Məhkəmə qərarları › İş №2(110)-244/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-244/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-244/2022 23.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı Şahin qızının iştirakı ilə İddiaçı Şahin qızının Cavabdeh Ayaz oğluna qarşı “alimentin ödənilməsi qaydasının dəyişdirilməsi tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Şahin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ayaz oğlundan 31 mart 2008-ci il təvəllüdlü X6 və 17 iyul 2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(110)-244/2021 saylı qətnaməsində qət edilmiş qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında nəzərdə tutulmuş alimentin ödənilməsi qaydasının və icrası üsulunun dəyişdirilərək hər uşaq üçün 193 manat ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlə 22 iyin 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, birgə nikahdan 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X4 dünyaya gəldiyini, ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətlərinin pisləşdiyini və birlikdə birgə təsərrüfat aparmalarının qeyri-mümkün hala gəlib çıxdığını, Cavabdeh Şərur rayon Məhkəməsinə nikahının pozulması uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentin müəyyən edilməsi tələbi ilə müraciət etdiyini, özünün Bakıda yaşadığı və işlədiyi üçün məhkəmə prosesində iştirak edə bilmədiyini, Şərur Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(110)- 244/2021 saylı qətnaməsi ilə nikahının pozulduğunu, birgə nikahdan olan övladlarının yaşayış yerinin onun yanında qalmasının müəyyən edildiyini və 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X1 üçün özünün xeyrinə Cavabdeh Ayaz oğlundan hər ay qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında 11 fevral 2021-ci il tarixdən alimentin tutulmasının qət edildiyini, məhkəmə tərəfindən alimentin cavabdehin gəlirinə yönəldilməsi Cavabdeh Ayaz oğlunun sabit iş yerinin olmaması qazancının qeyri müntəzəm olması əsasən mülki hüquqi müqavilə əsasında binalarda təmir işləri ilə məşğul olmasının bir sıra çətinliklər yaratdığını, ona görə də Şərur Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(110)-244/2021 saylı qətnaməsinin icra üsulu dəyişdirilərək sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi hesab etdiyini bildirərək, Cavabdeh Ayaz oğlundan 31 mart 2008-ci il təvəllüdlü X6 və 17 iyul 2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(110)-244/2021 saylı qətnaməsində qət edilmiş qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında nəzərdə tutulmuş alimentin ödənilməsi qaydasının və icrası üsulunun dəyişdirilərək hər uşaq üçün 193 manat ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında məhkəmənin qətnaməsi ilə cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi müəyyən edilsədə Cavabdeh Ayaz oğlunun sabit iş yerinin olmaması, qazancının qeyri-müntəzəm olması, əsasən mülki hüquqi müqavilə əsasında binalarda təmir işləri ilə məşğul olmasının bir sıra çətinliklər yaratdığını, cavabdehin ona ayda iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində aliment ödədiyini, lakin həmin pulun uşaqların təminatı üçün yetərli olmadığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, çünki övladlarının böyüdüyünü, uşaqların böyüdükcə tələbatlarının artdığını, cavabdehin uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərməkdən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ayaz oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Mediator tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, MŞB/6-238 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Şərur rayon Tumaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 iyun 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 31.03.2008-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 17.07.2016-cı il təvəllüdlü X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 2(110)-244/2021 nömrəli 16.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Şərur rayon Tumaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 22 iyun 2007-ci il tarixdə 04 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladları- 31 mart 2008-ci il təvəllüdlü X6 və 17 iyul 2016-cı il təvəllüdlü X7 anası- cavabdeh İddiaçı yanında saxlanılması və 23 aprel 2021-ci il tarixdən hesablanmaqla 31 mart 2008-ci il təvəllüdlü X6 və 17 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 244/2021 nömrəli 16.08.2021-ci il tarixli qətnaməsi ilə 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ayaz oğlundan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı Şahin qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında məhkəmə qətnaməsi ilə cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi müəyyən edilsədə Cavabdeh sabit iş yerinin olmaması, qazancının qeyri-müntəzəm olması, əsasən mülki hüquqi müqavilə əsasında binalarda təmir işləri ilə məşğul olmasının bir sıra çətinliklər yaratdığını, cavabdehin ona ayda 200 manat məbləğində aliment ödədiyini, lakin həmin pulun uşaqların təminatı üçün yetərli olmadığını, haliyyədə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini, çünki övladlarının böyüdüyünü, uşaqların böyüdükcə tələbatlarının artdığını, cavabdehin uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərməkdən boyun qaçırdığını qeyd etmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-244/2021 nömrəli 16.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi qaydası dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2022-ci il ölkə ərazisində yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbini qismən təmin edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-244/2021 nömrəli 16.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi qaydası dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Belə ki, iddiaçı izahatında cavabdehin hər ay iki uşağa görə 200 (iki yüz) manat məbləğində aliment ödədiyini bildirmişdir ki, belə olan təqdirdə də hazırkı iddianın artırılmış məbləği 80 manat olması müəyyən olunur ki, bu da il ərzində 960 manat (80x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Ayaz oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-244/2021 nömrəli 16.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi qaydası dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 31.03.2008-ci il təvəllüdlü X6 və 17.07.2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar