Məhkəmə qərarları › İş №2(110)-192/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-192/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-192/2021 31.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Yuxarı Daşarx kənd sakini Cavabdeh 4500 (dörd min beş yüz) avro məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb oğlu İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində oğlu İddiaçı Veysəl oğlunun Bakı şəhərində fərdi ticarətlə məşğul olduğunu, Bakı şəhərində yaşayan həmkəndliləri Cavabdeh 2018-ci ildə oğlu Kənandan borc olaraq 10500 (on min beş yüz) avro pul aldığını, bir müddət keçdikdən sonra qaytaracağını, lakin Nəsiminin işlərinin qaydasında getmədiyindən bu pulu hissə-hissə qaytaracağı barədə razılaşdıqlarını, Nəsiminin bu borcdan bir miqdarını ödədiyini, lakin həmin borcdan hazırda bir müddət keçdikdən sonra qaytaracağını, lakin Nəsiminin işlərinin qaydasında getmədiyindən bu pulu hissə-hissə qaytaracağını, 4500 (dörd min beş yüz) avro pulun qaytarılmamış qaldığını, Nəsiminin dəfələrlə pulu ödəyəcəyini bildirdiyini, lakin aradan uzun müddət keçməsinə baxmayaraq onun hər zaman bəhanələr gətirərək Kənanı aldatdığını və bu günə kimi borcunu ödəmədiyini, Kənanın bu pulu tələb edəndə də hərdən bir yalan dediyini, müxtəlif bəhanələrlə bundan imtina etdiyini, borc tələbi ilə əlaqədar xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə Şərur Rayon Məhkəməsində qəbulda olan zaman Nəsimi ilə əlaqə saxlanıldığını və Nəsiminin sonuncu dəfə bir həftə ərzində borcunu ödəyəcəyinə dair söz verdiyini, göstərilən səbəbdən məcbur qalıb məhkəməyə müraciət etdiyini, Şərur rayon Yuxarı Daşarx kənd sakini Cavabdeh 4500 (dörd min beş yüz) avro məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatları bir daha təkrarlayaraq məhkəmədən Şərur rayon Yuxarı Daşarx kənd sakini Cavabdeh 4500 (dörd min beş yüz) avro məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb oğlu İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq teleqramda İddiaçı məhkəmədə ona qaldırdığı iddia ərizəsinə əsasən bildirki, göstərdiyi məbləği 4500 (dörd min beş yüz) avro ona avtomobil şinləri gətirmək məqsədi ilə verib. Gətirdiyi şinlər gömrükdə müsadirə edildiyindən Kənanın göstərdiyi məbləği borclu qalmışam. Sizlərdən xahiş edirəm ki, o məbləği hissə-hisə (işlədiyim müddətdə) ödəməyim üçün qərar verilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq izahatında cavabdehin həmin məbləği hissə-hisə ödəməsi barədə teleqramda qeyd etdiyi xahişinə etiraz edərək, cavabdehdən 4500 (dörd min beş yüz) avro məbləğində pulun bütöv halda alınıb oğlu İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına, cavabdehin isə iddianı etiraf etməsi barədə telqramına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2018-ci ildə həmkəndlisi İddiaçı Bakı şəhərində 10500 (on min beş yüz) avro pul almış, cavabdeh borclu olduğu 10500 (on min beş yüz) avro puldan 6000 (altı min) avro qaytardığını, qalan 4500 (dörd min beş yüz) avro pulu Kənanla razılaşaraq hissə-hissə qaytarmağı öhdəsinə götürsə də, lakin aradan uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamışdır. Belə olan təqdirdə iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə teleqram vuraraq iddiaçıya həqiqətəndə 4500 (dörd min beş yüz) avro pul borclu olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddiasını müdafiə etmiş, cavabdeh isə məhkəməyə teleqram vuraraq iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı təsdiq olunmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı Şərur rayon Yuxarı Daşarx kənd sakini Cavabdeh İddiaçı 4500 (dörd min beş yüz) avro borcunun olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi həmin qaydada təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyidən onun məhkəməyə müraciət etməsi ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alinaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Yuxarı Daşarx kənd sakini Cavabdeh 4500 (dörd min beş yüz) avro məbləğində pul qətnamənin icra olunduğu günə olan avronun Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar