Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-225/2021 30.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-137/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 150 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi tərəflərin arasında nikahın olmadığından uşağın atalığının müəyyən olunduğunu, yetkinlik yaşına çatmayan X2 onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsi tərəfindən qət edilmiş bir uşağın saxlanması üçün 120 manat aliment təyin edildiyini, bu məbləğin kifayət etmədiyini, uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və verilmiş suallara cavabında cavabdehlə 2012-ci ildə evləndiklərini, birgə nikaha daxil olmadıqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2013-cü il tarixdə X2 doğulduğunu, nikahları olmadığından uşağa atalığın müəyyən olunduğunu, evləndikdən sonra ailə münasibətlərinin bir müddət keçdikdən sonra soyumağa başladığını, 6 ildir ki, ayrıldıqlarını, hal-hazırda ayrı yaşadıqlarını, yetkinlik yaşına çatmayan qızının onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün 120 manat miqdarında aliment tutulduğunu, cavabdehin alimenti vaxtı-vaxtında ödədiyini, bu məbləğin uşağın saxlanılmasında kifayət etmədiyini, əlavə olaraq heç bir köməklik etmədiyini, uşağının ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, xəstə olduğuna görə də heç bir yerdə işləmədiyini, cavabdehin təsərrüfatla məşğul olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçı ilə 2012-ci ildə evləndiklərini, birgə nikaha daxil olmadıqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2013-cü il tarixdə X2 doğulduğunu, nikahları olmadığından uşağa atalığın müəyyən olunduğunu, 2-ci dəfə evləndiklərini, heç bir yerdə işləmədiyini, fərdi təsərrüfatla məşğul olduğunu, alimenti vaxtı-vaxtında ödədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 462696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 240686 nömrəli atalığın müəyyən olunması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası Cavabdehdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(110)-137/2020 nömrəli qətnamədən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Kürçülü kənd İƏDN-in xx.xx.2021-ci il tarixli 124 nömrəli arayışından görünür ki, Cavabdeh heç bir dövlət müəssisəsində işləmir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında nikah olmadığından atalıq müəyyən olunmuşdur. Tərəflər arasındakı faktiki ailə münasibətləri bitmişdir. Yetkinlik yaşına çatmayan uşaq anası ilə birlikdə yaşayır. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat miqdarında alimentin ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya alimentdən başqa maddi köməklik göstərmir, uşağın saxlanılması üçün isə 120 manat aliment kifayət etmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, lakin onun təsərrüfatla məşğul olduğunun bildirmişdir. Cavabdeh də heç bir yerdə işləməməsi ilə bağlı arayışını məhkəməyə təqdim etmiş, lakin fərdi təsərrüfatla məşğul olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir. Lakin məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment alınaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Kürkənd kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 28 (iyirmi səkkiz) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Kürçülü kəndində yaşayan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment alınaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Kürkənd kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq 28 (iyirmi səkkiz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-225/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-225/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver