbərdarlıqlar isə nəticəsiz qalmışdır. Bu səbəbdən o, polis orqanlarına müraciət etmiş, lakin mübahisənin mülki xarakter daşıdığı bildirildiyindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı qeyd etmişdir ki, polis orqanlarına müraciət etdikdən sonra cavabdeh borcunun bir hissəsini – 200 (iki yüz) manat məbləğində pulu 2025-ci ilin noyabr ayının əvvəlində ödəmiş, qalan borcu isə həmin ilin dekabr ayının sonunadək ödəyəcəyinə söz versə də, bundan sonra hər hansı ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh qalan 933 (doqquz yüz otuz üç) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələblərini müdafiə etdiyini və iddia ərizəsində göstərilən halları təsdiq etdiyini bildirmişdir. O qeyd etmişdir ki, cavabdeh 2025-ci ilin iyun ayından etibarən ona məxsus ərzaq mağazasından nisyə qaydada ərzaq məhsulları almağa başlamış və 2025-ci ilin avqust ayınadək onun 1133 manat məbləğində borcu yaranmışdır. Cavabdeh həmin borcdan yalnız 200 manat məbləğində ödəniş etmiş, qalan borcu isə dəfələrlə tələb edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Bu səbəbdən iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdehin atası və həyat yoldaşı onun yanına gələrək borcun yarısını ödəmək istədiklərini bildirsələr də, o, bunu qəbul etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.

4. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasına “WhatsApp” mobil tətbiqi vasitəsilə qoşulan cavabdeh X3 verdiyi izahatında və məhkəmənin suallarına cavabında iddia tələbini qəbul etdiyini bildirmişdir. O qeyd etmişdir ki, hazırda N saylı hərbi hissədə hərbi xidmət keçdiyindən məhkəmə iclasında şəxsən iştirak edə bilməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 933 manat məbləğində borcu qalmışdır və iddianın təmin olunmasına etiraz etmir. Bununla yanaşı, anasının və övladının xəstə olduğunu, həmçinin aylıq 400 manat kredit ödədiyini nəzərə alaraq borcu hissə-hissə ödəmək istədiyini qeyd etmişdir.

İş materialları:

5. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 313-43-12/2-Ə-15666/11/25 nömrəli məktubundan görünür ki, iddiaçının DİN-nə etdiyin müraciətin məhkəmə səlahiyyətində olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

6. CD-diskdə olan səs yazılarından və tərəfələr arasında aparılan Whatsapp yazışmalarından belə görünür ki, iddiaçı cavabdehlə etdiyi telefon danışıqlar və aralarında aparılan yazışmalar zamanı cavabdehdən borcunu tələb edir və cavabdeh iddiaçıya borcu olmasını inkar etmir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sənədləri, tərəflərin izahatlarını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

9. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində idarə olunan ərzaq mağazasından cavabdeh tərəfindən müxtəlif vaxtlarda nisyə qaydada ərzaq məhsulları götürülmüş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. İddiaçının izahatına əsasən cavabdeh tərəfindən ümumilikdə 1133 manat məbləğində ərzaq məhsulları götürülmüş, həmin məbləğin yalnız 200 manatı ödənilmiş, qalan 933 manat məbləğində borc isə ödənilməmişdir.

10. İş materiallarında olan CD-daşıyıcıda saxlanılmış səs yazılarından və tərəflər arasında aparılmış “WhatsApp” yazışmalarından görünür ki, iddiaçı cavabdehdən dəfələrlə borcunun ödənilməsini tələb etmiş, cavabdeh isə həmin danışıqlar və yazışmalar zamanı iddiaçıya borclu olduğunu inkar etməmişdir. Məhkəmə bu sübutları digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğu öz təsdiqini tapmışdır.

11. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini və iddiaçıya 933 manat məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh iddianın təmin olunmasına etiraz etmədiyini də məhkəməyə bəyan etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən qəbul edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

13. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Buna görə də cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

14. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı qarşısında 933 manat məbləğində borcu mövcuddur və həmin məbləğin iddiaçıya ödənilməsi üçün hüquqi əsaslar vardır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

16. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 933 (doqquz yüz otuz üç) manat borc məbləği tutularaq iddiaçıya ödənilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

18. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 933 (doqquz yüz otuz üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar