Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-212/2023 28.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə olan manelərin aradan qaldırlması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-142 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.96 ha torpaq sahəsini boşaldılması və torpaqdan istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə 0.96 ha təsərrüfat təyinatlı torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsinə JN-142 nömrəli 10214028 kod ilə torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə verildiyini, atası X1 2011-ci ildə, anasının isə 2014-cü ildə vəfat etdiklərini, ailəsi ilə birlikdə Türkiyə Respublikasında olduğundan həmin torpaq sahəsini əkib-becərmədiyini, həmin torpaq sahəsini icarəyə vermək üçün Türkiyə Respublikasından gəldiyində torpağı həmkəndlisi Cavabdeh istifadəsində olduğunu öyrəndiyini, bunun səbəbini soruşanda torpağı aldığını dediyini, burada olmadığından kimdən və necə aldığını soruşanda qardaşı Sultanov Müslümün torpağı ona 2000 manat müqabilində satdığını, torpağın sənədini də ona verdiyini bildirdiyini, ona torpağın özünə və ailəsinə məxsus olduğunu, burada olmadıqlarından istifadə edərək sənədi evlərindən götürdüyünü, qardaşının həmin torpaq sənədində adının olmadığını bildirərək torpaq sahəsini geri qaytarmasını istədiyini, lakin Bəhrəmin torpağı 2000 manata satın aldığını bildirərək buna yanaşmadığını, ona dəfələrlə pulunu Müslümdən tələb etməsini və torpağından ona geri qaytarılmasını tələb etsə də buna nail ola bilmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq cavabdehin torpaq sahəsini 7 il bundan öncə qardaşı Müslümdən aldığını, bundan 3 il keçdikdən sonra xəbərinin olduğunu, cavabdehə pulunu qaytarıb torpaq sahəsini geri qaytarmağını təklif etsə də, cavabdehin onunla razılaşmadığını, cavabdehin 2000 manatı qardaşı Müslümə verdiyini, həmin torpaq sahəsində valideynlərinin, özünün və 4 bacısının adının qeyd olunduğunu, qardaşı Müslümün Alışar kəndində qeydiyyatda olduğu üçün ona oradan torpaq sahəsi verildiyini, torpaq sahəsi satılan zaman özünün və bacılarının razılığının alınmadığını, bacısının ikisinin Türkiyədə, digər ikisinin isə Bakı şəhərində yaşadıqlarını, onların da torpağın satılmasına razı olmadıqlarını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddiaçının yerini icarəyə götürüb əkdiyini, iddiaçının qardaşı Müslümün əmisi ilə gələrək pula ehtiyacı olduğundan torpaq sahəsini satmaq istədiyini bildirdiyini, həmin torpaq sahəsinə 2450 manat ödədiyini, 7 ildir ki, onun istifadəsində olduğunu, həmin vaxtı torpağın satılmasında hamısının razılığı olduğunu Müslümün ona bildirdiyini, həmin vaxtı Zaminin və bacılarının Türkiyədə olduğunu, iddiaçının bacılarının zəng edərək torpağın satılmasına razı olduqlarını bildirdiklərini, torpağın sənədlərinin ona verildiyini, lakin adına rəsmiləşdirmədiyini, pulunu qaytarma şərtilə onların torpağını geri qaytaracağını, 2450 manat pulu Müslümə verdiyini, mülkiyyət sənədində adı olan şəxsərin razılığı barədə sübutunun olmadığını bildirmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında torpaq üstündə qardaş-bacılar arasında söz-söhbət olduğunu, 7 il bundan öncə Müslümün Bəhrəmə torpaq sahəsini satdığını, həmin söhbətdə böyük kimi iştirak etdiyini, Zaminin Bəhrəmin pulunu qaytararaq torpağı geri almaq istədiyini ona bildirdiyini, həmin vaxtı 2000 manat pulu Müslümün göndərdiyini, bunu Bəhrəmin oğluna bildirəndə o atası ilə razılaşmalarını bildirdiyini, Bəhrəmin isə onlarla razılaşmayaraq torpağın qiymətinin artdığını bildirdiyini, Bəhrəmin həmin torpaq sahəsini 7 il ərzində əkib-becərərək fayda götürdüyünü, onun yanında Müslümə pul verilmədiyini, Müslümün 800 manatı Bəhrəmin, 1200 manat isə cavabdehin oğlunun verdiyini ona bildirdiyini, Zaminin böyük bacısı Qaratelin o zaman torpağın satılmasına razı olduğunu bildirdiyini, lakin Qaratelin və Müslümün həmin torpaq sahəsində payının olmadığını, Müslümün Alışar kəndində qeydiyyatda olduğundan onun başqa torpaq sahəsində payının olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2000-ci il tarixli JN:142 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Muğanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X9, X7, X3, İddiaçı, X8, X4, X2 məxsusdur. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 436593 və AZ-İ № 437472 nömrəli ölüm akt qeydindən çıxarışlardan görünür ki, X11 xx.xx.2011-ci il tarixdə, X7 isə xx.xx.2014-cü il tarixdə ölmüşdürlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçının qardaşı X10 arasında mübahisəli torpağa dair şifahi olaraq alqı-satqı barədə razılığa gəlinmiş və torpaq cavabdehin istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsində X10 paylı mükiyyətçi kimi qeyd olunmamışdır. Bu zaman paylı mülkiyyətçilərin heç birinin yazılı razılığı alınmadığından yazılı formada alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdehin torpaq sahəsinin müqabilində 2000 manatı Müslümə verməsini şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Cavabdehin izahatında qeyd etdiyi hallarla, yəni ümumi mülkiyyətdə payı olan şəxslərin alqı-satqı barədə razılığının olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsi hazırda ümumi mülkiyyət hüququ əsasında X9, X7, X3, İddiaçı, X8, X4, X2 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış manelər aradan qaldırılmalıdır. Məhkəmə həmçinin Cavabdeh izah edir ki, izahatında qeyd etdiyi hallara dair sübutlar əsasında əsassız varlanma ilə bağlı iddiaçının qardaşı X5 qarşı iddia qaldırmaq hüququ vardır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-142 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş Şərur rayon Muğanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Şərur rayon Muğanlı kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-212/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-212/2023
28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver