Məhkəmə qərarları › İş №2(110)-195/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-195/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-195/2021 29.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Sampo” markalı kombaynı almaq üçün ilkin olaraq ödədiyi 2000 manat, kombaynın yığılmasına görə çəkdiyi xərcə görə 2001 manat, kombaynı yığmaq üçün əl xərci 800 manat və onu aldatdığı üçün 2000 manat təzminat, ümumilikdə 7191 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh şifahi razılaşma əsasında 30000 manat kreditlə “Sampo” markalı kombaynı aldığını, ilkin olaraq 2000 manat ödəyib qalan pulunu isə sezon vaxtı işləyib ödəyəcəyi barədə cavabdehlə razılaşdıqlarını, kombayna lazım olan bütün ehtiyyat hissələrini özünün alaraq iyun ayının 5-6 sına qədər yığıb qurtardığını, cavabdeh razılaşmanı pozaraq ondan kombaynı geri aldığını, bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında 20.02.2020-ci il tarixdə Şərur rayon Xətai kənd sakini Cavabdeh 30000 manat kreditlə “Sampo” markalı kombaynı aldığını, ilkin olaraq 2000 manat ödəyib qalan pulunu isə sezon vaxtı işləyib ödəyəcəyi barədə cavabdehlə razılaşdıqlarını, kombaynın cavabdehdən götürən vaxtı işlək vəziyyətdə olduğunu, lakin biçin sezonuna hazırlamalı və müəyyən hissələrini dəyişilməli olduğunu, iddia ərizəsində göstərdiyi ehtiyyat hissələrini mart ayında alaraq X5 və X3 ilə birlikdə iyun ayın 5-6-na qədər yığıb qurtardığını, həmin ehtiyyat hissələrini almaq üçün pulu çatmadığından hətta həmkəndlisindən 1300 manat borc aldığını, 9 hektar cavabdehin həmkəndlilərinin yerini biçib pulunu da cavabdehə verdiyini, cavabdeh ona əlavə olaraq 8 hektar yeri biçməyi bildirdiyini, həmin yeri biçməyə gedəndə İslamın ondan kombaynın açarlarını alıb pulun qalanını gətirdikdən sonra kombaynı aparmağı bildirdiyini, iddiaçı isə onunla elə razılaşmadıqlarını, borcunu biçin vaxtı verəcəyini bildirdiyini, İslamın ona kombaynı satmadığını, onu sadəcə işlətmək üçün verdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında 20.02.2020-ci il tarixdə İddiaçı ilə kombaynı ona 30000 manata satmağı razılaşdıqlarını, iddiaçı ilkin olaraq 2000 manatı əvvəlcədən ödədiyini, qalan 8000 manatı aprel ayında, 10000 manat yay sezonunda, 10000 manatı isə 2021-ci ilin sezonunda verməyi barədə razılaşdıqlarını, aprel ayında Selnura 8000 manatı verməli olduğunu bildirdiyini, onun isə cavabında qayınatasının Türkiyədən gələ bilmədiyinə görə ödəyə bilməyəcəyini bildirdiyini, razılaşdıqları vaxtda borcunu qaytara bilməyəcəyi təqdirdə kombaynı ondan alacağını bildirdiyini, kombaynın işlək vəziyyətdə olduğunu, iddiaçı kombaynı aparan vaxtı ona lazım olan bütün ehtiyyat hissələrini ona verdiyini, iddiaçı kombayn üçün heç bir yaxşılaşdırmanı özünün aldığı hissələrlə etmədiyini, yalnız bəzəkli işıqlandırma sistemini quraşdırdığını, onu istədiyi zaman götürə biləcəyini bildirdiyini, onlara gedən vaxtı Selnurun həyətində başqa kombaynların da olduğunu gördüyünü, bunların nə olduğunu soruşanda iddiaçının kombaynın üstündəki olanların təzə olduğunu, o biri kombayna salıb istifadə edəcəyini bildirdiyini, həmçinin Selnura Şəhriyar ərazisində yonca əkmək üçün 600 manat pul verdiyini, onun isə 1 ədədi 2.50 manat olmaqla, ümumilikdə 300 manat edən 120 pres gətirdiyini, qalan 300 manatı isə geri qaytarmadığını, iddiaçıya yerini dərmanlamaq üçün 120 manat verdiyini, əlavə olaraq 17 hektar yer biçib onun da pulunun hamısını iddiaçının götürdüyünü, Selnurun Musa adlı şəxsə 600 manat məbləğində borcu olduğunu, Selnurla razılaşıb Musaya olan borcunu qaytardığını, iyun ayının 8-də yerini biçmək üçün Selnuru çağırdığını, pulu verməyəcəyi təqdirdə kombaynı ondan alacağını bildirdiyini, Selnurun isə pulu ödəyə bilməyəcəyini bildirdiyini, həmin vaxtı kombaynın açarlarını ondan aldığını, ilkin olaraq ödədiyi pulu hissə-hissə ona geri qaytardığını, artıq ona heç bir borcunun qalmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin izahatında qeyd edilənlərlə bağlı verilmiş suallara cavabında həqiqətən də cavabdehin onun Musaya olan 600 manat borcunu qaytardığını, həmçinin cavabdehin ona yonca əkmək üçün 600 manat pul verdiyini, yoncanı biçib cavabdehə 120 pres verdiyini, dəyərinin 300 manat olduğunu, həmin vaxtı cavabdehin ona yerini dərmanlamaq üçün 120 manat pul verdiyini bildirdi. Şahid İfadələri: 15.04.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilmiş suallara cavabında fərdi təsərrüfatla məğul olduğunu, hər il taxıl əkib-becərdiyini, Cavabdehı qonşu kəndçi olaraq tanıdığını, İslamla əlaqə saxlayıb taxılını biçdirmək istədiyini bildirdiyini, İslamın da ona razılıq verdiyini, yerini biçməyə indi adını bildiyi Selnur adlı şəxsin gəldiyini, 5 ha yerini biçdiyini, 300 manat pulu Selnura verdiyini, kombaynın sahibi kimi İslamı tanıdığını, amma yerini biçdikdən sonra pulu İslamın göstərişi ilə Selnura verdiyini bildirmişdir. 15.04.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində 5 ha əraziyə taxıl əkdiyini, İslama taxılını biçməsini söylədiyini, İslamın bunun qarşılığı olan 300 manatı Selnura verməyini bildirdiyini, həmin pulu Selnura verdiyini, əvvəldən Selnur ilə heç bir tanışlığının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilmiş suallara cavabında tərəflərlə əvvəldən tanışlığının olmadığını, keçən ilin iyun ayının əvvələrində Selnurun ondan 435 manatlıq mal aldıqdan sonra onu tanıdığını, Selnurun ondan biri 10 manat olmaqla 10 ədəd xederin barmağı, 120 manata xederin bıçağı, transpartyorun sepi 180 manat, 1 ədəd 10 manata remen, 2 ədəd hərəkət remenini 120 manata aldığını, İslamın ona zəng edərək onun 260 manatını özünün verəcəyini bildirdiyini, qalan 175 manatı isə Selnurun ona nağd şəkildə ödədiyini, İslamın ona 200 manatı ödədiyini, hələ də 60 manat borcunun qaldığını, malları satdığı zaman qəbz verdiyini, amma qəbzdə ad yazılmadığını, malları Selnura satan vaxtı isə qəbz bitdiyi üçün verə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilmiş suallara cavabında özünün Zil sürücüsü olduğunu, Selnurla əvvəlcədən tanış olduğunu, İslamı da Selnura görə tanıdığını, onların arasında olan kombayn alqı-satqısı barəsində məlumatının olmadığını, 2020-ci ilin aprel-may ayları olduğunu, Selnurun zəng edərək kombayn aldığını bildirdiyini, kombaynı birlikdə yığmaq üçün onu çağırdığını, özünün motorist olmadığını, sadəcə ona kombaynı yığmaqda əvəzsiz olaraq kömək etdiyini, köməklik etməyinin məqsədinin biçin vaxtı taxılı onun maşını ilə daşınması olduğunu, Selnurgilə gedəndə kombaynın artıq söküldüyünü, Selnurun kombaynı saz vəziyyətdə gətirdiyini bildirdiyini, lakin biçin vaxtı kombaynın baxıma ehtiyacı olduğunu, xederin bıçaqlarını və transpartyorun sepini Naxçıvandan yolladıqlarını, Selnurla gedib onu gətirdiklərini, Selnura köməklik edib xederin bıçaqlarını, transpartyorun sepini dəyişdiklərini və əlavə olaraq suvarka işləri gördüklərini, yağın dəyişməsini görmədiyini, salidol yağını isə birlikdə vurduqlarını, lakin karopkaya əl vurmadıqlarını, Selnurun karopkanı qardaşının yığdığını bildirdiyini, kombaynın işıqlarının da quraşdırıldığını, işıq sisteminin Selnurun özünün çəkdiyini bildirdiyini, 2020-ci ilin aprel ayının əvvələrində Selnurun kombaynın pulunu ödəyə bilmədiyini bildirdiyini, Selnurun ondan kredit götürməyini istədiyini, onun isə kredit götürə bilməyəcəyini bildirdiyini, sonra biçin vaxtı başladığını, onların Oğuzkənd və Xətaidə işlədiklərini, 3-4 gün ərzində adını bilmədiyi 3-4 nəfərin təxminən 10-11 hektar yerini biçdiklərini, biçin vaxtı təxminən 200-250 manat pulu Selnura verdiklərini, amma qalan pulu kimə verilməsi barədə məlumatının olmadığını, biçin vaxtı İslamın da onların yanında olduğunu, sonra İslam Selnurdan pulunu istədiyini, Selnur pulunun olmadığını bildirəndə İslamın Selnurdan kombaynın açarlarını aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilmiş suallara cavabında özünün traktor sürücüsü olduğunu, Selnuru əvvəlcədən tanıdığını, 2020-ci ilin yaz aylarında Selnurun ona kombayn almaq istədiyini bildirdiyini və şərik olmaqlarını təklif etdiyini, Selnurla birlikdə İslamgilə getdiklərini, həmin vaxtı kombaynın saz vəziyyətdə olduğunu, kombaynın onun xoşuna gəldiyini, sonra işləri ilə əlaqədar olaraq şərik olmaqdan imtina etdiyini, Selnurun İslamdan kombaynı aldıqdan sonra kombaynı sezona hazırlamağa kömək etmək üçün onu çağırdığını, 1 həftə ərzində əvəzsiz olaraq ona köməklik etdiyini, birlikdə kombaynın bıçağını və xederin bıçaqlarını dəyişdiklərini, suvarka işlərinə köməklik etdiyini, kombaynı sürəndə karopkasından səs gəldiyini, sonra Selnurun kombaynın karopkasını dəyişdiyini bildirdiyini, amma onu dəyişən vaxtı görmədiyini, həmçinin motor yağını da dəyişən zaman görmədiyini, Selnurun kombaynını alan zaman ondan 1000 manat borc istədiyini, onun isə Alışar kənd sakini Məmmədəli adlı şəxsən 1000 manat alıb Selnura verdiyini, Selnurun ona 250 manatını qaytardığını, lakin hələ də 750 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Əsgərov Elxan Sadıq oğlu ifadəsində Selnurun onun bacısı oğlu olduğunu, İslamı Selnura görə tanıdığını, özünün motorist olduğunu və kombaynı yığmağı bacardığını, 2019-cu ildə İslama kombaynı yığmağa əvəzsiz köməklik etdiyini, Selnurun kombayn alan vaxtı onun Türkiyədə olduğunu, şahid kimi nə üçün çağırldığını bilmədiyini, verilmiş suallara cavabında isə usta olduğundan kombaynı sezona hazırlamağın 1 ay çəkdiyini, ümumi 150-200 manat usta xərci tutduğunu, kombaynın motorunu, karopkasını yığmağa usta lazım olduğunu, amma onun bıçaqlarını, xederin bıçağını dəyişməyə ustaya ehtiyac olmadığını, sürücü tərəfindən sazlanmalı olduğunu bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı barədə şifahi razılaşma olmuş və cavabdeh “Sampo” markalı kombaynı 30000 manata iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilkin olaraq 2000 manat ödəmiş qalan borcunu isə sezon vaxtı ödəməyə öhdəsinə götürmüşdür. Lakin razılaşdıqları vaxtda iddiaçı cavabdehə olan borcunu ödəyə bilməmişdir. Buna görə də cavabdeh iddiaçıya satmağa razılaşdığı kombaynı ondan geri almışdır. Cavabdeh iddiaçının ona ilkin olaraq 2000 manat ödədiyini etiraf etmiş, lakin onu qaytardığını bildirmişdir. Həmin pulun müəyyən hissəsinin qaytarılması iddiaçının etirafı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, ilkin olaraq iddiaçının cavabdehə ödədiyi 2000 manatın 600 manatını cavabdehin razılıq əsasında iddiaçının Musa adlı şəxsə olan borcunu ödədiyi, 600 manatını iddiaçının yerini biçdiyi şəxslərdən aldığı, 120 manatını cavabdehin iddiaçıya yerini dərmanlamaq üçün verdiyi, həmçinin yonca əkmək üçün cavabdehin 600 manat pulu iddiaçıya verdiyi, onun isə dəyəri 300 manat edən 120 pres gətirdiyi, ümumilikdə 1620 manatın cavabdeh tərəfindən iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Buna görə qaytarılması sübut olunmayan 380 manat olan hissədə cavabdehin iddiaçıya borclu olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur. Kombaynın ehtiyat hisələrinin alınmasına görə çəkdiyi xərclə bağlı hissədə məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadəsi ilə iddaçının 435 manat dəyərində kombaynın ehtiyat hissələrini aldığını, həmin ehtiyyat hissələrlə bağlı iddiaçının 175 manat ödədiyi təsdiqini tapmışdır. Kombaynın ehtiyat hissələrinin yığılmasına görə usta xərcinə gəldikdə isə, tərəflər arasında bununla bağlı hər hansı razışlama olmadığından, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, məhkəmədə şahid qismində dindirilən kombayn ustasının ifadəsində kombaynın yığılması üçün 150-200 manat usta xərci tələb olunduğunu bildirməsini nəzərə alaraq usta xərcinin 200 manat olması qənaətinə gəlmişdir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ilkin olaraq ödədiyi 2000 manata münasibətdə ödənilməyən 380 manat, ehtiyat hissələrə görə iddiaçının nağd şəkildə ödədiyi 175 manat, uxta xərcinə görə 200 manat olmaqla, ümumilikdə 755 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə bu halların mövcudluğu sübut olunmadığından məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Belə ki, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 755 manat borc pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 3 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xətai kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 755 manat (yeddi yüz əlli beş manat) borc pul və məhkəmə xərci olaraq 3 (üç) manat dövlət rüsumu alınaraq Şərur rayon Şəhriyar kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar