Məhkəmə qərarları › İş №2(110)-179/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-179/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-179/2024 20.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(110)-383/2015 saylı məhkəmə əmri ilə cavabdehin aylıq qazancına münasibətdə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2012-ci ildə cavabdeh ilə rəsmi nikah qeydindən keçərək evləndiklərini, birgə nikahdan 2 uşağın doğulduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(110)-383/2015 saylı məhkəmə əmri ilə 2 uşağın saxlanması üçün cavabdehin aylıq qazancının 33 faizi məbləğində alimentin ödənilməsinin qət olunduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)- 04/2018 saylı qətnaməsi ilə cavabdehlə olan nikahın pozulması, 2 azyaşlı uşağın ananın yanında qalmasının qət olunduğunu, cavabdehin qazancı qeyri-müəyyən olduğundan 2-3 ay ərzində ayda 150 manat aliment ödədiyini, bundan əlavə aliment ödəmədiyini, uşaqlar böyüdüyü üçün tələbatlarının artdığını, uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, öz valideynlərinin yanında qaldığını, onların dəstəyi ilə özlərini saxladıqlarını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdehin alimenti 2-3 ay ödəyib sonra isə heç bir ödəniş etmədiyini, aliment öhdəliyini yerinə yetirmədiyinə görə bir dəfə inzibati qaydada həbs olunduğunu, lakin yenə alimenti ödəmədiyini, cavabdehin nikahdan kənar 1 uşağının da olduğunu, onun əlavə qazancının olduğunu, dərzilikdən başqa sürücülük fəaliyyəti ilə də məşğul olduğunu bildirib iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında işirak etməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, belə ki heç bir yerdə işləmədiyini, inzibati qaydada həbs olunduqdan sonra işlədiyi yerdən azad edildiyini, iddiaçı ilə telefon vasitəsilə həmişə əlaqə saxladığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün heç bir yerə gedib işləyə bilmədiyini bildirib bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli AZ-İl № 858964 nömrəli və xx.xx.2015-ci il tarixli AZ-lll № 305631 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(110)- 383/2015 saylı məhkəmə əmrindən görünür ki, tərəflər arasında nikahın pozulması, Şərur rayon Yengicə kəndində yaşayan Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay aylıq qazancının 1/3 hissəsinin tutularaq anaları İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)- 04/2018 saylı qətnaməsindən görünür ki, tərəflərin nikahının pozulması, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 anasının yanında qalması qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AZ-İ № 176444 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2018-ci il tarixdə 18 № ilə pozulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adında uşağı vardır. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də dərzi işləyir və aylıq 350 manat əmək haqqı alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaqları doğulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-383/2015 saylı məhkəmə əmri ilə uşaqların saxlanması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment təyin olunmuş, Şərur Rayon Məhkəməsinin 2(110)-04/2018 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ana ilə qalması müəyyən olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatlarının sorğulanması zamanı onun əlavə bir uşağının da olduğu və aylıq 350 manat əmək haqqı aldığı müəyyən olunmuşdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin cavabdehin qazancından hissə kimi tutulması uşaqların mənafeyinə uyğun olmadığından alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, lakin eyni zamanda cavabdehin əlavə azyaşlı 1 uşağının olmasını və elektron məhkəmə sistemindən müəyyən olunan əmək haqqını, bununla yanaşı əmək qabiliyyətli valideyn kimi uşaqlarını saxlamaqla bağlı öhdəliklərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 61,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(110)-383/2015 saylı məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Vərməziyar kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 61,20 manat (altmış bir manat iyirmi qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar