Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-215/2024 29.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-246/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-439/2019 saylı qətnaməsi ilə cavabdehlə olan xx.xx.1994-cü il tarixli 23 saylı akt qeydi ilə bağlanmış nikahın xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pozulduğunu, bu nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yaşayış yerinin anası Sara Məmmədovanın yanında müəyyən olunması və yetkinlik yaşınadək saxlanılması üçün hər ay cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinin müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(110)-246/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan xx.xx.2011-ci tarixdə doğulmuş X2 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehin ödədiyi alimentin məbləğinin “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə uşaqlar üçün müəyyən olunmuş minimum dolanış məbləğindən çox aşağı olduğunu, alimenti ödəməkdən başqa uşağın digər xərcləri ilə maraqlanmadığını, Zəhranın böyüyüb 14 yaşı olduğunu, orta məktəbdə oxuduğunu və gündəlik tələbatının yetərincə artdığını, uşaqların bütün qayğısını, ehtiyacını tamamilə ananın çəkdiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatları ödəməyin tək qadın üçün çətin olduğunu, ona görə də azyaşlı uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə müəyyən olunmuş yaşayış minimumuna uyğun artırılmağını, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Şurasına müraciət etdiklərini, lakin cavabdehin mediasiya sessiyasında iştirak etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında və verdiyi suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, uşaqları ilə birlikdə Türkiyədə yaşadığını, birinci qızının ailəli olduğunu, lakin uşağı ilə birlikdə onunla yaşadığını, ikinci qızının nişanlı olduğunu, üçüncünun isə məktəbə getdiyini, təkcə özünün işlədiyini, aldığı əmək haqqı onların saxlanmasına kifayət etmədiyini, cavabdehin Türkiyədə işləyibişləməməsi barədə heç bir məlumatının olmadığını, təyin olunan 140 manat alimenti ödədiyini bildirərək iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İV 628194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 420312 nömrəli çıxarışdan görünür ki, tərəflərin nikahı xx.xx.2019-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 246/2022 saylı qətnaməsindən görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün hər ay aylıq 140 manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 3 uşaqları doğulmuşdur. Uşaqlardan ikisi yetkinlik yaşına çatıb. Şərur Rayon Məhkəməsinin 2(110)-246/2022 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki- Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19,80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-246/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Yengicə kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 19,80 manat (on doqquz manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-215/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-215/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver