Məhkəmə qərarları › İş №2(110)-206/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-206/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-206/2021 13.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüqunun tanınması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş Cavabdeh Məhərrəm oğlu yetkinlik yaşına çatanadək qayınatası Cavabdeh məxsus Şərur rayon Kürkənd kəndində yerləşən hazırda yaşadığı yaşayış evindən müvəqqəti olaraq istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Həsənov Məhərrəm Fəxrəddin oğlu ilə aralarında bağlanmış nikahın 2020-ci ildə pozulduğunu, yetkinlik yaşına çatmayan X3 və Cavabdeh Məhərrəm oğlunun onunla birlikdə qaynatası Cavabdeh məxsus evdə yaşadıqlarını, başqa qalacaq yerinin olmadığını, aldığı alimentin kirayədə yaşamağa imkan vermədiyini, özünün heç bir yerdə işləmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında X4 ilə 2010-cu ildə evləndiklərini, lakin nikaha 2012-ci ildə daxil olduqlarını, evlənəndən sonra qaynatasının evinə köçdüklərini, 3 il müddətində qayınatasının evində bir ailə kimi yaşadıqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə Cavabdeh Məhərrəm oğlunun doğulduğunu, sonra qayınatasına məxsus digər həyətyanı sahəsində 2 otaqlı yarımtikili evə köçdüklərini və həmin vaxtdan da orada yaşadıqlarını, yola gedə bilmədiklərindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, yetkinlik yaşına çatmayan uşaqların onun yanında qalmasının müəyyən edildiyini və hər uşaq üçün ayda 90 manat aliment qət edildiyini, cavabdehin həmin qətnamədə müəyyən edilən alimentin məbləğinin yüksək olduğunu bildirərək apellyasiya şikayəti verdiyini, apellyasiya məhkəməsində cavabdehin evində yaşamağını, cavabdehin də heç bir etirazının olmadığını bildirərək alimentdən güzəşt etməyinin təklif edildiyini, alimentin miqdarının azaldılıb bir uşaq üçün 80 manat olmasına etiraz etmədiyini, uşaqları ilə birlikdə qayınatasına məxsus olan torpaqda birgə nikah dövründə tikdikləri evdə yaşadıqlarını, məhkəmədən həmin evdən ona çatan payı tələb etsə də iddiasının rədd edildiyini, həmin evi qayınatası öz adına keçiridib onu oradan çıxartmaq istədiyini, uşaqlarının məktəbli olduğunu, birinin səhər, digərinin isə günorta məktəbə getdiyini, ona görə də heç bir yerdə işləyə bilmədiyini, ataanasının boşandığını, atasının yenidən ailə qurduğunu, ona görə də onlarla birlikdə yaşaya bilmədiyini, anasının Bakı şəhərində kirayədə yaşadığını, özünün isə qalacaq yerinin olmadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddanı qəbul etmədiyini, öz adına olan torpaq sahəsində 2009-cu ildə öz vəsaiti ilə ev tikdiyini, oğlu Həsənov Məhərrəmin 2010-cu ildə evləndikdən bir neçə il sonra gəlini ilə birlikdə orada yaşamağa başladıqlarını, evin abadlaşdırılmasının da onun vəsaiti hesabına olduğunu, hazırda həmin evi sənədləşdirdiyini, oğlu ilə nikahlarının pozulmasının səbəbkarının iddiaçının özü olduğunu, özünün dəfələrlə onu fikrindən daşındırmağa çalışsa da onun fikrindən dönmədiyini, ailəsinin dağılacağı təqdirdə iddiaçıya qalacaq yerinin olmayacağını bildirdiyini, anasının ona sahib çıxacağını vəd etdiyini, lakin indi verdiyi vədləri yerinə yetirmədiyini, iddiaçının məhkəmədə alimentin artırılması ilə bağlı iddia qaldırdığını, alimentin miqdarının artırılaraq 260 manat miqdarında qət olunduğunu, oğlunun qətnamədən apellyasiya şikayəti versə də qətnamənin dəyişdirilmədən qüvvədə saxlanıldığını, oğlunun 2-ci qrup əlil olduğu üçün özünün alimenti ödəməkdə ona köməklik etdiyini, bu məbləğin onun başqa yerdə kirayədə yaşamağına imkan verdiyini, iddiaçının ona aid olan evdə yaşamasını istəmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-cu il tarixli AZ-İİ № 669027 seriyalı və xx.xx.2014-cu il tarixli AZ-İİİ № 077591 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və X4 xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş Cavabdeh Məhərrəm oğlunun valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 221898 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən və Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-26/2020 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı və X4 arasında xx.xx.2012-ci il tarixli 54 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(110)-97/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh X2 Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-26/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin qismən təmin edildiyini, X1 hər ay sabit pul məbləğində bir uşaq üçün 80 manat olmaqla, ümumlikdə,160 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş Cavabdeh Məhərrəm oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-66/2021 nömrəli qətnamədən çıxarışdan görünür ki, X1 hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, ümumlikdə, 260 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş Cavabdeh Məhərrəm oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Şərur rayon Kürkənd kəndində yerləşən 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh adına **********62-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2012-ci ildə cavabdehin oğlu X4 ilə nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Birgə nikahda olduqları müddətdə qayınatası Cavabdeh məxsus digər həyətyanı torpaq sahəsində olan yarımtikili evə köçərək orada yaşamağa başlamışlar. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-26/2020 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehin oğlu ilə nikahı pozulmuşdur. Həmin vaxtdan da iddiaçı cavabdehə məxsus Şərur rayon Kürkənd kəndində yerləşən 0,1009 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Həmin yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə **********62-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış və Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-66/2021 nömrəli qətnaməsi ilə 260 manat miqdarında aliment qət olunmuşdur. X4 həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin qətnamə dəyişilmədən qüvvədə saxlanılmışdır. İddiaçı ata-anasının ayrıldığını, onlarla birlikdə yaşamağın mümkün olmadığını, başqa qalacaq yerinin olmadığını əsas gətirərək həmin evdə uşaqların yetkinlik yaşına çatanadək mənzildən istifadə hüququnun tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli plenum qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli plenum qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli plenum qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin faktiki hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edərkən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus yaşayış sahəsinə yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 2009-cu il tarixdən sonra köçdüyündən, cavabdehin keçmiş gəlini olduğundan və hazırda cavabdehin ailə hüquq münasibətləri baxımından iddiaçını saxlamaq vəzifəsi olmadığından və mülkiyyətçi ilə birlikdə yaşamadığından iddia tələbinin qanuni əsası yoxdur və buna görə də iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüqunun tanınması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar