Məhkəmə qərarları › İş №2(110)-18/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-18/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-18/2025 05.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 N-li qərarı ilə JN-1259A №-li (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İbrahimova (Quliyeva) Sədaqət Həsən qızının mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin mərhumun ailə üzvlərinə geri qaytarmaq üçün həmin həyətyanı torpaq sahəsini almaq üçün ödədiyi 500 ABŞ dolları (bu günə manata olan ekvivalenti ilə 850 manat) pulu, 4 otaqlı fərdi yaşayış evi tikilməsi üçün çəkilmiş 15000 (on beş min) manat xərci və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini olan 6150 (altı min yüz əlli) manat, cəmi 22000 (iyirmi iki min) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin sonlarında bacısı İbrahimova (Quliyeva) Sədaqət Həsən qızı ilə Şərur rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 10 №-li qərarına əsasən JN-1259A №-li (KOD ********) “Torpağin mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsini 500 ABŞ dollarına satın almaq barədə razılaşmış və o, Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini həmkəndlisi Şahid1 500 ABŞ dollarına sataraq pulu ailə üzvlərinin yanında bacısına, Sədaqətə verib JN-1259A №-li (KOD ********) “Torpağin mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni almışdır. Bir müddət sonra həmin torpaq sahəsi üzərində 4 otaqlı fərdi yaşayış evi inşa etməyə başlamış. Fərdi yaşayış yerini inşa edərkən nə bacısı Sədaqət nə də onun ailə üzvləri olan cavabdehlər tərəfindən hər hansı bir narazıçılıq və ya etiraz blirilməmiş, hər hansı bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində həmin torpaq sahəsini tərəfindən satın alınmasını qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. O, da torpaq sahəsini mərhum bacısından aldığını, onun ailə üzvlərinin davranışını nəzərə alaraq torpaq sahəsini adına rəsmiləşdirmədən həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış və gələcəkdə fərdi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə adına rəsmiləşdirmək istəmiş. Lakin son zamanlar bacısı Sədaqət 2020-ci ilin mart ayında vəfat etdikdən sonra 2023-cü ilin payız aylarından başlayaraq cavabdehlər ondan tikinti işlərini dayandırmağını və torpağı geri qaytarmağı tələb etməyə başladılar. Bu səbəbdən də fərdi yaşayış evini tikib başa çatdıra bilməmişdir. O, cavabdehlərə dəfələrlə həmin torpaq sahəsini 2006-ci ildə mərhum bacısı Quliyeva (İbrahimova) Sədaqət Həsən qızından aralarında olan razılaşmaya əsasən 500 ABŞ dollarına satın aldığını xatırladsa da bir nəticə verməmiş onlar iddiaçıdan torpaq sahəsini israrla geri qaytarmağını tələb etmişlər. İddiaçı onlara mübahisəli torpaq sahəsini geri qaytarmaq üçün həmin torpaq sahəsini alarkən ödədiyi 500 ABŞ dolları (bu günə manata olan ekvivalenti ilə 850 manat) pulu, 4 otaqlı fərdi yaşayış evi tikilməsi üçün çəkilmiş 15000 (on beş min) manat xərci və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini olan 6150 (altı min yüz əlli) manat, cəmi 22000 (iyirmi iki min) manat pul ödəyəcəkləri təqdirdə torpaq sahəsini onlara geri qaytaracağını bildirmiş. Cavabdehlər Cavabdeh və Arzu Quliyeva torpaq sahəsini almaq üçün onlara pul vermədiyini, pulu mərhum bacısı Sədaqətə verdiyini və pulu da ondan tələb etməyini bildirərək ona pul verməyəcəklərini və ondan torpaq sahəsini onlara geri qaytarmağını tələb edirlər. Bununla da cavabdehlər öz hərəkətləri ilə ona əhəmiyyətli dərəcədə maddi zərə vurmuş olurlar. Ona görə də o, mübahisəli torpaq sahəsini cavabdehlər Cavabdeh və Arzu Quliyevaya ğeri qaytarmaq üçün tərəfindən 2006-ci ildə torpaq sahəsini almaq üçün mərhum bacısı Sədaqət İbrahimovaya (Quliyevaya) ödədiyi 500 ABŞ dolları (bu günə manata olan ekvivalenti ilə 850 manat) pulu, 4 otaqlı fərdi yaşayış evi tikilməsi üçün çəkilmiş 15000 (on beş min) manat xərci və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin (7000 manat) fərqini olan 6150 (altı min yüz əlli) manat, cəmi 22000 (iyirmi iki min) manat pulun alınaraq ona ödəniməsini istəyir. Cavabdehlər Cavabdeh və Arzu Quliyeva ilə heç bir əlaqəsinin olmaması səbəbindən mərhum bacı İbrahimova (Quliyeva) Sədaqət Həsən qızının ölüm haqqında şəhadətnaməsinin surətini, cavabdehlərin qeydiyyat (yaşayış) yeri barədə arayışlarının alınması onun imkanı xaricindədir. Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə əsasən cavabdehlərin qeydiyyat (yaşayış) yeri barədə arayışlarının və mərhum bacısı İbrahimova (Quliyeva) Sədaqət Həsən qızının ölüm haqqında şəhadətnaməsinin iş üçün əhəmiyyətli olmasını nəzərə alaraq qeyd olunan sənədlərin Məhkəmə tərəfindən alınaraq mülki işə əlavə olunmasını xahiş etmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 N-li qərarı ilə JN-1259A №-li (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İbrahimova (Quliyeva) Sədaqət Həsən qızının mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin mərhumun ailə üzvlərinə geri qaytarmaq üçün həmin həyətyanı torpaq sahəsini almaq üçün ödədiyi 500 ABŞ dolları (bu günə manata olan ekvivalenti ilə 850 manat) pulu, 4 otaqlı fərdi yaşayış evi tikilməsi üçün çəkilmiş 15000 (on beş min) manat xərci və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqini olan 6150 (altı min yüz əlli) manat, cəmi 22000 (iyirmi iki min) manat pulun Cavabdeh oğundan alınaraq ona qaytarılması xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işdə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır.

Tərəflərin izahatları:

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, sözügedən torpaq sahəsini 2006-cı ilin payız ayında bacısı Sədaqətdən 500 ABŞ dollara aldığını, torpaq sahəsini bacısından aldığını onun ailəsinin bildiyini, həmin torpaq sahəsində 2020-ci ildə ev tikməyə başladığını, ev tikən vaxtı da cavabdeh ustanın işlədiyini gördüyünü, cavabdeh ona 2023-cü ildə etiraz edərək tikintini dayandırmağını tələb etdiyini və onu polisə şikayət etdiyini, bacısı Sədaqətin xx.xx.2021-ci ildə vəfat etdiyini, tikintiyə isə 2020-ci ilin yazında başladığını, həmin vaxt bacısının və onun əri cavabdehin buna heç bir narazılığının olmadığını bildirərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahatında və verilmiş suallara cavablandırarkən iddia tələbini müdafiə etdiklərini, tərəflər arasında barışıq əldə olunmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında və verilən suallara cavabında, ididanı qəbul etmədiyini, iddiaçının onun torpaq sahəsində özbaşına ev tikdiyini, həmin torpaq sahəsində əvvəlcə palçıqdan ev olduğunu, onu evdən qovaldıqları üçün Allahverdinin gəlib həmin evdə 6-7 ay yaşadığını, sonra yenidən öz evinə köçdüyünü, ona torpaq sahəsini satmadıqlarını, o, 2022-ci ilin təqribən iyul-dekabr aylarında Türkiyədə olan vaxtı Allahverdinin onun yoxluğundan istifadə edərək özünə ev tikdiyini, o, Türkiyədən gəldikdən sonra tikilini görüb onu polisə şikayət etdiyini, bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini, Allahverdinin onlara pul vermədiyini, yoldaşının sağlığında ev tikilmədiyini, yoldaşı 2021-ci ildə vəfat etdikdən sonra Allahverdinin ev tikməyə başladığını bildirmişdir.

7. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasına cavabdeh kimi cəlb olunan X10 izahatında, iddianı qəbul etmədiyini, torpağın sənədlərinin 2012-ci ildə Türkiyədə olanda Xudaverdi dayısında olduğunu, iddiaçı gələn zaman ona verdiyini, onun da həmin sənədi özündə saxlayaraq sonradan torpağın ona satılmasını iddia etdiyini, alqısatqı olubsa onunla bağlı iddiaçının bir sənəd təqdim etməsini istədiyini bildirmişdir.

Şahid ifadələri:

8. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində və verilən sualları cavablandırarkən baldızı Sədaqətin torpağını başqa adama satacağını, həmin vaxtı qaynı Allahverdigilin Türkiyədə olduqlarını, sonra baldızının torpağını Allahverdiyə satdığını, Allahverdinin isə öz çöl torpağını onlara satdığını, onların verdiyi pulun 350 dollarını Allahverdinin Sədaqətə verdiyini, Allahverdinin həmin torpağı onlar Türkiyəyə getməmişdən əvvəl aldığını, onların Türkiyəyə 16 il bundan əvvəl getdiklərini, alqı-satqının nə vaxt olmasını tam xatırlaya bilmədiyini, Allahverdinin pulu onlardan alıb baldızı Sədaqətə verdiyini, həmin vaxtı baldızının Allahverdiyə hər hansı bir sənəd vermədiyini, həmin puldan Sədaqətgil özünə hamam və mətbəx tikdirəcəklərini, əvvəllər tərəflərin aralarında torpaqla bağlı hər hansı mübahisə olmadığını, onun qızının ilə Allahverdinin oğlu evli olduğunu, Allahverdinin oğlu onun qızını boşadığını, sonra onlarla münasibətlərinin bitdiyi üçün aralarında nə baş verdiyini bilmədiyini, Sədaqət torpağı Allahverdiyə satanda onun yoldaşı Yaşarın da evdə olduğunu, qızı Arzunun isə balaca olduğunu, Sədaqətin təxminən 3-4 ildir ki, vəfat etdiyini, tərəflər arasında olan mübahisənin səbəbini bilmədiyini, sadəcə Allahverdinin 350 dolları Sədaqətə verdiyini bildiyini, Allahverdinin hazırki iddia tələbi üzrə mübahisəli həmin evi qızı üçün tikirdiyini bildirmişdir.

9. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən sualları cavablandırarkən qayınatasının torpağında 6-7 il bundan əvvəl tikinti gedən zaman fəhlə kimi işlədiyini, həmin vaxtı Yaşarı orada gördüyünü, onun tikiliyə heç bir etiraz etmədiyini, həmin torpaq sahəsinin Düdəngə kəndində yerləşdiyini, orda təxminən 1 aya yaxın iş görüldüyünü, qayınatasının birmərtəbili ev tikirdiyini, beton töküldüyünü, dəmir atıldığını, ustaların hörgü hörürdüyünü, günlük fəhlə işləyirdiyini və 20 manat aldığını, başqa fəhlənin də işləyirdiyini, lakin adını bilmədiyini, usta isə Ağaəli adlı şəxsin olduğunu, onun da öz fəhləsinin olduğunu, həmin torpaq sahəsini bacısı Sədaqətdən aldığını bildiyini, Sədaqətin yasında iştirak etdiyini, Sədaqət rəhmətə getməmişdən əvvəl evin təməlinin qalxdığını, sonra başqa iş görülmədiyini, tikili onun işlədiyi vaxt olan vəziyyətdə qaldığını, tərəflər arasında mübahisənin Sədaqətin ölümüdən sonra başladığını bildirmişdir.

10. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində və verilən sualları cavablandırarkən onun Düdəngə kəndində 10 ildir ki, yaşadığını, Allahverdinin orada 5-6 ildir ki, həyətə baxdığını, sonra ev tikməyə başladığını, Yaşarı orda görmədiyini, ustanın Ağaəli olduğunu və orada usta kimi işlədiyini gördüyünü, tikinti gedən torpaq sahəsi Allahverdinin evin yanında olduğunu, onun evi ilə Allahverdinin evinin arasında 2 ev yerləşdiyini, torpaq sahəsini Allahverdinin əkirdiyini, sonra həmin torpaq sahəsində tikinti işləri görməyə başladığını, 5-6 il əvvəl tikinti işlərinə başlandığını, tikintini nə qədər müddət getdiyini bilmədiyini, işin hissə-hissə getdiyini, pəncərə başlığına qədər hörüldüyünü, 2-3 il olar ki, tikinti getmədiyini, Yaşarın Cəlilkəndə kəndində yaşadığını, Yaşarı həmin torpaq sahəsində görmədiyini, onların arasında mübahisəni eşitmədiyini bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində və verilən sualları cavablandırarkən Sədaqətin torpağı birinci satmağı ona təklif etdiyini, topraq sahəsi onun qardaşı Abbasın adına olduğu üçün onu almaq istəmədiyini, həmin vaxtı Yaşarın Rusiyada yaşadığını, Sədaqət isə qızı ilə birlikdə palçıq kərpicdən olan evdə yaşamağa başladığını, sonra Sədaqətgil Cəlilkənd kəndində qaytınanası ilə birlikdə yaşadığını, bir müddət keçdikdən sonra Allahverdi həmin torpaq sahəsində ev tikmək üçün him qazdırdığını, evin tikintisində usta olaraq işlədiyini, Sədaqət rəhmətə gedəndə Yaşarın işlədikləri yerdən baçokla su və taxta apardığını, bir dəfə Allahverdi Yaşarın onun yanında fəhlə kimi işləməsini bildirdiyini, onun isə Allahverdinin təklifini qəbul etmədiyini, Yaşar və onun yoldaşının tikiliyə heç bir etiraz etmədiklərini, işləyəndə bir dəfə Yaşarı orada gördüyünü, həmin vaxtı Yaşarın etiraz etmədiyini, sokolu hörəndən sonra Sədaqətin rəhmətə getdiyini, onun yanında fəhlə olaraq Ramazan, Asiman və Eldəniz adlı şəxslərin işlədiyini, əvvəllər Yaşarla Allahverdinin mübahisəsini eşitmədiyini, Sədaqət rəhmətə gedəndən sonra mübahisələrinin başladığını bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində və verilən sualları cavablandırarkən tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğunu bildiyini, həmin torpaq sahəsində əvvəllər palçıqdan bir otaq olduğunu, Sədaqət qızı ilə birlikdə orada yaşadığını, sonra isə həmin palçıq evin söküldüyünü, bir müddətdən sonra Allahverdi həmin torpaq sahəsində qızı üçün ev tikdirdiyini, Allahverdinin orada 2022-ci ilin iyul ayının 1-nə qədər heç bir tikinti işi aparmadığını, 2022-ci ilin iyul ayından dekabr ayına kimi Türkiyədə yaşadığını, onun olmayan vaxtı işə başlandığını, Allahverdinin həmin torpaq sahəsində ev tikməyə başlaması təxminəm 2019-2020-ci illərdə olduğunu, tərəflər arasında torpaqla bağlı mübahisənin olduğunu eşitmədiyini bildirmişdir.

İş materialları:

13. Torpağın mülkiyyətə verilməsinə dair JN-1259A nömrəli (Kod ********) şəhadətnamənin surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Şərur rayonu, Düdəngə kəndində yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.

14. Şərur rayon 2 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olan Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Şərur rayonu, Düdəngə kəndində yerləşən ümumi sahəsi 0,1082 ha olan torpaq sahəsindən ibarətdir.

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Şərur rayonu, Düdəngə kəndində yerləşən 0,1082 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır.

16. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq sahəsinin üzərində tikilmiş yarımtikilinin qiymətləndirilməsinə dair məktubundan görünür ki, Şərur rayonun, Düdəngə kəndində yerləşən yarımtikilinin hazırkı bazarqiyməti 5400 manat təşkil edir.

17. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 283 saylı rəyindən görünür ki, Şərur rayonu, Düdəngə kəndində yerləşən Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin inşa edilməsinə və oraya istifadə olunan inşaat materiallarının və xidmət haqqının (usta pulu) dəyəri bugünkü (2025-ci il) orta bazar qiymətlərinə uyğun olaraq 8531,30 (səkkiz min beş yüz otuz bir manat otuz qəpik) manat məbləğində olduğu müəyyən edilir.

18. Əlavə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2025-ci il tarixli 1208 saylı rəyindən görünür ki, torpaq mühitinin relyef xüsusiyyətləri və bünövrənin dərin ölçülərdə qazılması səbəbindən əlavə tikinti-texniki ekspertizanın keçirilməsi mümkün olmamışdır.

19. Şərur Rayon İcra Hakimiyyəti Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 446 nömrəli arayışdan görünür ki, Düdəngə kənd sakini İddiaçı bacısı X1 adına olan JN-1259A nömrəli (Kod ********) nömrəli həyətyanı sahədə yeni yaşayış binası inşa etmişdir. Hal-hazırda inşa edilmiş bina tamamam vəziyyətdədir.

20. Məhkəmə tərəfindən “Google Earth” proqramından illərə görə əldə edilmiş çıxarışlardan görünür ki, Şəruru rayonunun Düdəngə kəndində yerləşən mübahisəli torpaq sahəsi (kordinatlar -39°33'47.8"N 45°00'29.7"E) üzərində tikinti işləri ən geci 7.04.2021-ci ildən etibarən başlanılmışdır.

21. Elektron Məhkəmə Sistemindən edilmiş sorğudan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Sədərək DSBM-dən keçməklə Türkiyə Respublikasına getmiş və xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır.

İşin faktiki halları:

22. Məhkəmə iclasında toplanmış yazılı sübutların təhlili və tərəflərin qarşılıqlı etirafları nəticəsində mübahisəsiz olaraq müəyyən edilmişdir ki, Şərur rayonu, Düdəngə kəndində yerləşən 0,11 ha (faktiki 0,1082 ha) torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə iddiaçının bacısı X4 mülkiyyətinə verilmişdir. Mülkiyyətçi Sədaqət Quliyeva xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin əmlak vərəsəlik qaydasında həyat yoldaşı Cavabdeh mülkiyyətinə keçmiş və xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir.

23. Mübahisəli torpaq sahəsi üzərində iddiaçı tərəfindən 4 otaqlı fərdi yaşayış evinin inşasına başlanılmışdır. "Google Earth" peyk görüntüləri və yerli icra nümayəndəliyinin arayışı ilə təsdiq olunur ki, tikinti işləri ən geci xx.xx.2021-ci il tarixdən etibarən aktiv fazaya keçmişdir. Hazırda torpaq sahəsi üzərində yarımçıq tikili mövcuddur.

24. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların rəylərinə əsasən, sözügedən yarımçıq tikilinin inşa edilməsinə sərf olunan materialların və usta haqqının (işçi qüvvəsinin) bugünkü bazar qiymətləri ilə dəyəri 8 531,30 manat təşkil edir. Tikilinin müstəqil bazar qiyməti isə 5 400 manat olaraq qiymətləndirilmişdir.

25. İddiaçı ilə mərhum mülkiyyətçi Sədaqət Quliyeva doğma bacı-qardaşdırlar. Həmçinin, Elektron Məhkəmə Sistemi vasitəsilə təsdiq olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Türkiyə Respublikasında səfərdə olmuşdur.

26. Tərəflər arasında torpaq sahəsindən istifadə və tikinti ilə bağlı rəsmi narazılıq və tikintinin dayandırılması tələbi 2023-cü ilin payız aylarında, yəni torpağın vərəsəlik yolu ilə cavabdehin adına keçməsi prosesi başladıqdan sonra yaranmışdır.

27. Qeyd: İş materialları əsasında məhkəmə belə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən mərhum X3 500 ABŞ dolları müqabilində satın alınıbalınmaması, iddiaçının torpaq sahəsində apardığı tikinti işlərinin özbaşına olub-olmaması, iddiaçının torpaq sahəsində tikinti işləri üçün tələb etdiyi məbləğdə xərc çəkib-çəkməməsi və bu xərclərin cavabdeh tərəfindən ödənilməli olub-olmaması- İşin mübahisəli faktiki hallarıdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

29. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

30. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

38. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

41. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

42. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Məhkəmənin mövqeyi:

46. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, şahid ifadələrini, ekspert rəylərini və digər yazılı sübutları birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

47. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ əvvəlcə X7 məxsus olmuş, onun vəfatından sonra isə həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh mülkiyyətinə keçmiş və dövlət qeydiyyatına alınmışdır. Deməli, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur və bu hal iş üzrə mübahisə doğurmur.

48. Bununla belə, iş materialları ilə eyni zamanda o da müəyyən olunur ki, iddiaçı həmin torpaq sahəsində yaşayış evi tikintisinə başlamış, torpaq sahəsindən faktiki istifadə etmiş və orada yarımçıq tikili inşa etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə əsas hüquqi məsələ təkcə torpaq sahəsi üzərində kimin mülkiyyət hüququnun olmasının müəyyən edilməsi ilə məhdudlaşmır. Eyni zamanda, iddiaçının həmin torpaq sahəsində hansı şəraitdə tikinti aparması, bu tikintinin torpaq mülkiyyətçisinin iradəsinə zidd olubolmaması, eləcə də torpaq mülkiyyətçisinin davranışının iddiaçıda əsaslı güvən yaradıbyaratmaması araşdırılmalıdır.

49. İş üzrə dindirilmiş şahidlərin, xüsusilə Şahid1, X2 və Şahid4 ifadələrindən müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etmiş və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə başlamışdır. Şahidlər tikinti işlərinin açıq şəkildə aparıldığını, həmin ərazidə ustaların və fəhlələrin işlədiyini, tikilinin mərhələli şəkildə inşa olunduğunu bildirmişlər. İş materiallarında olan “Google Earth” proqramından əldə edilmiş peyk görüntüləri də təsdiq edir ki, mübahisəli torpaq sahəsində tikinti işləri ən geci xx.xx.2021-ci il tarixdən etibarən aparılmışdır.

50. Cavabdeh isə izahatında tikinti işlərinin onun xəbəri olmadan aparıldığını, həmin vaxt Türkiyə Respublikasında olduğunu və ölkəyə qayıtdıqdan sonra tikilini gördüyünü bildirmişdir. Lakin Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edərək Türkiyə Respublikasına getmiş və xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Bu isə onu göstərir ki, tikinti işlərinin başlanıldığı dövrdə cavabdeh ölkə ərazisində olmuşdur.

51. Beləliklə, cavabdehin tikinti işlərinin onun ölkədə olmadığı vaxt aparılması barədə etirazı iş materiallarında olan ölkədən giriş-çıxış məlumatları ilə təkzib olunur. Eyni zamanda şahid ifadələri və peyk görüntüləri tikinti işlərinin açıq şəkildə aparıldığını göstərdiyindən cavabdehin tikintinin gizli və ya onun xəbəri olmadan aparılması barədə etirazı sübutlarla təsdiq olunmur və məhkəmə tərəfindən inandırıcı hesab edilmir.

52. Məhkəmə hesab edir ki, torpaq sahəsində tikili inşa edən şəxsin hərəkətlərinin qanunsuz və ya özbaşına hesab olunması üçün onun torpaq mülkiyyətçisinin iradəsinə açıq şəkildə zidd hərəkət etməsi müəyyən olunmalıdır. Əgər torpaq mülkiyyətçisi tikintidən xəbərdar olmuş, ona dərhal və aydın etiraz etməmiş, əksinə davranışı ilə bu istifadəyə və tikintiyə dözümlü münasibət göstərmişdirsə, həmin torpaq sahəsində vəsait qoyaraq tikinti aparmış şəxsin sonradan tamamilə hüquqsuz və vicdansız sahib kimi qiymətləndirilməsi düzgün olmaz.

53. Məhkəmə belə hesab edir ki, hazırkı işdə iddiaçı torpaq sahəsində tikinti işlərini torpaq mülkiyyətçisinin və onun ailə üzvlərinin əvvəlki davranışına güvənərək aparmışdır. Bu güvən təsadüfi deyil, iş materialları ilə təsdiqlənən konkret faktlara əsaslanır. Məhz buna görə də iddiaçının torpaq sahəsində tikinti apararkən vicdanlı sahib kimi çıxış etdiyi qənaətinə gəlmək mümkündür.

54. Məhkəmə hesab edir ki, torpaq mülkiyyətçisi sonradan öz hüququna istinad edərək torpaq sahəsini geri tələb etdikdə, bu, özlüyündə mümkündür. Lakin belə tələb irəli sürülərkən həmin torpaq sahəsində mülkiyyətçinin davranışına güvənərək vəsait sərf etmiş şəxsin əmlak mənafeləri də nəzərə alınmalıdır. Əks halda, bir tərəfin mülkiyyət hüququnun həyata keçirilməsi digər tərəfin çəkdiyi zəruri və faydalı məsrəflərin nəzərə alınmaması hesabına baş vermiş olar ki, bu da hüquqlar arasında ədalətli tarazlığı pozar.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə isə vicdanlı sahib əmlaka etdiyi yaxşılaşdırmaları əmlaka zərər yetirmədən ayıra bilmədikdə, əmlakın dəyərindən artıq olmamaq şərti ilə, həmin yaxşılaşdırmalar üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

56. Hazırkı işdə mübahisəli tikili torpaq sahəsindən ayrılması mümkün olmayan, torpaqla möhkəm bağlı daşınmaz əşya xarakteri daşıyır. Bu səbəbdən həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən naturada ayrılıb götürülməsi mümkün deyildir. Belə olan halda, iddiaçının həmin tikiliyə sərf etdiyi məsrəflərin əvəzinin pul şəklində ödənilməsi hüquqi cəhətdən əsaslıdır.

57. Məhkəmə bu qənaətə gəlirkən onu da nəzərə alır ki, cavabdeh torpaq sahəsini geri əldə edir, lakin torpaq sahəsi üzərində iddiaçının vəsaiti hesabına yaranmış yaxşılaşdırmalardan da faydalanmış olur. Belə halda, cavabdehin həmin yaxşılaşdırmaların dəyərini ödəmədən torpaq sahəsini və onun üzərindəki tikilini özündə saxlaması əslində başqa şəxsin hesabına əmlak əldə etməklə nəticələnir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanan sayılır. Həmin Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə əsasən isə varlanmış şəxs əldə etdiklərini qaytarmalı, bu mümkün olmadıqda isə onların dəyərini ödəməlidir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən tikintiyə çəkilmiş məsrəflərin cavabdeh tərəfindən ödənilməməsi sonuncunun iddiaçının hesabına əsassız varlanmasına gətirib çıxarar.

59. İş üzrə 28 aprel 2025-ci il tarixli 283 saylı ekspert rəyindən müəyyən olunur ki, Şərur rayonu, Düdəngə kəndində yerləşən, cavabdehə məxsus torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin inşa edilməsinə sərf olunmuş inşaat materiallarının və xidmət haqqının orta bazar qiymətlərinə uyğun dəyəri 8531,30 manat təşkil edir. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Çünki bu rəy səlahiyyətli ekspertiza orqanı tərəfindən verilmiş, işin hallarına uyğundur və onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir.

60. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tikiliyə çəkdiyi xərclər ekspertiza ilə müəyyən edilmiş 8531,30 manat məbləğində cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

61. İddiaçının torpaq üçün ödədiyini iddia etdiyi 500 ABŞ dolları (850 manat) hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, mülki dövriyyədə pul vəsaitinin verilməsi faktı, bir qayda olaraq, qəbz, yazılı razılaşma, bank sənədi və ya digər mötəbər sübutlarla təsdiq olunmalıdır. Yalnız şahid ifadələri belə ödənişin hüquqi əsasını və tam məbləğini müəyyən etmək üçün hər zaman kifayət hesab edilə bilməz.

62. Hazırkı işdə iddiaçı tərəfindən 500 ABŞ dolları məbləğinin tam şəkildə verilməsini təsdiq edən yazılı sübutlar təqdim olunmamışdır. Lakin iş üzrə dindirilmiş Şahid1 ifadəsindən müəyyən olunur ki, iddiaçı həmin pul vəsaitinin bir hissəsini mərhum X7 vermiş və şahid həmin məbləğin 350 ABŞ dolları olduğunu göstərmişdir. Məhkəmə bu ifadəni iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək həmin hissədə pul vəsaitinin verilməsini inandırıcı və sübuta yetirilmiş hesab edir.

63. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras əmlakını onun həyat yoldaşı Cavabdeh qəbul etmişdir və mübahisəli torpaq sahəsi sonradan daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Miras hüququnun ümumi qaydalarına əsasən vərəsə mirası qəbul etdikdə miras qoyanın əmlak hüquqları ilə yanaşı, həmin münasibətlərdən irəli gələn öhdəlikləri də qanunla müəyyən edilmiş həddə öz üzərinə götürmüş hesab olunur.

64. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mərhum Sədaqət Quliyevaya verilmiş və şahid ifadəsi ilə təsdiq olunan 350 ABŞ dolları məbləğində pul vəsaiti üzrə tələb əsaslıdır və həmin məbləğ mirası qəbul etmiş Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının tələb etdiyi pul vəsaitinin qalan hissəsi isə sübut olunmadığından təmin edilə bilməz.

65. İddiaçının əldən çıxmış fayda qismində tələb etdiyi 6150 manat hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi rədd edilməlidir. Çünki iddiaçı heç bir zaman torpağın hüquqi mülkiyyətçisi olmamışdır və torpaq sahəsinin qiymət artımı mülkiyyət hüququndan irəli gələn bir mənfəətdir. İddiaçının hüququ yalnız tikintiyə çəkdiyi real zərərin (faktiki xərclərin) əvəzini almaqla məhdudlaşır.

66. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı torpaq sahəsində torpaq mülkiyyətçisinin əvvəlki davranışına güvənərək tikinti aparmış, həmin tikili torpaq sahəsinin ayrılmaz tərkib hissəsinə çevrilmiş, cavabdeh isə həmin yaxşılaşdırmaları özündə saxlamışdır. Bu halda iddiaçının tikintiyə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi həm vicdanlı sahibin yaxşılaşdırmalara görə kompensasiya hüququna, həm də əsassız varlanmanın aradan qaldırılması prinsipinə uyğundur. Eyni zamanda, şahid ifadəsi ilə təsdiq olunmuş 350 ABŞ dolları məbləğində pul vəsaitinin mərhum Sədaqət Quliyevaya verilməsi və cavabdehin onun mirasını qəbul etməsi nəzərə alınmaqla, həmin hissədə də iddia tələbi əsaslı hesab edilməlidir. Buna görə də iddia tələbi tikiliyə çəkilmiş xərc hissəsində 8531,30 manat, torpaq sahəsi üçün ödənilmiş pul hissəsində isə 350 ABŞ dolları məbləğində təmin edilməli, qalan hissədə rədd olunmalıdır.

Məhkəmə baxışının hədləri:

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

68. Məhkəmə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun 64.71 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

69. Həmçinin məhkəmə belə hesab edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat (50+100 manat) məbləğində pulun 62.22 manat hissəsi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən, 87.78 manat hissəsi isə iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:6, Adı: X11 MR İdarəsi,Kodu:502906,VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir.

70. Həmçinin məhkəmə belə hesab edir ki, iş üzrə məhkəmə baxışı dövründə iddiaçı tərəfindən Daşınmaz əmlakın qiymətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində “Daşıbnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin hesabına ödənilmiş 120 manat məbləğində pulun 49.78 manat hissəsi isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

71. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -İddia qismən təmin edilməli, Cavabdeh 8531,30 manat pul vəsaiti, o cümlədən 350 ABŞ dollar məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanaraq tutularaq, iddiaçı İddiaçı ödənilməli, -İddia tələbi qalan hissədə rədd edilməli, -İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun 64.71 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, -İş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat (50+100 manat) məbləğində pulun 62.22 manat hissəsi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən, 87.78 manat hissəsi isə iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:6, Adı: X11 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməli, -İş üzrə məhkəmə baxışı dövründə Daşınmaz əmlakın qiymətləndirilməsi üçün iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində “Daşıbnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin hesabına ödənilmiş 120 manat məbləğində pulun 49.78 manat hissəsi isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

72. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq

Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8531,30 (səkkiz min beş yüz otuz bir manat, 30 qəpik) manat və 350 (üç yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti, sonuncu məbləğ ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş 156 (yüz əlli altı) manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olan 64,71 (altmış dörd manat 71 qəpik) hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pulun 62,22 (altmış iki manat 22 qəpik) hissəsi Cavabdeh, 87,78 (səksən yeddi manat 78 qəpik) hissəsi isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 6, Adı: X11 MR İdarəsi, Kodu: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ21NABZ********************) köçürülsün. İş üzrə məhkəmə baxışı zamanı daşınmaz əmlakın qiymətləndirilməsi üçün iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesabına ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pulun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 49,78 (qırx doqquz manat, yetmiş səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar