Məhkəmə qərarları › İş №2(110)-157/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-157/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-157/2024 13.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1419/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün həra ay 250 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə 2010-cu ildə evləndiyini, Nikahlarının qeydiyyat şöbəsində həmin ildə qeydə alındığını, birgə nikahdan xx.xx.2011-ci il tarixdə X10 adında uşaqlarının anadan olduğunu, evləndikdən sonra ailə münasibətlərinin bir müddət keçdikdən sonra tədricən pisləşməyə başladığını, Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2015 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ayda 70 manat aliment təyin olunduğunu, cavabdehin alimentdən başqa uşaqların maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, haliyyədə uşağın təminatını ödəməyin çətin olduğunu, çünki uşaq böyüdükcə tələbatlarının da artdığını, cavabdehin aylıq qazancı barədə məlumatının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayənbdəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddiaçının uşağının təminatının ödəməkdə çətinlik çəkdiyindən məcbur qalıb məhkəməyə müraciət etdiyini, eyni zamanda iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində 250 manat məbləğində aliment tələb etsədə, haliyədə o qədər aliment istəmədiyini, məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu qeyd məhkəmədən qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, iddiaçı X7 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2015 saylı qətnaməsi ilə müəyyən edilən 08 iyun 2011-ci il tarixdə birgə nikahımızdan anadan olmuş X1 üçün ayda 70 (yetmiş) manat aliment təyin edilmişsir. Cavabdeh alimentdən başqa uşaqların maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. Nəticədə uşağın təminatını ödəmək çətindir. Çünki uşaq böyüdükcə tələbatları da artır. Cavabdehin aylıq qazancı barədə məlumatı olmadığını da diqqətə çatdırır. Hesab edirəm ki, mən hazırda müxtəlif xəstəliklərdən əzab çəkdiyimdən hətta 70 manat pulu ödəyə bilmirəm. Xəstə olmağım barədə lazımi sübutları etiraz ərizəsinə əlavə edirəm. əgər aliment məbləği artırılmış olsa və mən o pulu ödəyə bilmədiyim halda yeni bir cinayətkarın meydana gəlməsinə nail olacağıq. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən nəzərdə tutulan pulu ödəmək imkanı xaricindəyəm, buna mənim səhətim imkan vermir. Mən 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək mənə arayış verilməsini xahiş etmişdim. Mənə verilmiş 17 yanvar 2024-cü il tarixli 3-17- 7/2-N-3318/2024 saylı məktubla mənə bildirmişlər ki, arayış mənə verilir ona görə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə 4 saylı şəhər poliklinikasında müayinədən keçmiş, həmin poliklinikanın ULTRASONOQRAFİYASİNİN nəticəsinə görə: Qaraciyərin steatozu. Öd kisəsində hipomator tipli diskeneziya əlamətləri. Pankreas parenximasında kiçik ödemeli sahələr. Pankreas parenximasının sərtliyi artmışdır. Metorizim hər iki börək ləyənində genişləmə. xx.xx.2021-ci il tarixli analizin nəticəsi aşağıdakı kimidir: Sol böyrəkdə böyük 12 mm ölçüdə parapelvikal kista. xx.xx.2023-cü il tarixdə olan analizlərin nəticəsi aşağıdakı kimidir: Ezofagit 1-ci dərəcə, Kardia çatışmamazlığı, Korpussda hipertrofiya, Antral eroziya qastirit, Duodenoqastral reflyuks 12b. Bağırsağın xora xəstəliyi, Bulbodeformasiya. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddaçının nümayəndəsinin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 avqust 2017-ci il tarixli AZ-İ № 264153 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 04 avqust 2017-ci il tarixdə nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 179 nömrə ilə qeyd edilmişdir. Nikah pzoulduqdan sonra qadına “Bağırova” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 630876 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X4 valideyinləridir; - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş müxtəlif tibb müəssisələrinin arayışlarından və analizlərinin nəticələrindən görünür ki, Cavabdeh müxtəlif xəstəliklər üzrə müalicə almaşdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X8 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli 3-17-7/2-N-3318/2024 saylı arayışdan görünür ki, Cavabdeh (FİN: 5TYENVFW) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında Naxçıvan MR Şərur rayonu Qeydiyyat Şöbəsində 19 dekabr 2011-ci il tarixdə 297 nömrə qeydi ilə bağlanmış niah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 08 iyun 2011-ci il təvəllüdlü X10 anası X2 himayəsində saxlanılmış, Cavabdeh 08 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 may 2015-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1419/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə, iddiaçı X5 ilə Cavabdeh arasında Naxçıvan MR Şərur rayonu Qeydiyyat Şöbəsində 19 dekabr 2011-ci il tarixdə 297 nömrə qeydi ilə bağlanmış niah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 08 iyun 2011-ci il təvəllüdlü X10 anası X2 himayəsində saxlanılmış, Cavabdeh 08 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 may 2015-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, iddiaçının nümayəndəsinin izahatında alimentin təyin olunması ilə bağlı bildirdiklərini, eyni zamanda cavabdehin səhhətində olan problemləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X9 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 80 manatdır ki, bu da il ərzində 960 manat (80x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar