Məhkəmə qərarları › İş №2(110)-222/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-222/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-222/2022 12.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 06.08.2014-cü il tarixli 2(110)-46/2014 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq 27.11.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşaq üçün 190 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2008-ci ildə nikaha daxil olduqlarını, birgə nikahdan 27.11.2009-cu il təvəllüdlü X3 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən özünün iddia ərizəsi əsasında aralarında bağlanmış nikahın Kəngərli Rayon Məhkəməsinin qətnaməsi ilə 2014-cü ildə pozulduğunu, azyaşlının onun yanında qalmasının müəyyən olunduğunu, Kəngərli Rayon Məhkəməsinin 06.08.2014-cü il tarixli 2(110)-46/2014 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında aliment müəyyən olunduğunu, cavabdehin ayda 60 manat aliment ödədiyini, haliyədə övladının böyüdüyünü, Uğurun orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasıni, istirahətini, təhsilini təmin etməyə kifayət etmədiyini, özünün heç bir yerdə işləmədiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, uşağın atasının uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında razılığa gələ bilmədiklərini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq evli olanda cavabdehin işləmədiyini, onun ailəsi ilə birlikdə qaldıqlarını, valideynlərinin pensiyası hesabına dolandıqlarını, indi cavabdehin Türkiyə Respublikasında yaşadığını, atasının öldüyünü, anasının isə Türkiyədə onunla yaşadığını, cavabdehin gəlib uşağını görmədiyini, təyin edilmiş alimentdən borcunun qalmadığını, indi uşağın 13 yaşı olduğunu və uşağın tələbatlarını ödəmkdə çətinlik çəkdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişini cavabdehin qeydiyyatda olduğu yerin icra nümayəndəliyi qəbul etmiş, icra nümayəndəliyinin arayışına əsasən cavabdeh ərazidə yaşamadığından məhkəmə sənədinin telefon vasitəsilə cavabdehin qardaşına göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli AZ-İV № 627844 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 27.11.2009-cu il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Kəngərli Rayon Məhkəməsinin 06.08.2014-cü il tarixli 2(110)- 46/2014 saylı qətnaməsindən çıxarışdan görünür ki, 06.03.2014-cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə biri aliment kimi tutularaq 27.11.2009-cu il tarixdə doğulmuş X2 üçün İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 27.11.2009-cu il tarixdə X4 doğulmuşdur. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən ayrı yaşayırlar. Kəngərli Rayon Məhkəməsinin 06.08.2014-cü il tarixli 2(110)-46/2014 saylı qətnaməsi ilə cavabdehdən X1 cavabdehin aylıq qazancının ¼-i miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. AZEMİS Elektron məhkəmə informasiya sistemindən edilmiş sorğuya əsasən cavabdehin rəsmi qazancı, gəlirləri və əmlakı barədə məlumat olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Lakin, məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən X2 üçün 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli 2(110)-34/2017 saylı qətnaməsi ilə X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 140 manat miqdarında aliment tutularaq anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 36,80 manat (otuz altı manat səksən qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Kəngərli rayon Yurdçu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 27.11.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq anası Şərur rayon Xələc kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh üzrə 36,80 manat (otuz altı manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar