Məhkəmə qərarları › İş №2(110)-221/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-221/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-221/2023 17.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və qızı X1 mülkiyyətində olan torpaq sahəsini boşaldılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onların birgə yaşadıqları dövrdə keçmiş həyat yoldaşı X3 adına 1063 m2 torpaq sahəsi verildiyini, onun üzərində birgə nikah dövründə fərdi yaşayış evi tikdiklərini, həmin evin Muqbilin adına daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığını, aralarında mübahisələr yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-450-2022 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə etdikləri ev və torpaq sahəsinin bölündüyünü, Daşınmaz əmlakın dövlət reyesterində həmin əmlaka paylar üzrə texniki pasport verildiyini, lakin Müqbilin ona və qızı Dilşada verilən torpaq sahəsini öz ərazisi kimi istifadə edərək boşaltmaq istəmədiyini, onun dəfələrlə ona həmin torpaq sahəsinin boşaltmasını, orada olan təsərrüfatına aid əşyalarını götürməsini istəsə də buna yanaşmadığını, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirərək izahatında iddiaçı ilə 2015-ci ildə boşandıqdan sonra həmin torpaq sahəsində 2 otaqlı hazır evi iddiaçıya verdiyini, özünə yenidən ev tikməyə başlasada iddiaçının buna imkan vermədiyini, sonradan məhkəməyə müraciət edərək həmin əmlak üzərində özünün və qızları X1 hər birinin ½ hissədə paylarını müəyyən etdirdiyini, onlar özlərinə düşən payı sənədləşdirərkən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşlarının ona düşən hissəni onların adlarına sənədləşdirdiklərini, torpaq sahəsinin həmin hissəsində onun avadanlıqlarının yerləşdiyini, özünün ailə təsərrüfatçısı kimi həmin hissədə spirtli içkilər istehsal etdiyini, dövlət tədbirlərində iştirak etdiyini, bu cür bölgünün onun hüquqlarını pozduğunu, ona görədə iddia tələbi ilə razılaşmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Çərçiboğan kəndində yerləşən 0.0556 ha torpaq sahəsi və üzərindəki 26.44 kv.metr ölçüdə olan fərdi yaşayış evi X2 və X1 hər birinin adına ½ hissə olmaqla vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Çərçiboğan kəndi ərazisində yerləşən 0.0556 ha torpaq sahəsi və üzərindəki 26.44 kv.metr ölçüdə olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 və X1 hər birinin adına ½ hissə olmaqla dövlət qeydiyyatına alınmışdır. X2 və X1 mülkiyyətində olan torpaq sahəsi haliyədə Cavabdeh tərəfindən qanuni əsaslar olmadan məhdudlaşdırılmaqla istifadə edilir. Həmçinin məhkəmə baxışı zamanı cavabdehin paylı mülkiyyətdə olan əmlakin mübahisələndirilən hissəsinə hər hansı hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının və iddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxsin mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehin maneə yaratması nəticəsində onlar həmin torpaq sahəsi üzərinə sahiblik və ondan istifadə edə bilmirlər. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə iddia təmin edilərək Şərur rayon Çərçiboğan kəndi ərazisində yerləşən 0.0556 ha torpaq sahəsinin İddiaçı və iddiaçı tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 hər birinin ½ hissə pay hüququ ilə mülkiyyətlərində olan hissəsi Cavabdeh tərəfindən boşaldılmalı və torpaqdan istifadəyə olan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, mülkiyyətçilərin daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çərçiboğan kəndi ərazisində yerləşən 0.0556 ha torpaq sahəsinin İddiaçı və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 hər birinin ½ hissə pay hüququ ilə mülkiyyətlərində olan hissəsi Cavabdeh tərəfindən boşaldılsın və torpaqdan istifadəyə olan maneələr aradan qaldırılsın. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar