Məhkəmə qərarları › İş №2(110)-178/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-178/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-178/2023 27.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş Hacıağayev fərid İlqar oğlu və xx.xx.2017-ci il tarixdə doğulmuş hacıaayeva Zəhra İlqar qızının saxlanası üçün təyin edilmiş 280 manat məbləğində alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki-Pposessual Məcələsinin 149-cu maddəsinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, tərəflərin şəxsi eyniləşdirmə məlumatları və sübutların siyahısı iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə iddia ərizəsinə sənədlərin əsli və ya qanunvericilikdə nəzərdə tutulmuş əslinə bərabər surətləri əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan yeni redaksiyasına əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar