Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-168/2023 14.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Danyeri kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 7680 manat pul vəsaiti və 98 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7778 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayonu Danyeri kəndində yaşadığını, təsərrüfatında xırdabuynuzlu qoyunlar olduğunu, 2022-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh ümumilikdə 38 baş qoyunu ondan götürdüyünü, həmin qoyunlara görə 7680 manat pulu 2022-ci ilin oktyabr ayına qədər ödəyəcəyinə söz verdiyini, həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq cavabdehin borcunu ödəməkdən hər dəfə müəyyən bəhanələrlə boyun qaçırdığını, imkanı olanda ödəyəcəyinə dəfələrlə söz versə də, onun öz verdiyi sözü tutmadığını, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında və verilən suallara cavaından iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq 150 baş heyvanının olduğunu, başqa-başqa adamlara həmçinin şahid qismində çağırılan Hüseynə və Coşquna da öz heyvanlarını satdığını, 17-18 baş Hüseynə, 8 baş Coşquna, 38 baş heyvanı isə Kazıma satdığını, başqa kənddən heyvanlarını almaq istəyən alıcı olsa da, Kazım həmkəndlisi olduğu üçün ona satdığını, Kazıma əvvəlcə 40 baş satsa da, onun ikisini Coşqunun alaraq pulunu ona verdiyini, Kazımın ona traktoru, torpaq sahəsi olduğunu və noyabr ayına kimi borcunu ödəyəcəyini dediyini, Kazıma 2 quzu da əlavə verdiyini, pulunu istəmədiyini, 38 baş heyvanın 36-sı qoyun olduğunu, onun birininin 200 manatdan cəmi 7200 manata 1 baş keçini 130 manata, 1 baş qoçu isə 350 manata olmaqla, ümumilikdə Kazıma 7680 manatlıq heyvan satdığını, heyvanlarında hər hansı xəstəlik olmadığını, Kazımla dəfələrlə əlaqə saxladığını, onun “əlindən gələni et, kef mənimdir, ödəmirəm” dediyini, cavabdehin indi Bakıda olduğunu, Kazım borcu ilə bağlı iltizam verəndə özünün orada olmadığı üçün həm borcunu az yazdırdığını, həm də 2023cü ilin noyabrına qədər ödəyəcəyini yazdığını, Kazım sonradan borcunu ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin məhkəmə sənədini valideynləri qəbul etmiş, lakin heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında hər iki tərəfin onun həmkəndlisi və qonşuları olduğunu, əvvəlcə Elnurdan 6 qoyun aldığını, 4 gün sonra yenidən almaq qərarına gəldiyini, xx.xx.2022-ci il tarixdə qoyun almaq üçün həyətindən çıxanda Kazımın da orada dayandığını gördüyünü, Kazımdan soruşanda Elnuru gözlədiyini bildirdiyini, Elnur gəldikdən sonra 6 qoyun almaq istədiyini bildirəndə onun Kazımın artıq qoyunları aldığını dediyini, Elnurun onlara öz aralarında razılaşmağı bildirdiyini, Kazımın əvvəlcə 40 qoyun aldığını, Kazımın aldığı qoyunlardan ikisini götürüb pulunu Elnura verdiyini, Kazımın isə 38 qoyunu nisyə alıb otu, torpağı, traktoru olduğunu və onları sataraq pulunu ödəyəcəyini bildirdiyini, Kazıma heyvanların hansı qiymətə satıldığını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında tərəflərin həmkəndliləri olduğunu, Kazımın heyvanlarını otardığını, onun isə qarşılığında aylıq pul verdiyini, 2022-ci ilin təxminən yanvar-fevral aylarında heyvanlar satılan gün Kazımın heyvan növbəsində olduğunu, Axuralı bir alıcının Elnurdan heyvan almaq üçün gəldiyini, özünün də Elnurdan biri 210 manata olmaqla 17 heyvan aldığını, Kazımın Elnura heyvanları özünün alacağını, buna görə də Axuralı alıcıya satmamasını bildirdiyini, əgər mane olmasaydı Elnurun həmin alıcıya heyvanın birini 230 manatdan satacağını, Elnurun Kazıma qoyunu 200 manatdan, qoçu 350 manatdan, keçini 130 manatdan olmaqla, 38 baş heyvanı 7680 manata satmağa razılaşdığını, Kazımın ot preslərini sataraq 2022-ci ilin oktyabr ayına qədər borcunu ödəyəcəyini bildirdiyini, Kazımın heyvanlarının bala saldığını, Kazıma bunun üstünə düşüb həkimə göstərməyini, çünki bu heyvanlara pul ödəyəcəyini dediyini, heyvanlar satılanda xəstə olmadığını, heyvanın bala salmasının onun saxlanılma şəraiti, heyvanın bir-birini vurması kimi müxtəlif səbəblərdən ola biləcəyini, Kazımın borcunu ödəmədiyini, demək olar ki, hər gün Kazımla danışdığını, Bakıya işləmək üçün getdiyini, pulu olmadığını və sonra ödəyəcəyini dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında Kazımın atası olduğunu, Elnurdan heyvan almaq istədiyini deyəndə ona narazılıq etdiyini, Kazımın presləri satıb ödəyəcəyini bildirdiyini, xeyli ot presləri olduğunu, birini 7-8 manatdan satdıqlarını, oğlunun Elnura borcu olduğunu danmadığını, onun Elnurdan cəmi 36 baş qoyun aldığını, 7200 manat borcu olduğunu, 1 keçi və 1 qoçun isə hələ də həyətində olduğunu, Kazımın keçi və qoçun Elnura məxsus olduğunu, gəlib aparacağını dediyini, lakin aparmadığını, həmin heyvanlar üçün il ərzində 3000 manata yaxın xərci çıxdığını, heyvanlardan cəmi 11 baş bala götürdüklərini, 17 baş heyvanın qısır olduğunu, 4 ay sonra Elnura gəlib heyvanları aparmağını, çünki bala vermədiklərini dediyini, oğlunun Bakıya müalicəyə getdiyini, hələ ki işləmədiyini, heyvanların saxlanılma şəraitində problem olmadığını, Hüseyn və Elnuru çağırıb heyvanların saxlandığı yeri də göstərdiyini, heyvanların normalda mart-aprel aylarında bala verdiyini, lakin onların yeni sort heyvanlar olduğunu, başqa aylarda da bala verəcəyini bildirdiklərini bildirmişdir. Məhkəmə iclasında iddiaçıya məxsus “Xiaomi Redmi” markalı telefonun ***-***-**-** nömrədə olan whatsapp messencerindən cavabdehə məxsus ***-***-**-** nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 21:26-da baş tutmuş yazışmanın tədqiqindən aydın olur ki, iddiaçı cavabdehə 7680 manat borcunu 2022-ci ilin sentyabr ayına qədər qədər ödəməsini tələb edir, cavabdeh isə həmin məbləğə etiraz etmir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 7200 manat borclu oluğunu bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 38 baş heyvanı nisyə almış, sonradan borcun icrasından yayınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə borcuna dair iltizam verərək 7200 manat məbləğində borcu olduğunu qeyd etsə də, iş üzrə şahid ifadələri və tərəflərin telefon yazışmalarından borc məbləğinin 7680 manat olduğu təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 7680 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 7680 (yeddi min altı yüz səksən) manat pul vəsaiti və 98 (doxsan səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7778 (yeddi min yeddi yüz yetmiş səkkiz) manat alınaraq Şərur rayon Danyeri kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-168/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-168/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver