Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-258/2023 06.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-649/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün hər ay 150 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2010-cu ildə evləndiklərini, nikahlarının qeydiyyat şöbəsində qeydə alındığını, birgə nikahdan xx.xx.2011-ci il tarixdə X4 doğulduğunu, bir müddət keçdikdən sonra ilə münasibətlərinin soyuyaraq tamamilə kəsildiyini, nikah pozulmasa da faktiki olaraq 11 il olar ki ayrı yaşadıqlarını, cavabdehin birinci evləndiyi qadınla və ondan olan uşaqları ilə birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-649/2017 saylı qətnaməsi ilə bir uşağın saxlanılması üçün hər ay 70 manat miqdarında alimentin kəsildiyini, cavabdehin hər ay 70 manat alimenti ödədiyini, bundan başqa uşağın maddi vəziyyəti ilə maraqlanmadığını, əlavə heç bir köməklik etmədiyini, uşağın böyüdüyünü, cavabdehin ödədiyi aliment uşağın tələbatını ödəməyə yetmədiyini, cavabdehin haliyədə nə işlə məşğul olduğunun ona məlum olmadığını, qazancı barədə məlumatı olmadığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdehlə 12 ildir ki ayrı yaşadıqlarını, onu döyüb evdən qovduğunu, 12 ildir ki, uşağı tək saxladığını, uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin əvvəlki qətnamə üzrə müəyyən olunmuş 70 manat alimentdən başqa heç bir köməklik etmədiyini, özünün heç bir yerdə işləmədiyini, uşağın 6-cı sinifdə oxuduğunu, Siyaqut kəndində anasının yanında qaldığını, anasının pensiyası ilə uşağın tələbatlarını ödədiyini, atasının uşağı gəlib görmədiyini və maraqlanmadığını bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, evli və 3 uşağının olduğunu, heç bir yerdə işləmədiyini, 100 manatdan artıq aliment ödəməyə imkanının olmadığını, anasının pensiyası ilə alimenti ödədiyini, iddiaçı uşağı ona göstərmədiyini, birinci nikahdan olan uşaqlarının onun yanında yaşadıqlarını, onların yetkinlik yaşına çatdıqlarını, üçüncü evliliyindən də 1 qızının olduğun, 2000 kv.m torpağını əkib-becərdiyini bildirərək iddianın qismən təmin olunması xahiş etmişdir. İddiaçı cavabdehin izahatında göstərilənləri nəzərə aldığını, lakin 100 manat deyil, 130 manat alimentin tutulmasına razı olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Siyaqut kənd İƏDN tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 514693 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olub. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İl № 665648 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)- 649/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat miqdarında alimentin tutularaq anası İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X6 doğulmuşdur. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən ayrı yaşayırlar. Şərur Rayon Məhkəməsinin 2(110)-649/2017 saylı qətnaməsi ilə X2 üçün hər ay 70 manat miqdarında aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməmişdir. Cavabdeh işləmədiyini, anasının pensiyası ilə keçindiyi, sonuncu nikahdan bir azyaşlı övladının olduğunu bildirmişdir və bu hallar iddiaçı tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdehin 130 manat ödəməsinə razı olduğunun bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib cavabdehin iş yerinin olmammasını, himayasində sonuncu nikahdan olan bir azyaşlı uşağının olmasını, lakin eyni zmanda uşağın anasının yanında yaşamasını və uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, habelə iddiaçının məhkəmə iclasında 130 manat alimentin tutulmasına razı olmasını nəzərə aldığından cavabdehdən X3 üçün 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-649/2017 saylı qətnaməsi ilə X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 130 manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22,5 manat (iyirmi iki manat əlli qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-649/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Siyaqut kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22,5 manat (iyirmi iki manat əlli qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-258/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-258/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver