Məhkəmə qərarları › İş №2(110)-237/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-237/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-237/2022 28.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(110)-693/2021 saylı qətnaməsi ilə Cavabdeh X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul miqdarında alimentin artırılaraq hər ay bir uşaq üçün 193 manat miqdarında tutularaq uşaq yetkinlik yaşına çatanadək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 27.08.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənib xasiyyətləri uyğun gəlmədiyindən aralarındakı nikahın Şərur Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli 2(110)-257/2015 saylı qətnaməsi ilə pozulduğunu, birgə nikahdan 29.07.2012-ci il tarixdə ilə X4 doğulduğunu, 04.10.2021-ci il tarixdə onun iddia ərizəsi əsasında Şərur Rayon Məhkəməsində aliment tələbinə dair iddianın qismən təmin olunmaqla Cavabdeh hər ay sabit məbləğdə 140 manat alimentin tutularaq ona ödənilməsi barədə 2(110)-693/2021 saylı qətnamə qəbul edildiyini, 2012-ci ildə uşaq doğulandan 3 ay sonra Türkiyə Respublikasına işləmək üçün getdiklərini, 1 ildən sonra cavabdehin 1 il ərzində topladıqları pulu da götürərək ona xəbər vermədən Naxçıvan Muxtar Respublikasına qayıtdığını, bir müddətdən sonra isə başqa bir qadınla ailə qurduğunu, özü müəyyən səbəblərdən Azərbaycana gələ bilmədiyindən yalnız 2021-ci ildə bura gələrək aliment tələbi ilə bağlı iddia verdiyini, həmin illər ərzində cavabdehin övladı ilə maraqlanmadığını, ona heç bir maddi köməklik göstərmədiyini, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin uşağın tələbatlarını ödəmədiyini, özünün təkbaşına övladının tələbatını ödəyə bilmədiyini, ona görə də alimentin miqdarının artırılmasını istədiyini göstərmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq 2005-ci ildən Türkiyə Respublikasında yaşadığını, cavabdehlə Türkiyədə tanış olub evləndiklərini, 6 ay əvvəl buraya qayıtdığını, 10 ildir ki uşağı tək saxladığını, cavabdehin 2021-ci ildən aliment ödədiyini, son 2 aydır ki aliment borcunu ödəmədiyini, özü işləsə də uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, 300 manata yaxın maaş aldığını, hal-hazırda anası ilə birlikdə yaşadığını bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddiaçı ilə 2010-cu ildə rəsmi nikaha daxil olduqlarını, yola getmədikləri üçün özünün iddia ərizəsi əsasında ondan ayrıldığını, 2016-cı ildə yenidən nikaha daxil olduğunu, ikinci nikahından 2 övladının doğulduğunu, indi Şərur rayon Çəmənli kəndində atası, qardaşı, özü, arvadı və 2 uşağının birgə yaşadıqlarını, atasının pensiya almadığını, özünün heç bir yerdə işləmədiyini, təsərrüfatla məşğul olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.09.2012-ci il tarixli AZ-İl № 670282 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 29.07.2012-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan 12.08.2021-ci il tarixli Az-l № 400656 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 19.08.2015ci il tarixdə pozulub. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(110)- 693/2021 saylı qətnaməsindən görünür ki, 08.09.2021-ci il tarixdən hesablanmaqla 29.07.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 140 manat sabit pul miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan 19.12.2016-cı il tarixli Az-l № 882526 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19.12.2016-cı il tarixdə X2 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11.09.2017-ci il tarixli Az-lll № 959751 seriyalı və 07.08.2020-ci il tarixli Az-lV № 463286 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ikinci nikahından 28.04.2016-cı il tarixdə X6 və 25.05.2020-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Çəmənli Kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş 28.04.2022-ci il tarixli 61 nömrəli arayışdan görünür ki, Cavabdeh heç bir idarə və müəssisədə işləmir, kənd təsərrüfatı ilə məşğuldur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 29.07.2012-ci il tarixdə X7 doğulmuşdur. Tərəflərin nikahı 19.08.2015-ci il tarixdə pozulub. Şərur Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli qətnaməsi ilə X1 üçün hər ay 140 manat sabit pul miqdarında aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh 19.12.2016-cı il tarixdə yenidən nikaha daxil olmuş və ikinci nikahından 2 uşağı doğulmuşdur. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməmişdir. Cavabdehin izahatından və təqdim etdiyi arayışdan məlum olur ki, o hazırda fərdi təsərrüfatla məşğuldur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Lakin, məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda cavabdehin maddi vəziyyətini, onun ikinci nikahından doğulan uşaqlarının da mənafeyini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən X1 üçün 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(110)-693/2021 saylı qətnaməsi ilə X1 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 150 manat miqdarında aliment tutularaq anası ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 5,70 manat (beş manat yetmiş qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 29.07.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq anası ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 5,70 manat (beş manat yetmiş qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar