Məhkəmə qərarları › İş №2(110)-215/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-215/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-215/2022 12.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan 12.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur Rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 2(110)-171/2009 saylı əmri ilə cavabdehin aylıq qazancına olan nisbətdə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində tutulması, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğində - 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Məhkəməsinin 09.03.2010-cu il tarixli 2(110)-10/2010 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında 16.01.2006-ci il tarixli 01 №-li nikah qeydinin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ləğv edildiyini, bu nikahdan doğulmuş X6 anasının yanında qalmasının müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 2(110)- 171/2009 saylı əmrinə əsasən cavabdehin aylıq qazancının 25%-i, yəni hər növ aylıq qazancının dörddə bir hissəsinin tutularaq birgə nikahdan doğulmuş 12.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsinin müəyyən olunduğunu, cavabdehin bu günə kimi ödədiyi alimentin məbləğinin Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş minimum dolanışıq məbləğindən çox aşağı olduğunu, cavabdehin aliment ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmadığını, hal-hazırda Vadim Mehdiyevin 15 yaşı olduğunu, gündəlik tələbatlarının artdığını, cavabdehin ödədiyi alimentin uşağın tələbatını ödəməyə yetmədiyini, cavabdehin aylıq qazancı və digər gəlirləri barədə hər hansı dəqiq məlumat əldə etməyin iddiaçı üçün çətin olduğunu, cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu, buna görə də iddiaçının aliment məbləğinin cavabdehin aylıq qazancına nisbətdə yox, sabit pul məbləğində tutulmasını daha məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçının nümayəndəsi izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq qızının Türkiyə Respublikasında yaşadığını, orada işlədiyini, uşağın burada onun yanında qaldığını, Fizika - Riyaziyyat təmayüllü liseydə 6-cı sinifdə oxuduğunu, uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, belə ki, maddi vəziyyəti aşağı olduğundan çox aliment ödəməyə imkanı olmadığını, əvvəl aldığı 110 manat pensiyanın 43 manatını aliment olaraq verdiyini, indi pensiyasının 180 manat olduğunu, alimentin miqdarını artıraraq 80 manat ödədiyini, 2009-cu ildə ikinci dəfə evləndiyini, 3 uşağı olduğunu, təsərrüfatında 4 malı olduğunu, heç bir yerdə işləmədiyini, əvvəl anasının pensiyasının onlara maddi kömək olduğunu, lakin 3-4 aydır ki anasının öldüyünü və pensiyasının kəsildiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.11.2009-cu il tarixli AZ-İl № 336700 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 12.12.2007-ci il tarixdə doğulmuş X6 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 2(110)- 171/2009 saylı məhkəmə əmrinin surətindən görünür ki, Şərur rayon Muğanlı kənd sakini Cavabdeh aylıq qazancının 25%-i, yəni hər növ aylıq qazancının dörddə bir hissəsinin tutulub 07.12.2009-cu il tarixdən başlayaraq 12.12.2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.08.2017-ci il tarixli AZ-l № 176332 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı 17.06.2010-cu il tarixdə pozularaq 19 № ilə qeyd olunmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.12.2010-cu il tarixli AZ-l № 515923 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 30.12.2010-cu il tarixdə X7 ilə nikaha daxil olub. İş materiallarında olan AZE № 12045881 seriyalı, AZE № 12045878 seriyalı və AA3041312 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh 22.06.2010-cu il tarixdə doğulmuş X3, 09.11.2011-ci il tarixdə doğulmuş X4 və 09.10.2015ci il tarixdə doğulmuş X5 valideynidir. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 16.08.2006-cı il tarixli 019571 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh llİ qrup əlildir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən cavabdehin əmlak və gəlir məlumatlarının müəyyən olunması məqsədilə verilmiş sorğunun nəticələrindən görünür ki, Cavabdeh 180 manat müavinət alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 12.12.2007-ci il tarixdə X8 doğulmuşdur. Şərur Rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 2(110)-171/2009 saylı məhkəmə əmri ilə cavabdehdən X1 cavabdehin aylıq qazancının ¼-i miqdarında aliment tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir. Tərəflərin nikahı 17.06.2010-cu il tarixdə pozulmuşdur. İddiaçının nümayəndəsi iddiaçının Türkiyə Respublikasında yaşadığını və işlədiyini, uşağın onunla birlikdə yaşadığını və uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ll qrup əlildir və 180 manat müavinət alır. Cavabdehin ikinci nikahından 3 uşağı doğulmuşdur. İddiaçının nümayəndəsi cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh müavinətdən başqa kiçik təsərrüfatla məşğul olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh ll qrup əlil olduğundan 180 manat müavinət alır və eyni zamanda təsərrüfatla məşğul olur. Cavabdehin ümumi gəlirləri qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın iddiaçının anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının nümayəndəsinin üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, lakin eyni zamanda cavabdehin maddi vəziyyətini, cavabdehin ikinci nikahından doğulmuş uşaqların da mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən X2 üçün 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının tələb etdiyi 193 manat aliment cavabdehin gəlirlərinə uyğun deyil və aşkar şəkildə ikinci nikahından olan uşaqların mənafelərinə toxunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 2(110)-171/2009 saylı məhkəmə əmri ilə X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 100 manat miqdarında aliment tutularaq anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22,30 manat (iyirmi iki manat otuz qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 12.12.2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat miqdarında aliment tutularaq anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 22,30 manat (iyirmi iki manat otuz qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar